RU

Cənubi Qafqazda siyasi şahmat: Moskva, Vaşinqton və Ankara oyunda -ANALİZ

Hasan Oktay: Bütün bu geosiyasi balanslar nəzərə alındıqda Türkiyənin təklifinin daha ağıllı və məntiqli bir yol xəritəsi olduğu görünür

Tramp və Putinin strateji, siyasi addımları qarşısında Gürcüstan, Ermənistan və Azərbaycanın daha ehtiyatlı, sabit və sülh yönümlü siyasət aparmaları vacibdir


Cənubi Qafqaz regionu son illərdə böyük geosiyasi dəyişikliklərin və diplomatik təşəbbüslərin mərkəzinə çevrilib. Gürcüstan, Ermənistan və Azərbaycan kimi ölkələr bu mürəkkəb proseslərdə öz mövqelərini qorumağa və regional sabitliyə töhfə verməyə çalışırlar. Regionda baş verən siyasi hadisələr və beynəlxalq güclərin artan marağı, Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərinin aktuallığını daha da artırır.
Bu çərçivədə Gürcüstan-Rusiya münasibətləri, ABŞ-nin təşəbbüsü ilə planlaşdırılan Ermənistan-Azərbaycan görüşü və Türkiyənin irəli sürdüyü üçtərəfli sülh təşəbbüsü regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"8 iyul 2008-ci ildə Rusiyanın Tbilisiyə qarşı həyata keçirdiyi hərbi əməliyyat və Saakaşviliyə qarşı apardığı mübarizədə qazandığı uğur, NATO və Qərbə qarşı siyasətində mühüm mərhələ oldu. Bu hadisədən sonra Rusiya Gürcüstanda Bidzina İvanişvili vasitəsilə apardığı siyasətlə təsirini artırdı və bu istiqamətdə kifayət qədər uğur əldə etdi.
Gürcüstanda keçirilmiş son seçkilərdə müxalifət Rusiyapərəst iqtidarın seçkiləri saxtalaşdırdığını iddia edərək etiraz aksiyalarına başladı. Bu aksiyalar bu gün də davam etməkdədir. Hakimiyyət bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək istədiyini bildirsə də, əslində bu istiqamətdə ciddi və konkret addımlar atmır. Əvəzində Rusiya ilə daha davamlı bir siyasət yürüdür. Rusiya isə Gürcüstandakı bu həssas vəziyyəti yaxşı qiymətləndirərək Ukraynada yaşadığı böhran kimi bir vəziyyətlə üzləşməmək üçün daha balanslı bir siyasət həyata keçirir". 

Politoloq Ukrayna böhranının Rusiya üçün ciddi risk və təhlükə yaratdığını söyləyib: 
"Rusiya eyni vəziyyəti Cənubi Qafqazda yaşamamaq üçün Gürcüstan kimi yaxşı tanıdığı ölkələrdə fərqli metodlarla fəaliyyət göstərir.
Bu gün ABŞ-da keçirilməsi planlaşdırılan Ermənistan-Azərbaycan-Tramp üçtərəfli görüşü Rusiyaya qarşı əhəmiyyətli bir geosiyasi addım kimi qiymətləndirilir. Lakin Trampın xüsusi nümayəndəsi Vitkofun Moskvaya göndərilməsindən sonra Putin buna cavab olaraq Tramp-Putin ikitərəfli görüşünü gündəmə gətirdi. 
Görüşlə bağlı yayılan ilk məlumatlarda barış sazişi və hətta Zəngəzur dəhlizinin ABŞ-nin idarə etməsi ehtimalı müzakirə edilirdi. Ancaq Putinin bu diplomatik addımından sonra indi sadəcə "xoşməramlı danışıqlar çərçivəsi"nin imzalanması gündəmdədir.
Belə bir şəraitdə, Tramp və Putinin strateji, siyasi addımları qarşısında Gürcüstan başda olmaqla Ermənistan və Azərbaycanın daha ehtiyatlı, sabit və sülh yönümlü siyasət aparmaları vacibdir".

Ekspert Türkiyənin Ermənistan-Azərbaycan-Türkiyə üçtərəfli sülh təşəbbüsünun və bu sülhün heç bir ilkin şərt olmadan İstanbulda imzalanması çağırışının bölgədə sülh və sabitlik üçün son dərəcə önəmli və dəyərli bir addım olduğunu bildirib:
"Trampın bölgəyə sülh gətirmək və ya dəhliz açmaq təşəbbüsləri Cənubi Qafqazda təzyiqləri daha da artıracaqdır. Rusiya Ukrayna böhranının yaratdığı sindromla Cənubi Qafqaza daha çox diqqət ayıracaq. Bunun ilk əlamətləri artıq Gürcüstanda müşahidə olunur. Eyni zamanda Ermənistan və Azərbaycan üzərindəki təzyiqlər də artmaqdadır.
Digər tərəfdən İran öz şimalından keçəcək Amerika nəzarətində bir yolun milli təhlükəsizliyinə təhdid olduğunu düşünəcək və bu prosesi pozmaq üçün əlindən gələni edəcəkdir.
Bütün bu geosiyasi balanslar nəzərə alındıqda Gürcüstan-Rusiya münasibətləri, Tramp-Əliyev-Paşinyan görüşü və Türkiyənin üçtərəfli sülh təşəbbüsü müqayisəli şəkildə analiz edildikdə Türkiyənin təklifinin daha ağıllı və məntiqli bir yol xəritəsi olduğu görünür".
Избранный
28
50
sherg.az

10Источники