Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər. "ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir", - məlumatda qeyd olunur. Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək. *** Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqust 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Məlumata əsasən, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur. Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik