RU

"İxrac imkanlarının genişləndirilməsi üçün BTC-nin yaradılmasına ehtiyac var" - QHT sədri

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib ki, qida sənayesi məhsulları ixrac baxımından geniş potensiala malikdir.

Onun sözlərinə görə, hazır ət məhsulları və yarımfabrikatlar daxil olmaqla bu sahədə ixrac imkanları mövcuddur və ölkədə inkişaf etdirilə bilər:

"Sərmayə qoymaqla və yerli sahibkarlığın inkişafına dəstək göstərməklə, qeyri-istehsalda istifadə olunan bəzi xammalların idxalında gömrük və digər rüsumlardan azadolma yolu ilə imkanlar yaradılması mümkündür. Azərbaycanın gələcək perspektivləri sırasında İKT sahəsi, turizm sektoru və oyun biznesi sahəsində də yeni imkanlar mövcuddur."

Ruslan Atakişiyev ixrac imkanlarının genişləndirilməsi üçün beynəlxalq təcrübədə mövcud olan BTC-lərin (beynəlxalq ticarət cəmiyyətlərinin) ölkəmizdə də yaradılmasına ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, sənaye klasterlərinin formalaşdırılması, iri müəssisələrin ətrafında digər müəssisələrin birləşdirilməsi, ixrac terminallarının genişləndirilməsi və gömrük-keçid məntəqələrində məhsulların daha asan şəkildə keçirilməsi bu sahədə mühüm addımlardandır.

"İxrac olunan məhsulların satışından əldə olunan gəlirlərin ölkəyə gətirilməsi ilə bağlı qoruyucu vaxt müddətinin məhsul növünə görə fərqli yanaşmalarla müəyyən edilməsi vacibdir. Gömrük sahəsində məhsulun bəyan olunması, bəyan olunmuş məhsulun xammalının gətirilməsinin sadələşdirilməsi, daha çox “yaşıl zona”dan keçirilməsi imkanlarının artırılması və tətbiq dairəsinin genişləndirilməsi də önəmlidir” – deyə QHT sədri qeyd edib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
23
qht.az

1Источники