RU

Naxçıvanın qədim hamamları yalnız keçmişin daş yaddaşı deyil

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək. Artıq abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə nazirlik tərəfindən elan olunmuş satınalma yekunlaşıb. Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-yə tapşırılıb.

Milli Məclisin depuatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanın zəngin mədəni irsi içərisində xüsusi yer tutan qədim hamamlar həm tarixi, həm də memarlıq baxımından böyük əhəmiyyət kəsb edir: “Əsrlər boyunca Şərq xalqları üçün hamamlar yalnız gigiyenik deyil, həm də mənəvi paklanma məkanı sayılmışdır. İnsanlar bu məkanlara təkcə yuyunmaq üçün deyil, həm də günahlardan təmizlənmək, dualar etmək, xına mərasimləri keçirmək və su ilə əlaqədar müxtəlif ritualları icra etmək üçün gələrdilər. Bu baxımdan, hamamlar bir növ “məbəd” kimi qəbul edilirdi. Bir sözlə, bu məkanlar olum və ölüm sahəsinin ritorik platforma rolunu oynayırdı”.

Milli Məclisin deputatı vurğuladı ki, Azərbaycanda tikilmiş hamamlar müxtəlif memarlıq üslublarında olsa da, onlara xas olan ümumi cəhətlər mövcuddur: “Bu tikililər adətən günbəzli konstruksiyaya malik olur, daxilində soyunma zalı, çarhovuzlu yuyunma sahəsi, xidmət otaqları və xəzinə (istilik sistemi) yerləşir. İstilik isə əsasən yeraltı təbii su yolları — kəhrizlər vasitəsilə təmin edilirdi. Bəzi hamamlar bircə şamla qızdırılır və uzun müddət isti suyu saxlayacaq şəkildə tikilirdi. Azərbaycanın bu sahədəki irsi daha geniş və sistemli şəkildə “Hamam mədəniyyəti” adlı ilk kitab-albomda toplanmışdır. Akademik Nailə Vəlixanlının redaktorluğu, dosent Gülzadə Abdulovanın elmi məsləhəti və Nurəngiz Qarayeva tərəfindən yazılmış mətnlər əsasında hazırlanan bu əsərdə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı hamam nümunələri təqdim olunmuşdur”.

Ü. Həmzəyeva daha sonra qeyd etdi ki, qədim diyar Naxçıvan diyarında da əsrarəngiz memarlıq üslubu ilə seçilən hamamlar mövcuddur: “Bu bölgənin müxtəlif kəndlərində yerləşən hamamlar həm funksionallığı, həm də memarlıq cəhətdən diqqətəlayiqdir. Yeri gəlmişkən qeyd edim ki,  hazırda “Naxçıvanın qədim hamamları” adlı kitab üzərində iş aparılır. Əsas tədqiqat obyektləri Ordubad rayonunun kəndlərindəki hamamlarla yanaşı, Babək rayonunun Nehrəm qəsəbəsi, Kəngərli rayonunun Qarabağlar, Xök, Şahtaxtı kəndləri, Şərur rayonunun Yengicə və Sədərək kəndlərində yerləşən hamamlardır. Bu layihə memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev, sənətşünas Nizami Əliyev və memar Heydər Əhmədov tərəfindən həyata keçirilir”.

“Naxçıvanda yerləşən qədim hamamlar sözün əsl mənasında tarixin səsi, əks-sədasıdır” sözləri ilə söhbətini davam etdirən müsahibimiz buna misal da göstərdi: “XIV–XV əsrlərə aid olan və Ordubad rayonunun Nüsnüs kəndində yerləşən Nüsnüs hamamı yeraltı hamamlar qrupuna daxildir. İki günbəzli tikiliyə malik olan abidənin fərqli cəhəti onun dağ daşı ilə inşa edilməsidir. Bu özəllik onu digər orta əsr hamamlarından ayırır. XVIII əsrdə Şahtaxtı kəndindən olan xeyriyyəçi Tovuz xanımın sifarişi ilə inşa edilmiş eyni adlı hamam Şərq memarlığının gözəl nümunəsidir. 2018-ci ildə bərpa olunmuş abidə, bir zamanlar xalqın gündəlik həyatında mühüm yer tuturdu. Şaxtaxtı -Şərq hamamı  isə yarımyeraltı struktura malik, keçmişdə istilik mənbəyi kimi samandan istifadə olunan hamam tipidir. Onun tikintisi və fəaliyyəti haqqında kənd sakinlərinin söylədikləri, xalq yaddaşının bu tarixi tikililərlə necə bağlı olduğunu göstərir.

Bərpa ediləcək memarlıq incisi “İsmayıl Xan hamamı” isə 1982-ci ildə Naxçıvan şəhərində aparılan abadlıq və arxeoloji qazıntılar zamanı aşkar edilib. “İsmayıl xan hamamı” XVIII əsrin ortalarına aid edilir və Şərq hamamları arasında xüsusi yer tutur. Bu hamam özünəməxsus memarlığı və quruluşu ilə fərqlənir. Hamam 526 m² sahəni əhatə edir və düzbucaqlı formadadır. Tikili bişmiş kərpicdən inşa olunub. Çatma tağlı portalı kaşılarla bəzədilib. Zalın mərkəzində 2x2 m ölçüsündə çarhovuz yerləşir, tavanı isə sferik günbəzlə örtülüdür. İşıqlandırma günbəzin üstündəki bacalar və divar pəncərələri ilə təmin edilir. Hamamın istilik sistemi qərbdə yerləşən “xəzinə” adlı hissədə yerləşir və su təchizatı kəhrizlər vasitəsilə təmin olunurdu. Hamam Naxçıvan hakimi Kərim sultan Kəngərlinin oğlu İsmayıl xan tərəfindən tikilmişdir”.

Milli Məclisin deputatının fikrincə, bu möcüzəvi hamamın günümüzdə bərpa planları, onun gələcək perspektivlərini müəyyən edəcəkdir: ”Belə ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra, 2001 və 2007-ci illərdə qəbul edilmiş qərarlarla “İsmayıl Xan hamamı” ölkə əhəmiyyətli memarlıq abidəsi kimi tanınmış və qorunma altına alınmışdır. 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində bu hamamın bərpasına başlanılıb. Bərpa işləri interyer dizaynından tutmuş topoqrafiya və geologiya işlərinə qədər geniş spektrdə planlaşdırılıb. Tezliklə bərpa planının həyata keçirilməsi ilə önümüzdə daha funksional və məqsədli istifadəsi nəzərdə tutulan tarixi tikili vətəndaşlarımıza və gələn qonaqlara öz gözəlliyi ilə xidmət edəcək. Qeyd etmək lazımdır ki, XX əsrin 70-90-cı illərinə kimi Naxçıvan hamamların əksəriyyəti yerli əhalinin istifadəsində olmuşdur.

Azərbaycanın və xüsusilə Naxçıvanın hamamları yalnız keçmişin daş yaddaşı deyil, həm də xalqın gündəlik həyatının, mədəniyyətinin, inancının və estetik düşüncəsinin təcəssümüdür. Bu tikililər əsrlərin sınağından çıxaraq bu gün də həm tədqiqat, həm də qoruma və bərpa baxımından aktuallığını qorumaqdadır. Gələcək nəsillər bu hamamları yalnız muzey ekspozisiyası kimi deyil, həm də tarixlə canlı təmas yeri olaraq tanımalıdır. Çünki bu hamamlar bizim kimliyimizin, mənəviyyatımızın və sənət ruhumuzun bir hissəsidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
3
ikisahil.az

1Источники