RU

Netanyahu Qəzzanı tam işğal iddiasında, 600 məmur Trampa şikayət yazdı - Netanyahunu durdurun...


Bəhruz Quliyev: “Qəzza zolağının tam işğalı uzunmüddətli siyasi fəlakətə çevrilə bilər”

“İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin iclasında Qəzza zolağının tamamilə yenidən işğalını təklif edəcək”. Bu haqda İsrail mətbuatı yazır.

Yerli jurnalistlər qeyd edir ki, biz Qəzza zolağının tam şəkildə fəth edilməsi və HƏMAS-ı məğlub etmək niyyətindəyik. HƏMAS məsələsinin həlli buna bağlıdır. Ancaq İsrailin özündə buna ciddi etirazlar var. Qeyd edək ki, bu günlərdə İsrailin istefada olan 600 iri vəzifəli məmuru Trampa açıq məktub yazıblar ki, Netanyahuya təzyiq göstər müharibəni dayandırsın. Həmin məmurlardan biri Ami Ayalon deyib ki, Qəzzanın yeni işğalının mənası olmayacaq, çünki HƏMAS hərbi cəhətdən dağıdılsa da, ancaq onun ideologiyası getdikcə güclənir və bütün islam dünyasını əhatə edir.

Maraqlıdır, Qəzza yenidən tam işğal olunsa, Yaxın Şərqdə və dünyada nə baş verəcək?

Qəzzanın yenidən işğalı regionda yeni münaqişə dalğaları doğuracaq, İran, Suriya və Livandakı qüvvələrin...”

Məsələyə münasibət bildirən SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağını yenidən tam işğal etmək niyyəti, əslində, Yaxın Şərqin alov içində olan barıt çəlləyinə daha bir qığılcım atmaq deməkdir: “Tarix göstərir ki, hərbi güc ideologiyaları yox etmir, əksinə, onları daha da qidalandırır. Ami Ayalonun da dediyi kimi, HƏMAS-ın silahlı qüvvələri məhv edilsə belə, onun ideologiyası daha geniş coğrafiyada, bütün İslam dünyasında kök salacaq. Belə bir addım yalnız Qəzzada deyil, bütün Yaxın Şərqdə, xüsusilə də Fələstin məsələsində mövqe bildirən ölkələrdə böyük etiraz dalğasına səbəb ola bilər. Türkiyə faktoru burada mühüm əhəmiyyət daşıyır. Ankaranın Fələstin məsələsində emosional və prinsipial mövqeyi, həm ictimai rəy, həm də siyasi səviyyədə İsrailin bu planına qarşı kəskin reaksiya ilə müşayiət olunacaq. Bu, İsrail-Türkiyə münasibətlərini yenidən gərginləşdirə, hətta diplomatik böhran mərhələsinə gətirib çıxara bilər”.

B.Quliyev əlavə edib ki, bundan başqa, Qəzzanın yenidən işğalı regionda yeni münaqişə dalğaları doğuracaq, İran, Suriya və Livandakı qüvvələrin aktivləşməsinə şərait yaradacaq: “Bu, təkcə Yaxın Şərqdə deyil, beynəlxalq arenada da böyük gərginlik yaradacaq, ABŞ və Avropa dövlətlərini çətin seçim qarşısında qoyacaq. Qısacası, Qəzza zolağının tam işğalı İsrail üçün qısamüddətli hərbi uğur gətirsə də, uzunmüddətli siyasi fəlakətə çevrilə bilər”.

Günel CƏLİLOVA

Избранный
60
49
baki-xeber.com

10Источники