RU

“Təhsil repetitorların üzərinə qalıbsa, məktəblər nə üçündür”? İlham Əhmədov

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan təhsil sistemi uzun illərdir islahat gözləyən sahələrdən biridir.

Son dövrlərdə valideynlərin və ekspertlərin səsləndirdiyi fikirlər göstərir ki, məktəblərin rolu və təsiri getdikcə zəifləyir.

Şagirdlərin əsas bilikləri repetitorlardan alması, təhsil yükünün məktəbdən kənara keçdiyini göstərir. Bu isə həm sosial, həm də pedaqoji baxımdan düşündürücü haldır.

Gununsesi.info-ya danışan dosent İlham Əhmədov vurğulayıb ki,  Azərbaycan təhsil sistemində son illər müşahidə olunan proseslər dərin və sistemli böhranın əlamətləridir:

“Hazırkı model funksional iflasa uğrayıb. Məktəblər tədris müəssisəsi olmaqdan çıxaraq yalnız formal struktur olaraq qalıb, təhsilin real yükü isə kölgə sektoru adlandırılan repetitorluq sisteminə keçib.

Bu vəziyyət təkcə təhsilin keyfiyyətinə deyil, sosial ədalətə də ciddi təsir göstərir. Təhsil imkanlarının repetitorluq və əlavə ödənişli kurslara bağlı olması cəmiyyət daxilində bərabərsizliyi dərinləşdirir. Pulu olan övladına daha yaxşı təhsil verir, olmayanlar isə keyfiyyətsiz və nəticəsiz sistemin içində itir.

Məktəblərin funksional yükünü itirməsi, tədrisin formal sənədləşdirmə ilə əvəz olunması, təhsil müəssisələrinin yalnız statistika və hesabat üzərində işləməsi ciddi struktur zəifliklərinin göstəricisidir. Bu zəifliklərin arxasında təşkilati məsuliyyətsizlik, məktəb rəhbərlərinin və Təhsil Nazirliyinin nəzarətsizliyi dayanır”.

İham Əhmədov qeyd edib ki, təhsildə ən çox tənqid olunan məsələlərdən biri də müəllimlərin sertifikatlaşdırılması prosesidir:

“Bu prosesin yalnız formal testlərlə aparılması keyfiyyətli pedaqoqları deyil, testə hazırlaşan, amma real dərs bacarığı zəif olan şəxsləri önə çıxarır. Müəllimin qiymətləndirilməsi sinifdə – yəni dərs mühitində aparılmalıdır.

Təhsilin getdikcə daha çox kommersiyalaşdığını, bu yanaşmanın isə təhlükəli nəticələr doğurduğunu vurğulayır. Dövlət siyasətində “kimin pulu varsa, o oxuya bilər” prinsipi üstünlük qazandıqca, təhsil haqqının ödənilməsi imkanına malik olmayan ailələr kənarda qalır və bu, sosial ədalətsizliyi daha da artırır. Bu yanaşma, təhsil sahəsinin mahiyyətinə ziddir və nəticədə savadlı yox, varlı bir nəslin formalaşmasına xidmət edir”.

İlham Əhmədov mövcud problemlərin həlli üçün konkret çıxış yolları da təklif edir:

“Qanunların tətbiqinə real nəzarət mexanizmləri qurulmalı, yalnız normativ bazaya arxalanmaq kifayət etmir;

Müəllimlərin qiymətləndirilməsi sisteminə dərs müşahidəsi, praktik səriştə və davamlı peşəkar inkişaf komponentləri daxil edilməlidir;

Təhsildə kadr siyasəti şəxsi münasibətlər və kommersiya maraqları yox, peşəkarlıq əsasında qurulmalıdır;

Təhsil üçün ayrılan milyardlarla manatlıq büdcə şəffaf şəkildə idarə olunmalı, vəsaitlərin bölgüsündə səmərəlilik təmin edilməlidir”.

Sonda İlham Əhmədov qeyd edib ki, təhsildəki bu gedişat yalnız bir sektorun böhranı deyil, bütövlükdə cəmiyyətin gələcəyini təhdid edən təhlükəli prosesdir:

“Əgər təhsil formallığa, şəxsi maraqlara və maddi gücə qurban verilirsə, bu, gələcək nəsillərin zəkasının və potensialının sıradan çıxması deməkdir.

Bu baxımdan, mövzu ətrafında geniş ictimai debatların aparılması, medianın bu sahəyə daha çox diqqət yetirməsi və təhsil siyasətinin institusional şəkildə təftiş olunması zəruridir. Azərbaycan cəmiyyəti üçün təhsilin gələcəyi artıq gündəlik məsələ yox, strateji məsələdir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
icma.az

1Источники