RU

15 yaşda ərə getdi... - Erkən nikahın boşanma ilə bitən HEKAYƏSİ

Erkən nikah cəmiyyətimizin qanayan yaralarından biridir. Hələ həyatın nə olduğunu anlamadan, cəmiyyətdəki yerini tapmadan, şəxsiyyət olaraq formalaşmadan ailə məsuliyyəti daşımağa məcbur edilən yeniyetmələr, xüsusilə qızlar, bu yükün altında əzilir, gəncliklərini itirir və nəhayət, nikahları çox zaman boşanma ilə nəticələnir.

Aylinin hekayəsi

Aylin erkən nikahın qurbanı olan qızlardan biridir. Ucqar rayonların birindən olan bu xanım ərə veriləndə  15 yaşında idi. Deyir ki, məktəbdə riyaziyyatı çox sevirdi, müəllim olmaq istəyirdi. Amma bir gün evdə ailəsinin qərarı ilə qarşılaşdı – "dayın oğlu səni istəyir, qız uşağının çox oxumağa ehtiyacı yoxdur". Həyatının cığırı bir andaca dəyişdi. Ağlayıb yalvarmağına məhəl qoyulmadı. Məktəb çantasını bir küncə qoydular və gəlinlik geyindirilən uşaq qəlbli bu qızı “həyat yoldaşı” etdilər. Sezar pizza

Başqa bir ev, tanımadığı məsuliyyətlər, anlamadığı qayğılar və içində hələ də uşaq olan bir ürəklə "böyüklərin dünyası"na düşən Aylin tez bir zamanda həyatın sərt üzünü gördü. Hər gün bir az daha susdu, bir az daha itdi öz içində. Çünki o, qadın deyil, hələ uşaqlığını yaşaya bilməmiş bir qız idi.

Cəmi iki ildən sonra ailədaxili münaqişələr, zorakılıq və anlaşılmazlıqlar, özündən 15 yaş böyük ərinin tələbləri Aylini boşanmağa məcbur etdi. Amma bu qərar da asan olmadı. Cəmiyyətin ona baxışı dəyişdi. "Boşanmış qadın" damğası Aylinin taleyində yeni izlər buraxdı.

Boşanma Aylin üçün azadlıq deyildi, əslində o, erkən yaşda ailə qurmaqla azadlığını çoxdan itirmişdi. Amma bu boşanma bir ümidin qapısını açdı – o, yenidən oxumağa başladı. Gecikmiş uşaqlığını kitabların arasında, universitet auditoriyalarında axtarmağa başladı.

Aylin kimi "boşanmış qadın" damğası ilə gəzən gənclər az deyil. Onlarla, yüzlərlə, Aylin var ölkədə - ya hələ də susqun, ya da həyatın yükü altında əzilmiş. Erkən nikaha cəlb olunan hər qız – bir arzunun öldürülməsi, bir gələcəyin əllərdən alınması deməkdir. 

İndi Aylin 22 yaşındadır. Universitetin son kursunda oxuyur. Psixoloq olmaq istəyir. O, artıq öz həyatını özü qurur. Amma keçmişin izləri hələ də içindədir. Hər dəfə gülərkən belə gözləri bir az dumanlıdır. O, uşaqkən əlindən alınan arzuları indi geri almağa çalışır. 

Valideynlərin cahil təşəbbüsü 

Erkən nikah halları çox zaman valideynlərin təşəbbüsü, cəmiyyətin basqısı və ya iqtisadi çətinliklərin nəticəsində baş verir. Bir çox hallarda "qız evdə qalmasın", "namus əldən getməsin", "bir ağız çörək azalsın" düşüncələri ilə erkən nikahlar təşviq olunur. Lakin bu qərarın nəticələri çox vaxt fəlakətli olur.

Psixoloq İlhamə Məmmədovanın sözlərinə gözə, bir çox hallarda erkən nikahların uğursuzluqla nəticələnməsi təsadüfi deyil. Çünki bu nikahlar gənclərin öz iradəsi xaricində, düşünülmədən, həyatın reallıqları nəzərə alınmadan baş tutur. Nəticədə aşağıdakı problemlər ortaya çıxır:

Psixoloji yetkinlik çatışmazlığı

Gənclər hələ emosional cəhətdən stabilləşməyiblər. Qarşılaşdıqları ilk çətinlikdə geri çəkilir, bir-birini anlamırlar. Nəticədə ailə daxilində mübahisələr artır, münasibətlər pozulur.

Təhsil və şəxsi inkişafın dayanması

Xüsusilə qızlar erkən nikahla təhsildən ayrılır, şəxsiyyətlərini inkişaf etdirmək imkanından məhrum olurlar. Bu isə onların gələcəkdə həyat yoldaşı ilə bərabərhüquqlu münasibət qurmasına mane olur.

İqtisadi asılılıq və gərginliklər

Erkən evlənən gənclər çox vaxt maddi cəhətdən valideynlərinə bağlı qalırlar. İşsiz, təhsilsiz və təcrübəsiz cütlüklər ailə məsuliyyətlərini daşımaqda çətinlik çəkirlər.

Qohum təzyiqi və sosial təcrid

Ətraf mühitdən gələn təzyiqlər, ailə böyüklərinin müdaxiləsi və gənclərin qərarlarına hörmət qoyulmaması bu ailələri daha da zəiflədir.

Cinsi və emosional uyğunsuzluq

Erkən nikahda tərəflər cinsəllik, ailə münasibətləri, valideynlik kimi məsələlərdə hazır olmurlar. Bu, həm psixoloji gərginlik yaradır, həm də fiziki və emosional travmalara səbəb olur.

Statistika nə deyir?

Azərbaycanda aparılan araşdırmalar göstərir ki, erkən yaşda qurulan ailələrin boşanma faizi yüksəkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son illərdə boşanma hallarının artmasında erkən nikahlar əsas faktor kimi göstərilir. Belə ki, 18 yaşına qədər ərə verilən qızların 5 il ərzində boşanma ehtimalı 2-3 dəfə daha yüksəkdir.

2025-ci ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8678 boşanma halı qeydə alınıb. Araşdırmalara görə, boşanmaların müəyyən qismində tərəflərdən biri erkən nikahla ərə verilən qızlardır.

Psixoloq İlhamə Məmmədovanın sözlərinə görə, boşanmadan sonra bu şəxslər, xüsusilə qadınlar, cəmiyyət tərəfindən damğalanır, ikinci dəfə ailə qurmaqda çətinlik çəkirlər. Sosial dəstəkdən məhrum olan bu şəxslər tez-tez depressiyaya, intihara meylli olurlar, övladlarını tək böyütmək məcburiyyətində qalırlar. Erkən nikah və ardınca baş verən boşanma təkcə iki insanın deyil, bir neçə nəsil üzərində mənfi təsir buraxır.

Çıxış yolu nədir?

Erkən nikahla mübarizə təkcə hüquqi deyil, həm də maarifləndirici tədbirlərlə aparılmalıdır. Bunun üçün:

- Məktəblərdə ailə həyatına hazırlıq dərsləri keçirilməlidir;

- Valideynlərə və gənclərə psixoloji və hüquqi maarifləndirmə aparılmalıdır;

- Erkən nikaha yol verənlərə qarşı qanuni cəza tədbirləri sərtləşdirilməlidir;

- Gənclərin təhsilini davam etdirməsi və müstəqil həyata hazırlanması üçün dövlət proqramları hazırlanmalıdır.

Əgər bir qız hələ uşaqkən ərə verilirsə, bu, yalnız bir ailənin qərarı ilə deyil, cəmiyyətin səssiz qalması ilə baş verir. Ona görə də bu sükut qırılmalıdır. Maarifləndirmə işi getməli, valideynlər, məktəblər və dövlət bu məsələyə qarşı birgə mübarizə aparmalıdır. Qız uşaqları oxumalı, arzularına çatmalı, gələcəklərini özləri seçməlidirlər. 

Erkən nikahlar qısa müddətlik “qurtuluş” kimi görünə bilər, lakin əslində uzunmüddətli faciələrin başlanğıcıdır. Boşanmalar, psixoloji travmalar, təhsil itkisi və sosial təcrid bu qərarın nəticələrindən yalnız bir neçəsidir. Gənclərə həyatlarını qurmaq, özlərini tanımaq və gələcəklərini formalaşdırmaq üçün zaman verilməli, onları ailə məsuliyyətinə sürükləmək əvəzinə dəstəkləməliyik. Çünki sağlam ailə yetkin, azad və düşüncəli fərdlərin birliyindən doğur.

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb. 

 


Telegram kanalımız
Избранный
88
yenisabah.az

1Источники