RU

Bu fakt sübut edir ki, onlar torpağa hakim olduqları qədər səmaya da hakimdir

Son bir ildə İran ərazisindən Azərbaycana PUA-lar vasitəsilə narkotik maddələr keçirməyə yönəlik cəhdlərin sayı sürətlı artmaqdadır. Bu, özlüyündə son dərəcə narahatverici tendensiya olsa da, bu tendensiya fonunda Dövlət Sərhəd Xidmətinin (DSX)  sərgilədiyi yüksək peşəkarlıq bir o qədər sevindirici və qürurvericidir. Təsadüfi deyil ki, dövlət sərhəddimizi PUA-lar vasitəsilə pozmaq, bu texnika vasitəsilə ölkəmizin ərazisinə narkotik maddələr keçirmək cəhdləri Azərbaycan sərhədçiləri tərəfindən qətiyyətlə ifşa edilməkdə, bu cür cəhdlərin qarşısı əminliklə alınmaqdadır. 28 iyul 2025-ci il tarixində DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən PUA vasitəsilə daşınan 12 kiloqramdan artıq narkotik vasitənin ələ keçirilməsi deyilənlərə nümunədir.

Ümumiyyətlə, yüksək elmi-texniki vasitələrdən istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə nail olmaq səylərinin peşəkarcasına de-şifrə edilməsi ciddi mətləblərdən xəbər verir.

Bu, hər şeydən öncə onu sübut edir ki, Azərbaycan sərhədçiləri torpağa hakim olduqları qədər də səmaya da hakimdir. Onlar ölkə sərhədlərini qurudan olduğu kimi, su və səmadan da eyni əzmlə müdafiə etməyə qadirdilər.

İkincisi, narkotik vasitələrin PUA-lar vasitəsilə qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə DSX-nın müasir texnika və texnologiyaya, eləcə də yüksək peşəkarlığa malik olduğunun göstəricisidir.

Nəhayət, sərhədçilərimizin narkotik vasitələrin qanunsuz dövriyyəsinin yeni üsulla - PUA-lar vasitəsilə təşkilinə qarşı apardığı uğurlu mübarizə sübut edir ki, DSX müasir dünyanın dəyişən tələblərinə müvəffəqiyyətlə uyğunlaşmaqda, özünü mütəmadi şəkildə təkmilləşdirməkdədir. Məhz bu səbəbdən də ilin hansı fəsli, günün hansı saatı olmasından asılı olmayaraq, sərhədlərimiz diqqətlə qorunmaqda, istənilən pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə allnmaqdadır. Bu isə sadəcə sərhədçilərimizin deyil, bütövlükdə Azərbaycan dövlətinin gücü, Azərbaycan dövlətinin yenilməzliyi deməkdir.

Fərid İMRANLI

Избранный
106
moderator.az

1Источники