Niderland səfirliyi xanım Marianne de Yonqun Niderland Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduğunu elan etməkdən şərəf duyur.
Hafta.az-ın yazdığına görə, bu sözlər Niderland səfirliyinin facebook səhifəsindəki paylaşımda deyilir. Qeyd olunub ki, Azərbaycandakı diplomatik missiyasına başlamazdan əvvəl xanım Yonq Noordeinde Sarayında Kral Villem-Aleksandrın hüzurunda and içib.
Səfir de Yonq diplomatik xidmət sahəsində iyirmi ildən artıq zəngin və peşəkar təcrübəyə malikdir. Bakıya təyinatından əvvəl o Niderlandın İspaniyadakı səfirinin müavini vəzifəsində, həmçinin Haaqada və Niderlandın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyində yüksək vəzifələrdə çalışıb.
O, 2020-ci ildən etibarən Bakıda səfir olmuş xanım Pauline Eizemanı əvəz edir.
Səfirlik səfir de Yonqun rəhbərliyi ilə Niderlandla Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndiriləcəyinə ümid edir.