Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qalıdırıb.
Dövlət ittihamçısı Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Anar Abdullayev məhkəmə zalında həbs edilib. Sonra prokuror ittiham aktını elan edib. Təqsirləndirilən elan olunmuş həmin şəxslərdən heç biri ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası 22 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.