RU

Düzgün ixtisas seçimi: yeni çağırışlara hazırlıq üçün vacib şərt

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul ilə əlaqədar ixtisas seçiminin vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bütün ixtisas qrupları üzrə ixtisas seçimi 2025-ci il avqustun 11-dən 19-dək aparılacaq. "Abituriyent" jurnalının 4-cü buraxılışı, həmçinin "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

İxtisas seçimi - gənc insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Bu qərar yalnız universitetə daxil olmaq üçün deyil, həm də gələcək peşə, maddi təminat, şəxsi məmnunluq və cəmiyyətə fayda baxımından böyük əhəmiyyət daşıyır.

Bir çox gənc üçün ixtisas seçimi sadəcə balla uyğun gələn fakültəyə düşmək kimi görünsə də, bu qərarın nəticələri uzun illər boyu hiss edilir. Sevdiyin və bacardığın sahədə təhsil almaq motivasiyanı artırır, uğur imkanlarını genişləndirir, iş həyatında məmnunluq gətirir.

Əks halda, maraq dairəsinə uyğun olmayan ixtisas seçimi insanı tez yorur, stressə salır və nəticədə peşə dəyişmələrinə gətirib çıxarır.

Doğru ixtisas seçimi həyat yolunun əsas istiqamətini müəyyən edir. Bu, yalnız diplom almaq üçün deyil, özünü reallaşdırmaq, sosial fayda yaratmaq və xöşbəxt peşə həyatı qurmaq üçün vacib addımdır.

Bəzi hallarda abituriyentlər ixtisas seçiminə səhlənkar yanaşır və topladığı bal hara uyğundursa, araşdırmadan, düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir, abituriyent yüksək bal toplamasına rəğmən, universitetə qəbul ola bilmir.

Mütəxəssislərin fikrincə, abituriyentlər ixtisas seçimi edərkən yığdıqları balı və oxumaq istədikləri ixtisası əsas götürməlidirlər. Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Həmçinin iş dünyasının hansı ixtisasa daha çox tələbatın olduğunu və etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, elə məqamlar olur ki, abituriyent səhv ixtisas seçimi etdiyinə görə dövlət sifarişi ilə oxumaq şansı olduğu halda, ödənişli əsaslarla ali məktəbə qəbul olur. Belə halların yaşanmaması üçün vacibdir ki, bu istiqamətdə peşəkar mütəxəssislərdən rəy, fikir alsınlar ki, dövlət sifarişi üzrə daha uyğun, normal ixtisaslara, universitetlərə qəbul ola bilsinlər. Bəzi hallarda müşahidə edirik ki, valideynlər dövlət sifarişi üzrə yer ayrılmasına baxmayaraq, özəl universitetlərdə təhsil almağa razı olmurlar. Halbuki abituriyent dövlət universitetində ödənişli əsaslarla oxuyacağına, özəl universitetlərdə dövlət sifarişi əsasında təhsil ala bilər. Onsuz da hər iki halda dövlət büdcəsindən həmin tələbənin maliyyələşməsi həyata keçirilir. Bu faktları valideynlər və abituriyentlər bilmədiklərinə görə mütəxəssislərdən məsləhət almaq vacibdir".

Təhsil ekspertinin sözlərinə görə, ixtisaslaşma dövrü elə bir mərhələdir ki, bu imtahan verənlər üçün ən strateji nöqtədir və bu zaman abituriyentlərlə yanaşı, valideynlər də çox diqqətli olmalıdır. İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir. Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır, demək olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisas seçimidir: "Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu zaman bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu, haradasa 70, 80 faiz imtahan verənin hədəfidir. Yerdə qalanlar isə konkret olaraq bilirlər ki, onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar".

İxtisas seçərkən əmək bazarında həmin sahəyə olan tələbatı da nəzərə almaq vacibdir. Hazırda informasiya texnologiyaları, tibb, maliyyə, logistika kimi sahələrdə yüksək tələbat var. Ancaq bu, hər zaman dəyişə bilər, ona görə də trendləri izləmək önəmlidir.

Seçilən ixtisas üzrə təhsil verən universitetin keyfiyyəti də mühüm amildir. Yaxşı müəllim heyəti, güclü praktiki baza və beynəlxalq əməkdaşlıq imkanları gələcəkdə iş tapmağı asanlaşdırır.

Elm-təhsil üzrə mütəxəssislərdən Etibar Əliyev hesab edir ki, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: "Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz, abituriyentlər ciddi seçim qarşısında qalırlar. Aşağı bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun, universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir".

E.Əliyevin qənaətinə görə, abituriyent öncə topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir: "İxtisas seçərkən diqqət edilməli əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparılmalıdır. Burada ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir".

Təhsil eksperti Kamran Əsədovun fikrincə, gələcəkdə karyera qurmaq istədikləri sahəni seçmək, yüksək bal toplamaqdan daha çətindir. Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə ixtisaslarını kodlaşdırmalıdırlar. Balı az olanlar isə yiyələnmək istədikləri peşəyə yaxın olan sahələri seçməlidirlər ki, gələcəkdə özlərini seçmək istədikləri ixtisas üzrə daha da inkişaf etdirə bilsinlər. O da etiraf olunmalıdır ki, qərarsız tələbələrimiz hələ də az deyil.  Onlar yüksək bal toplamağına baxmayaraq, hansı ixtisası seçməsində hələ də çətinlik çəkir və tərəddüd edirlər. Çünki əvvəlcədən qarşısına məqsəd qoymayıb. İlk növbədə qarşıya məqsəd qoyulmalıdır, məqsədə müvafiq də seçim edilməlidir. Bu sahədə çətinlik çəkənlərin isə müəllimlər və valideynlərin yardımına ehtiyacları var. Ekspert gənclərə ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə vasitəsi kimi baxmamalarını tövsiyə edir: "Bir il, iki il gec olsun, ancaq seçdikləri ixtisas ürəklərincə olsun. Seçdikləri ixtisasa özlərində bir bağlılıq hiss etsinlər. Yalnız bu halda işini bilən, işini sevən peşəkar mütəxəssisə çevrilmək olar".

XXI əsr bütün sahələrdə texnoloji inkişaf əsridir. Bu dövrün tələblərinə uyğun ixtisaslar seçilməsi, mütəxəssislər hazırlanması olduqca vacibdir. Tez-tez qeyd olunduğu kimi, gələcəyin ən çox tələb olunan ixtisasları informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi ixtisaslarıdır. Sadalanan ixtisaslar üzrə mütəxəssislərə indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq. Dünyanın aparıcı universitetlərində artıq neçə illərdir ki, sözügedən ixtisaslar üzrə mütəxəssislər hazırlanır.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, müəyyən ixtisaslar var ki, abituriyentlər onlara maraq göstərir, amma hazırda əmək bazarında həmin ixtisaslara önəm verilmir və tələbat yoxdur. Bu səbəbdən də gənclər ixtisas seçimi zamanı diqqətli olmalıdır. Bazarın tələblərini nəzərə almalı, yeni ixtisaslar istiqamətində seçimlərə üstünlük verilməlidir. Ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir: "Hər bir valideyn istəyir ki, övladı ali təhsil alsın. Amma hansısa gəncin oxumağa həvəsi, potensialı yoxdursa, onu peşəyə yönləndirmək lazımdır. Gənclər əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslara  üstünlük verməlidir. Dünyadakı yeni çağırışlara hazır olmalıyıq".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
525.az

1Источники