RU

"Uşaq təhlükədədirsə, heç kim güvəndə deyil" - Sosioloq AÇIQLADI

Bir neçə gün öncə azyaşlı qıza qarşı edilən hərəkətlər sosial şəbəkələrdə gündəm oldu və hər kəsin qınaq obyektinə çevrildi. Hamı görüntülənən “ağsaqqal”ın hərəkətinə hiddətini ifadə edib layiqli cəza almasını arzuladı. Onun ağır cəzalanmasının belə insanlar üçün görk olacağı vurğulandı.

Sözsüz ki, həmin şəxsin əməlinə hüquqi qiymət veriləcək. Amma məsələnin digər tərəfi də hər kəsə maraqlıdır.  

Bəs, uşaqları bu kimi təhlükələrdən  necə qoruyaq? 

Bu barədə News24.az-a açıqlama verən sosioloq Məhbubə Mehdiyeva qeyd edib ki, uşaq dünyaya gəldiyi andan etibarən onun təhlükəsizliyi valideynin deyil, bütöv cəmiyyətin məsuliyyətidir: 

"Bugünkü dünyada uşaqlar təkcə fiziki deyil, həm də mənəvi və psixoloji zorakılıqlarla üzləşirlər. Təcavüz anlayışı təkcə kənardan gələn təhlükələrlə məhdudlaşmır, bəzən elə ailə daxilində – sözlə, baxışla, münasibətlə də uşaqlar zərbə alırlar.

Dünya Səhiyyə Təşkilatının son illərdə apardığı araşdırmalar göstərir ki, hər üç azyaşlıdan biri birbaşa və ya dolayı yolla zorakılığa məruz qalır. Bu, təkcə fiziki toxunuş anlamına gəlmir, uşağın hisslərini, fikirlərini, istəklərini görməməzliyə vurmaq da bir növ zorakılıq formasıdır". 

Ekspert deyir ki, məktəbdə, bağçada və ya ictimai yerlərdə uşaqların təhlükəsizliyi üçün ilk addım maarifləndirmədən başlamalıdır:

"Uşaqlara öz bədənlərini tanımaq, onun toxunulmaz olduğunu anlamaq, narahat olduqları vəziyyətləri cəsarətlə bildirmək vərdişi aşılanmalıdır. “Yox” deməyi bacaran bir uşaq gələcəkdə öz sərhədlərini qoruya biləcək bir şəxsiyyət olaraq formalaşır".

Mütəxəssisin  sözlərinə görə, vacib məsələ psixoloji dayanıqlılıqdır. O, uşağın qorunmasının təkcə fiziki çərçivədə deyil, mənəvi müstəvidə də aparılmalı olduğunu xüsusi vurğulayıb:

"Özünü dinlənilmiş, başa düşülmüş və sevilmiş hiss edən uşaq hər cür zorakılığa qarşı daha dayanıqlı olur. Burada ailələrin, xüsusən anaların rolu əvəzsizdir. Ana-övlad münasibətindəki sevgi, inam və açıqlıq uşağın daxili gücünü formalaşdırır. Bundan əlavə, cəmiyyətin institusional səviyyədə rolu danılmazdır. Təhsil müəssisələrində uşaq hüquqları ilə bağlı proqramlar genişləndirilməli, sosial xidmət orqanları daha çevik və əlçatan olmalıdır. Uşaqlarla birbaşa işləyən şəxslər – müəllimlər, psixoloqlar, tərbiyəçilər  zorakılıq əlamətlərini tanıya bilməli və müvafiq qurumlara yönləndirmə bacarığına malik olmalıdırlar".

O, eyni zamanda qeyd edib ki,  uşağın cəmiyyət içində təhlükəsiz və sağlam böyüməsi üçün həm ailə, həm məktəb, həm də dövlət birlikdə hərəkət etməlidir.  

"Bu sistem üçbucağında boşluq yaranarsa, uşaq o boşluqda itib gedə bilər.

Ən əsası isə susan uşağın əvəzinə danışmaq, deyə bilmədiyini duymamaq, kömək istədiyini görməmək,bizim uşaq qarşısında cavabdeh olduğumuzu unutmaq deməkdir. Uşaqlar təhlükədən qorxaraq yox, sevgi ilə böyüməlidirlər”,- deyə sosioloq qeyd edib.

Xeyrənsə Piriyeva

Избранный
52
1
news24.az

2Источники