RU

Moskva və Tehran süni əngəllərlə sülh prosesinin qarşısını ala bilməz



Qeyri-rəsmi məlumatlara görə, ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Ağ Evdə görüş keçirəcəyi gözlənilir. Bildirilir ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər. Bu addımın Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da sürətləndirəcəyi və yekun sülh sazişinin imzalanmasını tezləşdirəcəyi gözlənilir.

Görünən budur ki, Tramp sülh təşəbbüslərini əvvəlki kimi əzmlə davam etdirmək niyyətindədir. Rusiya-Ukrayna cəbhəsi və Yaxın Şərqdə sülh nizamlanması ilə yanaşı, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi də ABŞ prezidenti üçün prioritet təşkil edir. Belə ki, Trampın yaxın çevrəsindəki mənbələr bildiriblər ki, "Prezident Bakı ilə İrəvan arasında mümkün sazişi postsovet məkanında sülh arxitekturasının genişləndirilməsi yolunda mühüm mərhələ hesab edir".

Onu da qeyd etməliyik ki, ABŞ tərəfindən vasitəçi qismində danışıqları Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff aparır. Bu ilin mayında Bakıya səfər edən və Prezident İlham Əliyevlə də görüşən S.Uitkoff kifayət qədər çevik və işgüzar danışıqçıdır. Bakı və İrəvanla danışıqlarda S.Uitkoffa əvvəllər ABŞ Dövlət Departamentinin xətti ilə regional məsələlər üzrə xüsusi elçi vəzifəsini tutan Ari Laytstounun kömək etdiyi bildirilir. Müzakirələrin əsas predmetlərindən biri də heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Ağ Ev administrasiyası bu dəhlizin məhz ABŞ-ın nəzarəti altında olmaq şərtilə açılmasına xüsusi maraq göstərir.

Lakin ABŞ-da bunu da yaxşı başa düşürlər ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bəlli səbəblərdən yekun sülhü imzalamağa hələ hazır deyil. Çünki yekun sülh sazişinin imzalanması üçün rəsmi İrəvan ilk növbədə ölkə konstitusiyasına dəyişikliklər edərək, oradan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmalı və eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması barədə razılaşmanı imzalamalıdır. Ona görə də indiki halda sülh sazişi daha çox Ermənistanın çevik addımlarından asılıdır. Tramp Ermənistan rəhbərliyini çevik qərarlar qəbul etməyə sövq edə bilər.

Bu baxımdan Nikol Paşinyan başa düşməlidir ki, ABŞ prezidentinin bölgədə sülhə bu qədər yaxından maraq göstərməsi onun öz siyasi gələcəyi üçün də əlverişlidir. Dayanıqlı sülhə nail olunması Paşinyanın qarşıdakı seçkilərdə qələbə qazanmaq şanslarını artıra bilər. Eyni zamanda, Trampın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün ardıcıl səy göstərməsi Rusiyanın pozuculuq hərəkətlərinin qarşısını almaqla yanaşı, İranın da mümkün təxribatlarını neytrallaşdırmaq baxımından olduqca əhəmiyyətlidir. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması zamanın tələbidir. Moskva və Tehran süni əngəllərlə sülh prosesinin qarşısını ala bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
15
2
newscenter.az

3Источники