RU

Ekspert: Vətəndaş ödənişli yol variantını seçirsə, ödəniş etməsi mütləqdir

Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydasında dəyişiklik edilib. 
Sherg.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. 
Qərara əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyətə səbəb olacaq.


Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, burada qeyri-adi bir hal müşahidə olunmur:

“Bu, xidmət növüdür və vətəndaş həmin xidmətdən istifadə edirsə, onun dəyərini ödəməlidir. Hazırda söhbət ödənişli yoldan gedir. Eyni zamanda, ödənişli yolun alternativi də mövcuddur, yəni ödənişsiz variant da təklif olunur. Mövcud qaydalara əsasən, vətəndaşa ödənişli yol təklif edilirsə, onun alternativi də təqdim olunmalıdır və bu praktika bir çox ölkələrdə tətbiq edilir. Əgər vətəndaş ödənişli yol variantını seçirsə, bu halda ödəniş etməsi mütləqdir və bu məsələ birmənalıdır. Lakin bəzi hallarda sürücülər qeyri-qanuni yollarla, yəni ödənişsiz keçidlərdən istifadə etməklə və ya müxtəlif üsullarla ödənişdən yayınmaqla bu qaydanı pozurlar. Bu isə hüquqi məsuliyyət yaradır. Belə halın sürücülərin davranışlarına və yol hərəkətinin intensivliyinə ciddi təsiri müşahidə edilmir. Bir daha qeyd olunmalıdır ki, ödənişli yolun alternativi mövcuddur, əgər sürücü ödəniş etmək istəmirsə və ya buna imkanı yoxdursa, o zaman ödənişsiz marşrutdan istifadə edə bilər. Ödənişli yolların əsas üstünlüyü ondan ibarətdir ki, burada sürət həddi daha yüksək olur və hərəkət maneəsiz həyata keçirilir. Məsələn, bəzi yol hissələrində sürət həddi 60–70 km/saatadək endirilə bilər, lakin ödənişli yollar adətən ən sürətli hərəkət üçün nəzərdə tutulur. Bu baxımdan sürücülər ödənişli yollardan istifadəyə üstünlük verirlər”.
Избранный
6
sherg.az

1Источники