RU

Bu nömrəyə zəng etməyin, aldadılacaqsınız!

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər ölkədə, xüsusilə də Bakıda hava şəraitinin isti keçməsi kondisionerlərə ehtiyacı daha da artırıb. Belə hava şəraitində kondisionerlərin xarab olması bu cihazların təmiri ilə məşğul olan ustalara olan tələbatı da artırıb. Bu vəziyyət isə fürsətcil fırıldaqçılara münbit şərait yaradır.

Evdə xarab olan kondisioneri təmir etdirmək üçün bir neçə yerə zəng etdim. Mənə usta göndərmək üçün ən yaxın vaxtın 3-4 gün çəkə biləcəyini dedilər. Təsəvvür etmək çətin deyil ki, bu isti havada bir neçə gün gözləməyə heç kim razı olmaz. Mən də razılaşmadım.

Təsadüfən binanın qapılarına yapışdırılmış bir elanı görəndə, problemi tez bir zamanda həll edə biləcəyimi düşünüb sevindim. Elandakı son nömrələri ...4386 ilə bitən telefona zəng etdim. Cavab verən şəxs gecə saat 2-də gələ biləcəyini dedi. Razılaşmadım və sabah nə boş vaxtı olrsa, gəlməsini xahiş etdim. O da razılaşdı və “Sabah saat 9-da gələcəyəm”, – dedi.

Nəhayət, səhəri gün saat on radələrində gəlib çıxdı. Onun bu cür "operativliyindən" məmnun qaldım. Sən demə, Nizami və Xətai rayonlarında hər qapıya, hər divara elan vuran bu “usta” əslində fırıldaqçılıqla məşğul imiş və bu da mənin onun barəsində son məmnuniyyətim imiş.

Kondisioneri sökdü, sistem panelini açdı, bayırdakı motorda nəyisə qurdaladı, bir sıra hissələri söküb-ayırdı və sonda bildirdi ki, “platanı yoxlamaq üçün laboratoriyaya aparacaq”. Getdi. Axşamüstü yenidən gəldi, guya nə isə edirmiş kimi cihazı quraşdırdı, açıb-bağladı. Adamın “əziyyət çəkdiyini” görüb dediyi qiyməti sorğu-sual etmədən ödədim.

Ertəsi gün zəng vurub kondisionerin işləyib-işləmədiyini soruşdu. Evdə olmadığımızı, sabah cavab verəcəyimizi dedim.

Səhəri gün kondisioneri işə saldıqda cihazın yenə də soyuq vermədiyini gördük. Yenidən zəng etdim. Uzun zənglərdən sonra cavab verdi. Gəldi, yenə nəyisə qoşdu, sökdü və sonda bildirdi ki, “aseçka” – yəni qaz buraxan yer var. Bu dəfə isə həmin nasazlığın təmirinin 3-4 manata başa gələcəyini dedi. Artıq şübhələnməyə əsasımın olduğuna əmin idim.

Qısası, tanış vasitəsilə başqa bir usta çağırdım. Gəldi, baxdı, yoxladı, 2 saata qədər vaxt sərf etdi və sonda dedi:

– Əmi, o "usta" səhv edib. Bu cihazda qaz buraxan yer yoxdur. Güman ki, qazı özü çəkib, az miqdarda saxlayıb və vintləri boş bağlayıb ki, bir günə qaz xaric olsun.

Əslində onun dediklərini mən də güman edirdim, amma bilmədiyim bir iş barədə fikir yürütmək istəmirdim. İndi isə tam əminliklə hamıya deyə bilərəm: sonluğu ...4386 ilə bitən telefon nömrəsinə zəng etməyin, bu adam fırıldaqçıdır! Sizi də mənim kimi aldadacaq!

Və düşünürəm: bizi nə hala salıblar? Xəstə tanış həkim axtarmalıdır, şagird tanış müəllim tapmalıdır, işə düzəlmək istəyən, polisə və məhkəməyə işi düşən, hətta maşın və ev təmiri üçün belə tanış usta axtarmalıyıq. Əks halda aldadılmaq ehtimalı çox yüksəkdir.

Biz niyə bir-birimizə inamımızı itirmişik? Axı “Ən böyük biclik düzlükdür” – deyən bizim babalarımız olub. Yoxsa onlar da bizi aldadıb...

Qadir Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
bizimyol.info

1Источники