RU

İran Zəngəzur dəhlizini bloklaya bilərmi: Tehranın əsas məqsədi budur - MÜSAHİBƏ

BAKI, 4 avqust. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Zəngəzur dəhlizi hazırda gündəlikdə olan əsas mövzulardan biridir. İran dəhlizin açılmasına imkan verməyəcəyini deyir. ABŞ isə dəhlizin icarə əsasında açılması təklifi ilə çıxış edir. Sizcə, dəhliz hansı əsasda açıla bilər?

- Bölgədə qanunsuz daşımalarla, qaçaqmalçılıqla məşğul olan qüvvələr üçün Ermənistan bir “dəhliz” rolunda idi. Həmin mallar məhz Ermənistan ərazisindən müxtəlif yerlərə daşınırdı. İranın siyasi elitasında da bu “yolla” hərəkət edən müxtəlif qruplar var. İndi məhz Zəngəzur dəhlizi ətrafında aparılan kampaniyanın arxasında da o qruplar dayanır. Əslində isə Zəngəzur dəhlizi İranın iqtisadi maraqlarına böyük töhfə verə bilər. Bu gün faktiki olaraq Tehran üçün vacib olan xətt Şimal-Cənub dəhlizidir. Hətta dəfələrlə Azərbaycan, İran və Rusiya tərəfindən Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bəyanatlar verilib. Buna dair xüsusi görüşlər də keçirilib. Zəngəzurdan dəhlizin açılması Naxçıvanda, yəni Culfada yerləşən və İran dəmir yolları ilə bağlantısı olan Şimal-Cənub dəhlizinin işə düşməsi deməkdir. Burada isə İran və Rusiyanın maraqlarına zidd heç nə yoxdur. Bu kontekstdə İranda Zəngəzur dəhlizi əleyhinə qaldırılan səs-küy ilk növbədə qaçaqmalçılıqla məşğul olan siyasi elitanın mahiyyətinin ifadəsidir. Bunu da hamı yaxşı başa düşür.

- Tehranın bu prosesi necə pozacağı ilə bağlı da iddialar səslənir. İran tərəfi dəhlizin açılmasına sona kimi necə təsir göstərə bilər?

- İranın öz sərhədləri çərçivəsində verdiyi bəyanatlar beynəlxalq hüquqa uyğundur. Amma rəsmi Tehranın Ermənistan və yaxud Azərbaycan ərazisində olan hansısa kommunikasiyalara fikir bildirməsi sadəcə olaraq tövsiyə xarakteri daşıya bilər. Hazırda İran daxilində ciddi qarşıdurma var. Hakimiyyətdəki SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın dairələr iqtisadi imkanları əllərində saxlamağa çalışır. İrandakı siyasi elitanın daxilində buna qarşı ciddi müxalifət var. Həmin dairələr beynəlxalq sanksiyaların İrana qarşı davam etməsini istəyirlər. Bu sanksiyalarla həmin qüvvələr İranın bir çox məhsullarını və narkotik ixracını monopoliyada saxlayıblar. İndi buna qarşı İranın sağlam vətənpərvər qüvvələri mübarizə aparır. İran Prezidenti Məsud Pezeşkian da bəyanat verir ki, “bizim Azərbaycanla düşmənçiliyin səbəbi nədir?” Sözsüz ki, bütün bunlar İran daxilində gedən qarşıdurmanın göstəricisidir. Məntiq və sağlam düşüncə ona deməyə əsas verir ki, qaçaqmalçılığa əsaslanan yalançı nağıllar İranın siyasi mühitindən götürüləcək.

- Dəhlizin icarə əsasında açılması Azərbaycan və Ermənistan üçün nə dərəcədə məqbul variantdır?

- Azərbaycan və Ermənistan hansı qərara gəlsə, İran da bunu qəbul etməlidir. İran öz sərhədi daxilində nə istəyir onu edə bilər və qərarlar vermək ixtiyarına malikdir. Amma qonşu ölkələr arasında hansısa razılığın əldə olunmasının İrana heç bir aiddiyyəti yoxdur. Tehran gedib öz problemləri ilə məşğul olsa daha yaxşı olar. SEPAH-a qarşı İran daxilində ciddi müxalifət var. Gec-tez bunun nəticəsi olacaq. Faktiki olaraq onların ölkədən kənarda olan bütün planları alt-üst olub. Suriyada, İraqda, Livanda olan faktlar buna misaldır. Bu gün İranın təhlükəsizliyi məsələsində ciddi nöqsanlar var. Ölkədə rəsmi qonaq öldürülürsə, bundan artıq hansı biabırçılıq baş verməlidir? Amma baş verənlərin fonunda İran daxilində olan həmin qüvvələrə qarşı olan qərarlar da heç də uzaqda deyil.

Избранный
45
teleqraf.com

1Источники