RU

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Telman Orucov yazır

ain.az, 525.az saytına istinadən bildirir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Bu qız öncəgörməsinə görə öz dövründə, bu xüsusiyyətə real malik olan bir adam kimi tanınmışdı. Bu keyfiyyətlər, onun yüksək dindarlığı da daxil olmaqla, birbaşa müqəddəslərlə çox sayda əlaqələrinin yaranmasına səbəb olmuşdu. Və nəticədə onun şəxsi təcrübəsi kilsənin heç də xoşuna gəlmirdi və din xadimləri tərəfindən onun ideyaları rədd edilirdi. Həmin vaxt Fransa tacına dofin Karl (sonralar o, kral kimi VII Karl olmuşdu) və Valua kralı VI Karlın və Lankasterli ingilis kralı VI Henrinin yaxın adamının varis olması üstündə qızğın mübahisə gedirdi. İngiltərə kralı Henri həm də Burqundiya hersoqu Xoşxasiyyətli Filiplə ittifaqda idi və Fransa krallığının şimal hissəsinin çoxunu işğal etmişdi. 427-ci ildə dofin ümidsiz vəziyyətdə idi. O, Reymsdə özünə tac qoyulacağına əmin deyildi. Reyms Fransız krallığının ənənəvi taclanması yeri olsa da, bu vaxt şəhər onun düşmənlərinin əlində idi. Fransa kralının taxt-tacı məsələsi çağırış üçün açıq idi.

1428-ci ilin mayında Müqəddəslərin səsinin təsiri ilə Janna Domremidən dofinə loyal olan şəhərə gəlib çatdıqda, dofinlə görüşmək istədiyini və buna icazə verilməsini xahiş etdi. Kapitan bu 16 yaşlı qızın öncəgörməsinə inanmadığından, Janna evinə dönməli oldu. 1429-cu ilin yanvarında Janna yenidən həmin şəhərə gəldi, kapitan onun cadugər olmadığına inanıb, onun dofinlə görüşməsinə icazə verdi. Janna kişi paltarında, 6 silahlı adamla birlikdə düşmən tabeliyində olan ərazidən keçib, 12 gün sonra dofin Karlın yanına gəldi.

Janna dofin yaşayan qəsrlərdən birinə yollandı, 2 gün sonra dofin qızı qəbul etdi. Qızı sınamaq üçün o, saray adamlarının arasında idi, Janna heç vaxt onu görmədiyi halda, tezliklə dofini tanıdı və ona dedi ki, ingilislərlə döyüşə getmək istəyir və dofin də hökmən Reymsdə taclanacaqdır.

Janna üç həftəyə Puatyeyə gətirildi, ilahiyyatçılar ona suallar verirdilər. Qız onlara cavab verdi ki, bunlar Puatyeyə deyil, Orleana aid məsələlərdir, orada olanların hamısına bunu sübut edəcəkdir. Orlean bu vaxt bir neçə ay idi ki, ingilislərin mühasirəsində idi. Dofinə əyanları məsləhət gördülər ki, Jannadan istifadə etsin.

Dofin Jannaya bir neçə adamdan ibarət hərbi qüvvə verdi. Üstündə Xristin şəkli olan bayrağı Janna başı üzərində qaldırdı. Orlean 12 oktyabr 1428-ci ildən 1429-cu ilin aprelinə kimi ingilislərin mühasirəsində idi. 29 apreldə Janna dedi ki, onların hərəkəti ingilislərə əlavə kömək gələnə qədlər davam etməlidir. Mayın 4-də Janna istirahət edəndə, ayağa qalxıb dedi ki, gedib ingilislərə hücum etməlidir. O, gecikmədən döyüşə tələsdi və orada öz yerini tutdu. Onun gəlişi döyüşçüləri düşmənə qarşı mübarizəyə ruhlandırdı və onlar hücum edib düşmən fortunu tutdular. Sonrakı günü Janna ingilislərə özünün qəzəbli məktubunu göndərdi. Sonra o, başqa forta tərəf döndü, onu da qasırğa kimi məhv etdi. Mayın 7-də başqa bir fort da təslim edildi, ingilislər yenə də məğlub oldular. Beləliklə, düşmən Orleandan mühasirəni götürməyə məcbur oldu.

Bundan sonra Janna Orleanı tərk edib, dofin Karlla görüşdü. O təklif etdi ki, ingilislərin başı Luara çayı yanındakı işlərə qarışdığından, o, Reymsdə taclanmalıdır.

Fransız və ingilis orduları Patarda üz-üzə gəldilər. Janna dofinə dedi ki, böyük qələbə qazanacaqdır və doğrudan da, o, qalib gəldi. İngilis ordusu geri qaçdı və onların uğuru yoxa çıxmışdı.

Janna yenidən təklif etdi ki, dofin Reymsə getməlidir. Janna ona qoşuldu və onun ordusu düşmənə üstün gəldi. Bu, Karlın qıza olan inamını artırdı. Janna və dofin Reymsə yollandılar. Janna artıq Orlean qızı kimi böyük şöhrətə yiyələnmiş, ölkədə məşhurlaşmışdı.

16 iyunda kral ordusu Reymsə girdi və qapıları açdı. Bir gün sonra isə tac qoyulma mərasimi baş verdi. Janna bu mərasimdə iştirak etdi, Karlın qarşısında diz çöküb, onu ilk dəfə olaraq kral olmağa səslədi.

Janna Karlı tərk etdikdən sonra, kral Parisi azad etməyə hazırlaşdı. Ordu Karlın qərargahının əleyhinə idi, bunun da səbəbi Burqundiya hersoqunun Parisə yiyələnməsi idi. İngilis ordusu Karlı qabaqlayıb, Sena çayını keçdi. Janna isə sevinirdi ki, Karl Parisə hücum edəcəkdir. Ancaq Senanın şimalını burqundiyalılar tutmuşdular. Karlın hücumu uğursuz qaydada başa çatdı. Janna hücumu tərk etmişdi, hücumun davam etdirilməsini isə kralın özü əmr etmişdi.

Jannanı iki qardaşı ilə birlikdə burqundiyalılar tutdular. 25 may 1430-cu ildə Reyms əhalisinə Jannanın Parisdə əsir düşməsi xəbəri məlum oldu. Karl isə Burqundiya hersoqu ilə sülh bağlamaq istəyirdi.

Burqundiya hersoqu əsir götürülmüş Jannanı mühakimə edilmək üçün Ruana göndərdi. Orada isə ingilislər ağalıq edirdi. Janna kilsə məhkəməsi qarşısında mühakimə edilməli idi. Bu mühakimə VII Karlı da gözdən saldı, axı o, özünün taclanmasına görə Jannaya borclu idi.

Mühakiməyə sədrliyi yepiskop, həm də vitse-inkvizitor olan Koşon edirdi. Onun familiyası fransız dilində "donuz" demək idi.

1431-cı ilin yanvarında Jannanın mühakiməsi başlandı. Ona həbsdən qaçmaq cəhdi qadağan edilmişdi. Hər dəfə ondan həqiqəti deməsi barədə and içməyi tələb edirdilər. Mühakimə edənlər həm də kral VII Karlın düşmənləri idilər. Jannanı 70 maddə üzrə ittiham edirdilər. Onların hamısı qızı şərləməyə, qaralamağa əsaslanırdı. Mart ayında o, yenidən mühakimə edildi. O, labüd şəkildə məhkəməyə tabe olmaqdan imtina edirdi, özünün tələyə salınmasına imkan vermirdi.

Janna məhbəsdə möhkəm xəstələnmişdi, az qala ölüm ayağında idi. Tövbə etməsi üçün şərait yaradılmasını xahiş etdi. Ona qadın paltarı geyinməyi tələb edirdilər. Janna isə cavab verirdi ki, yalnız öz azad iradəsinə tabedir.

1431-ci ilin 30 mayında məhkəmə onun tonqalda yandırılması hökmünü verdi. Onu edam yerinə, eşafota gətirdilər. Cəlladlar onu tonqal üçün qurulmuş səhnəninin üstünə çıxardılar. O, domininikan keşişinə dedi ki, alovun dəhşətli harayının üstündən onun səsi eşidiləcəkdir.

İspaniya kraliçası İzabella Kastiliyalı

İspaniyanın ilk kraliçası olan İzabella Kastiliyalı 1451-ci ildə anadan olmuş, 1504-cü ildə ölmüşdür. Bu qadın 1474-cü ildən başlayaraq əvvəlcə Kastiliyanın kraliçası olmuş, iki krallıq - Kastiliya və Araqon birləşib, İspaniyanın ilk mərkəzləşmiş dövlətini yaratdıqda, əri Ferdinand Araqonlu ilə birlikdə o, bu yeni birliyi idarə etməyə başladı. Onların hökmranlığı ispanların daimi birliyinə səbəb olmaqla yanaşı, Yeni Dünya imperiyasının başlanğıcı ilə əlamətdar olmuşdur. Əvvəllər məlum olmayan Yeni Dünyanı isə həm İspaniya, həm də bəşəriyyət üçün ilk dəfə kəşf edən, ispan dənizçisi, əslən genuyalı olan Xristofor Kolumb (ispanlar onu Kolon adlandırırlar, italyan dilində isə onun adı "Göyərçin" deməkdir) kəşf etmişdir. Bu ekspedisiyanı yola salmaq heç də sadə məsələ və iş deyildi. Üç gəmidən ibarət olmaqla, iri xərc tələb edirdi. Sadə səyyah bu səfərin xərclərini öz üzərinə götürə bilməzdi, dövlətin maddi yardımı olmasa, onu icra etmək də mümkün deyildi. Bu böyük işin məsarif xərclərini İspaniya kraliçası İzabella Kastiliyalı öz üzərinə götürdü və nəticəsi naməlum olan bu böyük səfərin reallaşmasına məhz bu alicənab və perspektivi görən qadın sponsorluq etdi. Kolumb Amerikanı Köhnə Dünya üçün bilavasitə açdığı kimi, bu inqilabi layihənin həyata keçirilməsi məhz qadın hökmdarın müdaxiləsi nəticəsində baş tutmuşdu. Ona görə də kraliça İzabellanın kəşfin icra edilməsinin baş tutmasındakı əvəzsiz rolu layiqincə qiymətləndirilməlidir.

İzabella erkən həyatında da siyasi fallığı və müstəqilliyi ilə seçilmişdi. İspan papası tərəfindən "La Catolica" - "Katolik" tituluna layiq görülmüş bu qadın əri ilə birgə ölkəni idarə edəndə, onlar əvvəldən vəzifələrini bərabər qayada bölüşdürməklə və qanun yaratmaqla, yeni monarxiyanı möhkəmləndirmişdilər. Onların idarəçiliyinə qədər hakimiyyətə müdaxilə edən kübarların qüvvələrini zəiflətməyi bacarmışdılar. Kraliçanın ən məşhur əməllərinə onun müəlliflik etdiyi beş iş daxildir.

1. Birincisi və ən mühümü, Kolumba sponsorluq etməsi ilə kraliça İzabellanın bilavasitə köməyi nəticəsində Yeni Dünya kəşf edilmişdir. Yalnız İzabellanın monarx kimi öz təbəəsi Kolumbun səfərinə pul ayırması ilə dünyanın yeni hissəsinin açılması mümkün olmuşdur. Kolumb 3 avqust 1492-ci ildə səyahətinə başlamış, öz niyyətində, yolunu açmaq istədiyi məntəqəni - Hindistanı tapmaq əvəzinə, Amerikaları kəşf etmişdi. O, ədviyyat bazarına sahib olmaq naminə Hindistana gedib çıxdığına inanmışdı. İspaniyaya qayıtdıqdan sonra qəhrəman kimi qarşılanan Kolumb, kəşf etdiyi ərazilərdən böyük fayda götürüləcəyini vəd etmiş, müstəmləkəçiliyin Qızıl Erasına start vermişdi. Bu kəşf kraliça I İzabellanın daha böyük şöhrətinə səbəb olmaqla, taleyinə də mühüm təsir göstərmişdi.

2. İzabellanın əri II Ferdinand Araqonlu onun əmisi oğlu idi. İzabella ilə Araqon arasında nikah razılaşması, qızın hələ 6 yaşı olanda baş vermişdi, bunu onun ögey qardaşı, Kastiliya kralı IV Henri təşkil etmişdi və bununla da digər elçiləri öz iddialarından uzaqlaşmağa sövq etmişdi. İzabella özü də sonralar onların hamısına rədd cavabı verərək, Ferdinanda ərə getməyi vəd etmişdi. Ferdinandla nikaha girmək üçün papadan razılıq almaq lazım idi. Cütlük 1469-cu ildə gizlincə evləndi. Şərqi və Qərbi İspaniyanın bu yolla birləşdirmələri ilə onlar milli dövləti dominant Avropa hakimiyyətinə çevirdilər.

3. İspan inkvizisiyası əri ilə onun rəhbərliyi altında qurulmuşdu. İzabella bir dindar katolik monarx kimi dini və milli birlik siyasətini aparırdı. O, inanırdı ki, bu, kilsənin də doktrinal birliyi üçün vacibdir və 1478-ci ildə əri ilə birlikdə ispan inkvizisiyasının yaradılmasına start verdi. Bu qayda diktə edirdi ki İspaniyadakı bütün yəhudilər və müsəlmanlar ya xristianlığa keçməli, ya da sürgün olunmalıdırlar. Təqribən 40 min yəhudi və ya ölkədəki yəhudi əhalisinin yarısı İspaniyadan mühacirət etməyə məcbur oldu. Birliyə nail olmaq cəhdi kütləvi təqiblərə və zorakılıqlara səbəb oldu.

4. İngiltərə kralı VIII Henri onun kürəkəni idi. Qadının yeddi uşağından ikisi ölü doğulmuşdu, beşi isə yaşlı həyata qədəm qoymuşdu. Lakin onun biri - Katerina Araqonlu İngiltərənin Uels şahzadəsi Artura ərə getmiş, Artur tezliklə öldükdən sonra, Katerina sonralar kral VIII Henrinin ilk arvadı olmuşdu. 1553-1558-ci illərdə İngiltərə kraliçası olan Mariya İzabellanın nəvəsi idi.

5. İzabella və Ferdinandın evlənməsi nəticəsində iki müstəqil dövlət birləşib, ilk İspaniya dövlətini yaratmışdı. Gələcəkdə bu dövlət böyük əraziyə sahib olan və imperiyaya çevrilən bir İspaniya olacaqdı. Lakin birləşmiş dövlətin yaranması da gərginliksiz ötüşmədi. İzabella hökmdar elan olundu. Kastiliya və Araqon kimi iki krallıq birlikdə tarazlıq şəraitində yaşayır, burada ciddi münaqişə baş vermirdi.

İzabellanın uşaqlığına gəldikdə, o, atasının varisliyi xətti üzrə ikinci övladı idi. Kral II Xuan Kastiliyalı, onun böyük qardaşı Henridən əvvəl taxt-taca gəlmişdi. Yeni kral isə qardaşı öldüyünə görə, İzabellanı öz varisi elan etmişdi. İzabella həm də yaxşı təhsil almışdı.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
525.az

1Источники