Azərbaycan Böyük Britaniya ilə bu ölkənin İxrac Kreditləşdirmə Agentliyinin (UKEF) dəstəyilə 5 milyard funt sterlinq dəyərində kredit zəmanəti proqramı çərçivəsində ilk sövdələşməni uğurla həyata keçirib.
Bu barədə “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Diplomatik missiyadan qeyd ediblər ki, “Silk Way West Airlines” aviaşirkəti Böyük Britaniyada müasir “Boeing 777” simulatorunun alınmasının maliyyələşdirməsinə dair sövdələşmə bağlayıb.
"Britaniyanın “L3Harris Commercial Aviation Solutions” şirkətinin istehsal etdiyi trenajor “Boeing 777”nin üç variantını birləşdirən yeni nəsil modeldir və Azərbaycanın Milli Aviasiya Akademiyasının tələbələrinə çox real təlim şəraiti təklif edir. Azərbaycanın strateji mövqeyi, dünya aviasiyasındakı və logistikasındakı rolunun artması sayəsində UKEF çərçivəsində Böyük Britaniya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün inanılmaz potensial mövcuddur", - səfirlikdən vurğulayıblar.