Çox kədərli xəbər oldu. Dünən aldığımız acı xəbəri deyirəm. Gözəl muğam ustadımız Arif Babayevin vəfatının ardınca gözəl yazarımız Elçin Əfəndiyevin dünyasını dəyişməsi Azərbaycan xalqı üçün böyük itki oldu. Sonuncu mogikanlarımızı da itirdik.
Onunla cəmi iki dəfə qısaca telefon söhbətimiz olub. Unudulmaz yazıçımız İlyas Əfəndiyevə həsr etdiyim şeiri və "Klassiklərimizi bəyənməyənlər" adlı essemi bəyənmişdi. Bəlkə də cəmi üç dəqiqə sürən bu söhbətdə elə həyəcanlanmış, özümü elə bəxtəvər hiss etmişdim ki... Fəxr etmişdim. Zarafat deyil, telefonun o biri başında mənimlə danışan zəmanəmizin canlı klassiki idi! Ədəbiyyatımızın nəhənglərindən biri, İlyas Əfəndiyevin yadigarı! Keçən əsrin səksəninci illərində Vətən cəmiyyəti ilə qürbətdəki soydaşlarımızı bir araya gətirən, əsərləri ilə bizə ədəbiyyatı sevdirən sevimli yazıçım! Mirzə Fətəli Axundovdan, Cəfər Cabbarlıdan, İlyas Əfəndiyevdən sonra teatr səhnəmizi öz pyesləri ilə daha da zənginləşdirən böyük dramaturq!
Yaxşı yadımdadır, bəzən atamın məktəbdə yemək pulu üçün verdiyi pulu toplayıb gözümə maraqlı görünən kitablardan alırdım. Uşaq aglımla nağıl kitabı hesab edib aldığım ilk kitab Elçinin cildi yaşıl rəngli " Bülbülün nağılı" idi. Kitabı oxuyanda sanki sehirli bir aləmə düşdüm. Bu, öz sehri ilə, cazibəsi ilə indiyə qədər bələd olduğum sehrli nağıl dünyasından heç də geri qalmayan, hətta qat-qat üstün olan bambaşqa bir dünya idi: Ədəbiyyat dünyası! Bu dünyada bir "Ağ dəvə" var idi, bu dünyada " Baladadaşın ilk məhəbbəti", " Bir görüşün tarixçəsi' və oxuyub sehrindən çıxa bilmədiyim neçə- neçə əsərlər vardı...
Bugün mən atamdan sonra mənə "qızım" deyən ikinci atamın- qaynatamın qırx mərasimindəyəm və bu yazını qadınların ağlaşma qurduğu çadırın yanında dərin bir matəm içərisində göz yaşları ilə yazıram. Kənd yeridir və təbii ki, hamı mənə qəribə nəzərlə baxır. Amma yazmaya bilmirəm. Çünki Elçin müəllim mənə doğma adam kimi idi. Bugün onun dəfn mərasimində iştirak edə bilməməyim vəfatı kimi mənə ikiqat bir dərd oldu. Məni bağışlayın, Elçun müəllum! Sonuncu ad gününüzdə sizə yazdığım cümlələri burada da yazıram: " Siz rəhmətlik atanız İlyas Əfəndiyevin yaratdığı Həsənzadə, Muradzadə obrazlarının prototipisiniz."
Məkanınız cənnət olsun, gözəl yazar, xeyirxah insan! Haqqınızı halal edin! Kaş bu yazını sağlığınızda yaza biləydim...