RU

Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki...

“Son zamanlar Azərbaycanın “İbrahim sazişləri”nə qoşulacağı barədə iddialar var. Hətta ABŞ də bunu gizlətmir”. 

Bu sözləri politoloq Natiq Miri “Cebheinfo.az”-a açıqlamasında deyib.

O hesab edir ki, Azərbaycan indiki vəziyyətdə “İbrahim sazişləri”nə qoşulmayacaq:

“Çünki bu, sadəcə bizim istəyimizdən asılı məsələ deyil. Bu planın həyata keçirilməsinin ən böyük əngəli İsrail dövlətidir. İrqçi, dini və şovunist xülyalarla yaşayan İsrail hökumətinin addımları buna əngəl olur. Ona görə də indiki vəziyyətdə qardaş Türkiyənin geosiyasi maraqlarını və təhlükəsizliyini təhdid edən bir İsrail mövcud olduğu müddətdə Azərbaycanın prosesə qoşulması mümkün olmayacaq”. 

Ekspertin sözlərinə görə, İsrail Suriyada hələ də dağıdıcı ünsür olaraq qalır:

“İsrail Suriya ərazisində vətəndaş müharibəsini tətikləyir və bununla da ölkəni parçalanmış bir vəziyyətə salmaq siyasəti yürüdür. Üstəlik, Təl-Əviv hakimiyyətinin İranla da çox ciddi problemləri var. Bundan əlavə, İranda yeni xarici siyasət prioritetlərinin dövriyyəyə buraxılmasını müşahidə edirik.

Ən azından İran Prezident Məsud Pezeşkianın Türkiyə və Azərbaycanla münasibətlərin pozulmasına görə günahkarın Tehran hakimiyyəti olmasını etiraf etməsi kimi gerçəklər var. İranda bu cür dəyişikliklərin baş verdiyi bir məqamda İsrailin siyasətinin Azərbaycanın prosesə qoşulmasına əngəl ola biləcəyini düşünürəm”. 

Ancaq politoloq Azərbaycanın “İbrahim sazişləri”nə qoşula biləcəyinə də istisna etməyib: 

“Məncə, bu məsələlər hamısı həll olunduğu, İsrailin anlaşma və sülh çərçivəsində addımlar atacağı təqdirdə “İbrahim sazişləri”nə qoşula bilərik. O zaman əməkdaşlığın çevrəsi daha da böyüyər.

Hətta “İbrahim sazişləri” gələcək perspektivdə Türkiyənin də qoşula biləcəyi böyük bir formata çevrilə bilər. Bu da böyük bir güc mərkəzi anlamına gəlir. Ancaq indiki şəraitdə Azərbaycanın “İbrahim sazişləri”nə qoşulacağı barədə iddiaları real hesab etmirəm”. 

Избранный
3
1
cebheinfo.az

2Источники