Avqustun 3-də Gədəbəy rayonunun Şahdağ kəndində KIA markalı avtomobilin aşması nəticəsində həyatını itirən şəxslərdən biri müəllim olub.
Moderator.az xəbər verir ki, hadisə nəticəsində ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orta məktəbinin ingilis dili müəllimi olub.
Həyatını itirən digər şəxs, 34 yaşlı Azadə Məmmədova isə həmin məktəbin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşı olub.
Qeyd edək ki, dünən Gədəbəy rayonunun Şahdağ kəndində Şəmkir rayon sakini Vüsal Məmmədovun idarə etdiyi KIA markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüblər.
Avtomobildə olan digər dörd sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir.