RU

Onun qədər heç kim bağışlaya bilməyəcək Xalq yazıçısı Elçinə rekviyem

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən əsrin ədəbiyyatda, mədəniyyətdə yeni ruhu, yeni düşüncə tərzini, fərdi insanı ifadə edən çox asan və düşündürücü termini vardı - “60-cılar”. Elə əsərlər var idi ki, yazılsa da, ya nəşr olunmur, ya da nəşrində böyük yubanmalar müşahidə edilirdi. Məsələn, Elçinin “Poçt şöbəsində xəyal”ı kimi. Əsər sovet senzurası tərəfindən qadağan edilsə də, bu, yeni düşüncə tərzinə malik Azərbaycan yazıçısının yetişməsinə mane ola bilmədi. 

Dissident ola bilərdi? Mümkün idi, yəqin ki, 26 yaşlı yazıçı bunu da gözə almışdı. Görkəmli dramaturq İlyas Əfəndiyevin oğlu olmasına baxmayaraq, Elçin öz yolunu seçmişdi. Kollektiv cəmiyyətin ütülü “qəhrəmanlar”ını ədəbiyyatda daha gerçək personajlar əvəz edirdi. 

Özümü xatırladığım zamandan... 

Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım. Amma bu uydurma yeni nəsil Azərbaycan ədəbiyyatnın gerçək əhvalatları idi və bu qəhrəmanların fərdi identifikasiyası müasirliyi, səlist məntiqi ilə seçilirdi. Baxmayaraq ki, bu qəhrəmanlar sadə insanlar idilər. Onların hər birinin aqibəti fərqli idi. Bu, sadəcə aqibət yox, dünənlə bu gün arasında daimi körpü idi və onun qəhrəmanlarının aqibətini daim körpüdə axtarmaq lazımdır. Abşeron mühitinin yetişdirdiyi saf və mərd Baladadaş... 

Yaxud İkinci Dünya müharibəsi illərində əxlaqsızlığa düçar edilmiş “Toyun diri qalmasın”dakı Zibeydənin, hətta “Dolça” povestindəki itin aqibəti kimi. Elçinin personajları əslində daxilən daim özü ilə mübarizə aparırdı. Bu həm də özü-özünü ifşa idi. Və tam səmimi deyirəm, cəmiyyət olaraq buna hazır deyildik. Axı Elçin öz personajları ilə cəmiyyəti silkələyirdi. Müasir Azərbaycan nəsrinin səsi olan Elçin üçün milli kimliyin dərki də başqa idi.

Məsələn, “Mahmud və Məryəm” romanında Elçin yazıçı təxəyyülü ilə keçmişə, Şah İsmayıl Xətainin dövrünə boylanır, burada sovet ehkamları olmadan məhəbbət əhvalatı qurur. İllər ötdükcə başa düşürsən ki, sovet dövründə Elçin əslində sevgi xəttinin fonunda tariximizi, adət-ənənələrimizi, milli kimliyimizi göstərməyə çalışırdı. Sonra daha ağrılı, “Ölüm hökmü” romanı gəldi. Elçin repressiya dövrünün ən sərt məqamlarını üzə çıxarmaqla yanaşı, əslində yaşadığı sovet dövrünə eyham vururdu. Roman qələmə alınanda və nəşr olunanda Azərbaycan hələ imperiyanın tərkib hissəsi idi. Hələ müstəqilliyə doğru gedən yola çıxmamışdıq. Amma Elçin qələmi ilə sovet imperiyasına ölüm hökmü oxuyurdu. 

Müstəqillik dövründə isə XIX əsrdə Azərbaycanın rus imperiyası tərəfindən işğalından bəhs edən “Baş” romanı gəldi. Haqlı olaraq deməliyəm, Elçin kinodramaturgiyaya olan münasibəti dəyişdi - insan talelərini bayaq qeyd etdiyim keçmişlə bu gün arasındakı körpüdə bərqərar etdi. “Arxadan vurulan zərbə”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Hökmdarın taleyi”, “Qatil” - bütün bu sadaladığımız filmlərin mərkəzində ustadcasına qələmə alınmış insan taleləri dayanır, odur ki, rejissorların fərqli olmasına baxmayaraq, Elçinin kinodramaturgiyasında ekran tamaşaçı ilə birbaşa ünsiyyətə girməkdən çəkinmir. 

Elçin müsahibələrinin birində deyirdi ki, bir əsəri yazmaq üçün hər kəsdən uzaqlaşır və onu təklikdə qələmə alır, personajları ilə daxilən mütəmadi ünsiyyətdə olurdu. Bəlkə də bütün bunlar elə bu yazıçı tərkidünyalığından, bu tərkidünyalıqda cəmiyyəti, fərdləri, insan talelərini daha aydın görməkdən irəli gəlirdi. 

Bir qədər də Elçin Əfəndiyevdən danışım. O, uzun illər Nazirlər Kabinetində Baş nazirin müavini kimi humanitar sahəyə rəhbərlik etdi. Elə hallar olub ki, yaradıcı insanın üzərində dövlətdə vəzifə öhdəlikləri qoyulanda yaradıcılıqdan uzaqlaşır. Amma onda belə olmadı. Elçin Əfəndiyev Baş nazirin müavini olduğu illərdə də elə Elçin idi. Yazırdı, həm vətəndaş üçün, həm də oxucu və tamaşaçı üçün. Və bilməliyik, hər kəs fərdidir, hər kəsin qoyub getdiyi irs də fərdidir. Elçin isə təkcə qoyub getmədi. Bağışladı. Qələmi ilk dəfə əlinə götürdüyü andan onu yerə qoyana qədər. Azərbaycan ədəbiyyatına, ekranına fərqli talelərdən qaynaqlanan səlist məntiq, milli kimlik - dəyəri ölçülərə sığmayan böyük sərvət bağışladı. Elə bağışladı ki, bundan sonra heç kim onun qədər bağışlaya bilməyəcək.   

Kamran Qasımov 

Telejurnalist, ssenarist, rejissor, Avropa Kino Akademiyasının üzvü 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
525.az

1Источники