"Ev şəraitində hazırlanan qidaları alarkən diqqətli olmaq lazımdır".
Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, indiki dövrdə sosial şəbəkələr vasitəsi ilə onlayn ticarət həyata keçirən bir çox səhifə var:
"Həmin səhifələrdə satılan qidaların necə hazırlandığı, tərkibi, saxlanılması və daşınması ilə bağlı bir çox müəmmalı hallar olur. Onların üzərində hansısa məlumat da olmadığı üçün sadəcə satan şəxsdən soruşmaq lazım gəlir. Üstəlik, əksər hallarda həmin qidaların hansısa aidiyyatı qurum tərəfindən standartlara uyğun olub-olmadığını yoxlanılmır".
Ekspert həmin qidaların təhlükəsindən də söz açıb:
"Əsasən ev şəraitində hazırlanan şirniyyatların daha cəlbedici alınması üçün onlarda allergiyaya səbəb olan maddələrdən, konservantlardan, süni qatqılardan və hətta qeyri-qida üçün nəzərdə tutulan boyalardan istifadə olunur. Əlbəttə ki, bütün bunlar da insan sağlamlığına zərərlidir.
Üstəlik, həmin məhsulların hazırlandığı tarix və son istifadə müddəti də dəqiq bilinmir. Bir çox hallarda onların yeni olduğu deyilir, amma unlu şirniyyat məmulatlarında bunu bilmək çətin olur. Çünki şəkərli məhsul olduğuna görə bir çox şirniyyatın xarab olduğunu uzun müddət sonra bilirlər. Ancaq belə köhnə məhsulları qəbul etdikdə, həzm sistemində problemlərin yaranması mümkündür".
Mütəxəssis onu da diqqətə çatdırıb ki, ev şəraitində hazırlanan şirniyyatları bişirən şəxsin təmizlik, sanitar-gigiyena qaydalarına əməl edib-etmədiyi şübhə altında olur:
"Bundan başqa, həmin şirniyyatların hansı şəraitdə hazırlandığı belə bilinmir. Nəzərə almaq lazımdır ki, sanitar qaydalara əməl olunmadan hazırlanan qida çirklənməyə məruz qala bilər. Bu isə onun tərkibinin pozulmasına, içində zərərli bakteriyaların inkişaf etməsinə və sağlamlığa zərər vurmasına gətirib çıxarır.
Təəssüf ki, belə məhsulların bəzən xarab olduğu hansısa əlamətlə hiss olunmur. Bu da öz növbəsində sağlamlıq üçün zərərlidir. Xüsusilə də bu təsir xroniki xəstələr, immun sistemi aşağı olanlar, uşaqlar və yaşlı insanlar da daha tez özünü göstərə bilər".
Məhsəti Hüseynova qeyd edib ki, keyfiyyətsiz xammalın istifadə olunan məhsullar da bəzi xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır:
"Məsələn, şirniyyatlar standartlara uyğun hazırlanmaması, həddindən artıq şəkərdən və yağdan istifadə olunanması sağlamlıq üçün fəsadlar törədir.
Ona görə də qida məhsullarını alarkən etibarlı və mənşəyi bəlli olan yerlərdən almaq lazımdır. Unutmayın ki, süni şəkildə reklam olunan və inandırıcı rəylər yazılaraq insanları bu qidaların alınmasına cəlb edən məhsullara tam etibar etmək olmaz.
Əfsuslar olsun ki, vətəndaşların əksəriyyəti belə məhsullardan zəhərlənəndə hara şikayət edəcəklərini də bilmirlər. Həmçinin, mənşəyi məlum olmayan qidaların küçədə və səyyar şəkildə satılması da təhlükəlidir. Çünki belə olan halda xoşagəlməz hallar baş verdikdə, onlara qarşı tədbir görülməsi demək olar ki, mümkün olmur. Bütün bu səbəblərə görə, mənşəyi bəlli olmayan qidalardan uzaq durmaq tövsiyə olunur".
Pərviz