Bu günlər Şimali Makedoniyanın idman mətbuatının gündəmində əsas mövzu : “Şkendiya” komandasdır.
2024/25 mövsümünün futbol üzrə ölkə çempionu avrokuboklarda uğurlu çıxış edərək UEFA Çempionlar Liqasında 3-cü mərhələyə vəsiqə qazanıb.
Məlum olduğu kimi, bu raundda onların rəqibi Azərbaycan çempionu “Qarabağ”dır. Və indi Makedoniyada bu oyunu səbirsizliklə və növbəti mərhələyə adlamaq baxımından ümidlə gözləyirlər. Həm də ona görə ki, “Şkendiya” “Qarabağ”ı keçsə, Şimali Makedoniya tarixində ÇL-in pley-off mərhələsində oynayan ilk klub olacaq.
Bunu yerli “Sport” nəşri yazır.
Yazıda bildirilir ki, bu yay, eləcə də qarşıdakı payız mövsümündə “Şkendiya” Makedoniya futbolunun diqqət mərkəzində olacaq:
“Ən azı Konfrans Liqasının liqa mərhələsinə (əvvəlki adı ilə qrup mərhələsi) vəsiqə qazanması təkcə Makedoniyanın ən titullu ikinci klubu deyil, ümumilikdə ölkə futbolu üçün böyük uğurdur. Beləliklə, Şkendiya “Vardar”dan sonra avrokubokların qrup mərhələsində oynayan ikinci Makedoniya klubu olacaq”.
Daha sonra məqalədə qeyd edilir: “Amma “Şkendiya” bununla kifayətlənmək istəmir. Artıq bu çərşənbə axşamı onlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı ilk oyununu keçirəcəklər. Əgər “Şkendiya” bu mərhələni keçsə, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasında pley-offa yüksələcək. Yəni “Şkendiya” futbolun zirvəsi sayılan Çempionlar Liqasının qrup mərhələsindən cəmi bir addım uzaqda olacaq.
Belə bir fürsətə indiyə qədər yalnız “Vardar” (2003-cü ildə “Sparta” Praqaya uduzub) və “Rabotniçki” (2006-cı ildə “Lill”ə məğlub olub) yaxın olmuşdular. Lakin o dövrdə pley-off mərhələsi yox idi – 3-cü təsnifat mərhələsini keçən komandalar birbaşa qrup mərhələsinə yüksəlirdi. İndi isə “Şkendiya” əvvəlcə “Qarabağ”ı, sonra isə pley-off mərhələsini keçməlidir ki, Çempionlar Liqasının qrupuna düşə bilsin”.
Məqalə bu fikirlərlə tamamlanır: “Digər tərəfdən əgər “Şkendiya” “Qarabağ”ı keçə bilsə, o, Makedoniyanın Çempionlar Liqasında üç təsnifat mərhələsini adlayan ilk klubu kimi tarixə düşəcək. İndiyədək “Vardar” və “Rabotniçki” yalnız iki mərhələ keçə bilmişdi.
“Vardar” 2003-cü ildə “Berri Taun” və Moskva SSKA-sını keçmiş, lakin “Sparta” Praqaya uduzmuşdu. “Rabotniçki” isə 2006-cı ildə “Düdelanj” və “Debretsen”i mübarizədən kənarlaşdırmış, sonra “Lill”ə məğlub olmuşdu. Bu yay isə Şkendiya əvvəlcə TNS-i, sonra “Styaua”nı keçdi. İndi isə növbədə “Qarabağ” var”.
QOL.az