BAKI, TurkicWorld
Avropanın bir çox bölgəsi, xüsusən Aralıq dənizi ilə həmsərhəd ölkələr, yüksək temperatur və geniş yayılmış meşə yanğınları ilə mübarizə aparır
TurkicWorld xəbər verir ki, Portuqaliya, İspaniya, Bolqarıstan və digər Aralıq dənizi ölkələri son günlərdə artan temperatur və nəzarətdən çıxan yanğınlarla mübarizə aparır.
Portuqaliya mətbuatının məlumatına görə, ölkənin müxtəlif bölgələrində 2 minə yaxın yanğınsöndürən yanğınların söndürülməsinə cəlb olunub. Xüsusilə Ponte da Barca bölgəsində alovların nəzarətdən çıxdığı, ən azı 19 nəfərin xəsarət aldığı və onlarla insanın ərazidən təxliyə edildiyi bildirilib. Şəhər meri Auqusto Marinyo vəziyyətin kritik olduğunu bildirib və təhlükənin hələ də davam etdiyini qeyd edib.
Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) tərəfindən yayımlanan proqnoza əsasən, ölkədə 36 ilə 44 dərəcə Selsi arasında dəyişən yüksək temperaturun avqustun 6-dək davam edəcəyi gözlənilir.
İspaniyada, Las Hurdes bölgəsində baş verən yanğın nəzarət altına alınıb. Bununla belə, yanğınsöndürənlər digər bölgələrdə alovun yenidən alovlanmaması üçün profilaktik tədbirlər görürlər. Bolqarıstanda isə son 24 saatda 60-a yaxın kiçik miqyaslı yanğın söndürülüb.
Avropa Meşə Yanğınları İnformasiya Sistemi (EFFIS) və Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, 2025-ci ilin əvvəlindən Avropada 1339 yanğın baş verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% artım deməkdir. Ötən il bu göstərici 900 olub.
Yanğınların nəticələri də ağırlaşıb. Ötən ilin eyni dövründə təxminən 139 min hektar sahə yanmışdısa, bu il bu rəqəm 292 min hektara yüksəlib.
Yanğın Hava İndeksinin (FWI) hazırladığı xəritəyə əsasən, İtaliya, Balkan ölkələri, Yunanıstan, Bolqarıstan, Rumıniya və Türkiyənin bəzi bölgələrində risk səviyyəsi “çox ifrat” və “ekstremal” olaraq qiymətləndirilir. Finlandiyanın şərqi, Fransanın cənubu, İspaniya və Portuqaliyada da riskin daha da artacağı proqnozlaşdırılır.
Səlahiyyətlilər yaxın günlərdə yüksək temperaturun davam edəcəyini və yanğın riskinin daha da artacağını bildirərək əhalini ehtiyatlı olmağa çağırır.