RU

Araz Naxçıvan , Sabah və Zirə nin dirçəlişi Azərbaycan futbolu yenidən oyanır

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa futbolunun işıqları bir daha Azərbaycan üzərinə düşdü. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ölkəmizi təmsil edən üç komandadan ikisi - "Araz-Naxçıvan" və "Sabah" mərhələ adlayaraq qitənin futbol mübarizəsində yoluna davam edir. Digəri - "Zirə" isə bu yolda ayağı sürüşən ilk klub oldu. İndi Azərbaycanın ümidi üç ad üzərində cəmlənib: "Qarabağ", "Araz-Naxçıvan" və "Sabah". Və bu üçlük təkcə bir mərhələnin yox, Azərbaycan futbolunun gələcəyinin də simvoludur.

Qələbənin rüzgarı: "Araz-Naxçıvan"ın tarix yazdığı gecə

Bu, yalnız bir klubun mərhələ keçməsi deyil - bir bölgənin, bir inancın və Azərbaycan futbol coğrafiyasının yeni nəfəsi idi. "Araz-Naxçıvan" Yunanıstanın təmsilçisi "Aris"i iki oyunun nəticəsinə əsasən 4:3 hesabı ilə məğlub edərək təkcə mərhələ keçmədi - həm də tarixə adını qızıl hərflərlə yazdı. Cəmi bir neçə il öncə varlığı ilə-yoxluğu bir olan bu klub, bu gün Avropa meydanlarında döyüşür.

"Araz-Naxçıvan" təkcə oyun qazanmadı. O, Azərbaycan futbolunun periferiyasında olan bir bölgənin də Avropaya çıxış bileti qazandığını sübut etdi. Bu, futbolun yalnız Bakıda deyil, ölkənin hər guşəsində yaşadığını, nəfəs aldığını göstərdi.

"Sabah" isə artıq sabahın yox, bu günün komandasına çevrilməyə başlayıb.

"Sabah" uzun zamandır iddialı olmağa çalışırdı. Bu dəfə isə sadəcə çalışmadı - bacardı. Moldovanın "Petrokub" komandasını həm səfərdə, həm də evdə məğlub edən paytaxt təmsilçisi mərhələni asanlıqla keçdi.

Bu nəticə o deməkdir ki, artıq "Sabah" sözün əsl mənasında gələcəyin yox, bu günün komandasıdır. Kollektiv oyun, sistemli yanaşma, intizam və psixoloji dözümlülük "Sabah"ın bu uğurunun başlıca səbəbləri idi. Onlar artıq bu liqada "təsadüfi komanda" deyil, "hesablanmalı rəqib" statusunu alıblar.

Ən böyük ümidlərdən biri də "Zirə"yə idi. Təmsilçimiz Azərbaycanın digər klublarına nəzərən ən ağır rəqibi ilə görüşdə, son saniyəyədək əzmkar mübarizəsini davam etdirdi. "Hayduk Split" kimi Avropa təcrübəsinə malik bir kluba qarşı ilk oyunda (1:1) möhtəşəm müqavimət göstərən "qartallar", cavab oyununda təəssüf ki, "uça bilmədilər". Səfərdə alınan 1:2 hesablı məğlubiyyət, "Zirə"nin qitəmiqyaslı səfərini yarımçıq buraxdı.

Amma bu məğlubiyyətin içində belə ümid toxumları var idi. "Zirə" göstərdi ki, o artıq sıradan bir komanda deyil. O mübarizə aparmağı bacarır, Avropa səviyyəsində futbol oynayır və qalib gəlmək üçün psixoloji hazırlığa da malikdir. Sadəcə bu dəfə rəqib daha hazırlıqlı idi.

Digər tərəfdə isə Azərbaycanın Avropadakı ən sabit təmsilçisi - "Qarabağ" var.

"Köhlən atlar" hər il olduğu kimi yenidən azarkeşlərini sevindirməyə davam edirlər.

Onlar bu mərhələyə qatılmadan öncə artıq adını tarixə yazıblar. Bu mövsüm də "Qarabağ" ölkə reytinqinin əsas daşıyıcısı olaraq yoluna davam edir və böyük ehtimalla qrup mərhələsinin əsas namizədlərindən biridir.

İndi ölkəmiz Avrokuboklarda yalnız üç klubla təmsil olunur - "Qarabağ", "Araz-Naxçıvan" və "Sabah". Az görünə bilər, amma say deyil, keyfiyyət önəmlidir. Bu üçlük bu il Azərbaycan futbol tarixində yeni bir səhifə aça bilər.

Avropada artıq Azərbaycan adı daha çox çəkilir. Əgər əvvəllər bu yük təkcə "Qarabağ"ın çiynində idisə, bu gün bu yükü bölüşən yeni qüvvələr var - biri regiondan, digəri isə gənc enerjiyə sahib bir paytaxt təmsilçisi. Bu isə o deməkdir ki, Azərbaycan futbolunda artıq fövqəladə mərkəzləşmə dövrü başa çatır. Yeni mərkəzlər, yeni nəfəs, yeni uğurlar gəlir.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
oxu.az

1Источники