BAKI, TurkicWorld
Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi, Qəzza zolağını şəxsən ziyarət etmək istədiyini bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Lemmi “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.
Lemmi, İsrailin hücumları nəticəsində bölgədə baş verən dağıntılar və mülki itkilərdən narahat olduğunu qeyd edib.
O, yardım gözləyən mülki şəxslərə edilən hücumların qeyri-insani və mənəvi cəhətdən qəbuledilməz olduğunu vurğulayıb və bu əməllərə görə İsrailin məsuliyyət daşıdığını bildirib.
Nazir, Qəzzadakı mülki vətəndaşların və HƏMAS tərəfindən saxlanılan israilli əsirlərin vəziyyətinə diqqət çəkib. O qeyd edib ki, bu böhranın qarşısını almaq üçün təcili atəşkəsə ehtiyac var.
Lemmi, bölgədə dərinləşən humanitar böhran qarşısında beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğunu bildirib və Qəzzaya humanitar yardımın çatdırılması ilə yanaşı, davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff iyulun 31-də İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə etmişdi.
Daha sonra Uitkoff, Qəzzaya səfər etmişdi. O, səfərinin məqsədinin Trampı bölgədəki humanitar vəziyyətlə bağlı məlumatlandırmaq, eləcə də yardım planı hazırlamaq oluğunu bildirmişdi.