ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada 2025-ci ilin avqust ayından etibarən qüvvəyə minən bir sıra yeni qanunlar və dəyişikliklər vətəndaşların gündəlik həyatından tutmuş iş dünyasına qədər bir çox sahədə mühüm dəyişikliklər gətirir.
"Cebheinfo.az" xəbər verir ki, əmək fəaliyyətində olan təqaüdçülərin maaş artımından tutmuş gənclərin bank hesabı açma şərtlərinə, spam mesajlardan qurtulma imkanlarına qədər geniş sahələri əhatə edən bu dəyişikliklərin əsas başlıqları aşağıdakılardır:
Əmək fəaliyyəti göstərən təqaüdçülərin sığorta ödənişlərinə əsaslanan hüquqları yenidən hesablanır. Təqaüdlərə maksimum 3 pensiya əmsalı (təxminən 437 rubl) həcmində artım ediləcək. Bu da təqaüdçülərin maddi durumunu bir qədər yüngülləşdirəcək.
14-18 yaş arası gənclər, artıq qanuni nümayəndələrinin yazılı icazəsi olmadan bank hesabı aça bilməyəcəklər. Lakin evlənərək tam hüquq əldə edən gənclər bu qaydanın xaricindədir. Rəsmilər bu tədbirlə gənclərin dələduzluq fəaliyyətlərinə cəlb olunmasının qarşısını almağı hədəfləyir.
Rusiyada mobil operatorların şəxsi hesabları və tətbiqləri vasitəsilə spam SMS-lərə abunəlikdən çıxmaq mümkün olacaq. Şikayətlər davam edərsə, "Gosuslugi" portalı vasitəsilə rəsmi şikayət təqdim edilə bilər.
1995-ci ildən qadağan olunan "matryoşka" modeli şirkət quruluşu, yəni bir şirkətin digər bir şirkətə tam sahib olmasına yenidən icazə verilib. Mütəxəssislər bu addımın sanksiya risklərinin azaldılmasında təsirli ola biləcəyini bildirirlər.
Bir milyon rubl (təxminən 1.650 dollar) və daha yüksək dəyərdə edilən ziynət əşyası, qiymətli metal və daş alqı-satqısı barədə banklar tərəfindən Rusiyanın Maliyyə Cinayətləri İzləmə Xidmətinə (Rosfinmonitoring) məlumat veriləcək. Xüsusilə qızıl və gümüş alqı-satqısı ciddi nəzarətdə olacaq.
Sankt-Peterburq şəhərində metro biletləri 81 rubldan 86 rubla, avtobus/tramvay/trolleybus biletləri isə 75 rubldan 80 rubla qalxıb. Lakin “Podorojnik” və “Birleşik Peterburq Kartı” istifadəçiləri üçün sabit 60 rubl tarifi saxlanılıb.
Rusiyanın elektron vizasının müddəti 60 gündən 120 günə, ölkədə qalma müddəti isə 16 gündən 30 günə artırılıb. Bu dəyişiklik Rusiyanın turizm və işgüzar səfərləri artırmaq məqsədinin bir hissəsi kimi qiymətləndirilir.
Məcburi hərbi xidmət, səfərbərlik və ya Ukraynadakı xüsusi əməliyyatda iştirak dövrləri, ali məktəbə qəbul imtahanı (EGE) nəticələrinin qüvvədə olma müddətindən çıxılmayacaq. Adətən 4 il keçərliliyi olan bu nəticələr hərbi xidmət keçən gənclər üçün həmin müddətə əlavə olunacaq.
Rusiyada yaşayan Belarus vətəndaşları yerli özünüidarəetmə seçkilərində səs verə biləcək. Belarusda yaşayan Rusiya vətəndaşları da eyni hüquqa malik olacaqlar.
Bu genişmiqyaslı dəyişikliklər Rusiyanın iqtisadiyyatdan təhlükəsizliyə, istehlakçı hüquqlarından xarici əlaqələrə qədər bir çox sahədə siyasətlərini yenidən formalaşdırdığını göstərir.
Qanunların cəmiyyət və iqtisadiyyat üzərindəki təsiri yaxın aylarda daha aydın şəkildə görünəcək.
Nigar Hacılı
"Cebheinfo.az"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.