Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun vəfatından 41 il ötür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək maestronun məzarını ziyarət ediblər.
Həmçinin muzeydə "Açıq qapı" günü keçirilib. Gün ərzində muzeyin Musiqi Həvəskarları Klubunun üzvləri Maestro Niyazinin xatirəsini yad etmək üçün muzeyi ziyarət ediblər.
Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun haqqında sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub.