Avropa İttifaqı ilə “Pfizer” arasında Covid-19 pandemiyası zamanı imzalanmış 35 milyard avroluq peyvənd müqaviləsi ətrafında ciddi qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazı dərc edib.
Məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və “Pfizer”-in rəhbəri Albert Burla arasında danışıqlar şəxsi mesajlarla aparılıb. Lakin həmin yazışmalar sonradan lazımsız sayılaraq arxivləşdirilməyib və itib.
Aİ Komissiyasının təqdim etdiyi sənədlərə əsasən, yazışmalar 2021-ci ilin yayında kabinet rəhbəri tərəfindən aşkarlansa da, saxlanmayıb. Fon der Leyenin bu müddətdə dəfələrlə mobil telefonunu dəyişdiyi və mesajların yeni cihazlara köçürülmədiyi bildirilib.
Jurnalistlər itkin mesajlarla bağlı informasiya sorğusu versə də, Komissiya bu yazışmaları “rəsmi sənəd” saymayaraq paylaşmaqdan imtina edib. Aİ-nin Baş Məhkəməsi bu yanaşmanı səhv hesab etsə də, Komissiya apellyasiya şikayəti verməmək qərarına gəlib.
Avropa Auditorlar Məhkəməsi həmin müqaviləni pandemiya dövründə imzalanmış ən böyük sövdələşmə adlandırıb. 1,8 milyard doza üçün nəzərdə tutulan müqavilənin ümumi dəyəri 35 milyard avrodur.