RU

Tarixi ədalət arayışında olan çərkəzlər Azərbaycana böyük ümid yeri baxır

ain.az, 525.az portalına istinadən məlumat verir.

“İpək Yol”u Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi çərkəz araşdırmaları ilə əlaqədar tədbirləri davam etdirir.

525.az-ın məlumatına görə, 2025-ci il iyulun 30-da bu silsilədən növbəti onlayn konfrans baş tutub.

“Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı toplantıya ABŞ, İsrail, Polşa və Türkiyədən çərkəz icmasının tanınmış xadimləri, QHT sədrləri qatılıb.

Konfransda Çar Rusiyası, SSRİ və ondan sonrakı dövrdə çərkəz xalqına qarşı məqsədyönlü kütləvi qətllər və deportasiyalar diqqət mərkəzində olub.

Çərkəz irsi üzrə tədqiqatçı-jurnalist, “Kavkazskiy uzel” layihəsinin rəhbəri Beslan Kmuzov bildirib ki, çərkəzlərin soyqırımına məruz qalması BMT səviyyəsində tanınmalıdır.

Türkiyədə çərkəz icmasının nümayəndəsi Selcuk Ulutaş qeyd edib ki, çərkəz xalqının qanını axıtmış rus generallarına çərkəzlərin sıx yaşadığı Şimali Qafqaz regionlarında Rusiya hakimiyyəti tərəfindən heykəllər, abidələr ucaldılıb, bu, çərkəzlərin milli qüruruna toxunur. O, bildirib ki, Azərbaycan xalqı da soyqırımılarına uğrayıb, ona görə də Azərbaycanda çərkəzlərin problemləri çox yaxşı başa düşülür. S.Ulutaş Azərbaycanın əzilən, müstəmləkə zülmünə məruz qalan xalqların səsinin çarçısı olduğunu bildirib, bu mənada tarixi ədalət arayışında olan çərkəzlər üçün Azərbaycanın böyük ümid yeri olduğunu qeyd edib.

Birləşmiş Çərkəz Şurasının üzvü Rüstəm Xujayev deyib ki, çərkəzlər daim dinc həyat arzusu ilə yaşayıb, məcburi sürgün və deportasiyadan sonra sığındıqları yerlərdə - Amerika, İordaniya, İsrail, Əfqanıstan, Türkiyə və digər ölkələrdəki həyat yolları da bunu sübut edib. R.Xujayev vurğulayıb ki, çərkəzlər doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayır, tarixi ədalətin bərqərar olacağına inanırlar. O, bildirib ki, çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır. Birləşmiş Çərkəz Şurasının üzvü Rusiya hakimiyyətini çərkəz icmasının fəallarına qarşı təqiblərə, təhqirlərə son qoymağa çağırıb.

Çərkəz Siyasi Mərkəzinin NyuYork bölməsinin rəhbəri Marianna Şeru çərkəzlərin didərgin salınmasına baxmayaraq, milli yaddaşını, mədəniyyətini, kimliyini itirmədiyini bildirib. M.Şeru Qafqazın dəyişən siyasi mənzərəsini diqqətlə izlədiklərini, Azərbaycanın zəfər təcrübəsi ilə fəxr etdikərini qeyd edib. O, Azərbaycan ictimaiyyətindən və dövlətindən çərkəzlərin problemlərinin dilə gətirilməsi üçün kömək istəyib.

Tarixçi-alim Ramin Əlizadə Azərbaycan və çərkəz xalqlarının tarixi faciələrinin və talelərinin oxşarlığını diqqətə çatdırıb. O, deyib ki, rus işğalı təkcə torpaqlara qarşı deyil, eyni zamanda toponimlərə qarşı da soyqırımı edib. Məsələn, “Şase” indi “Soçi” olub. R.Əlizadə çərkəzlərin başına gətirilmiş tarixi faciələrin üzə çıxarılması üçün arxivlərdə iş aparılmasının vacibliyini diqqətə çatdırıb.

İsraildən qafqazşünas, tarixçi-alim və jurnalist, Çərkəz Şurasının sədrinin müşaviri Avraam Şumleviç Rusiyanın qeyri-ruslara qarşı irqçi siyasətinin dayandırılmasını tələb edib.

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova Göytürk bildirib ki, çərkəzlərə qarşı qeyri-humanist rəftar Azərbaycan ictimaiyyətini də sarsıdır, Azərbaycan QHT-ləri ilə çərkəz QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. O, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətinindən bəhs edib. “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədr müavini Ülkər Eyvazova isə bildirib ki, öz mədəniyyətini ruhunda, qanında daşıyan, dilini qoruyan xalqlar ölmürlər, o, çərkəz xalqının bütün məşəqqətlərə baxmayaraq, mübarizə əzmini yüksək qiymətləndirib.

“Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə nümayəndəsi İbrahim Yaqanov bildirib ki, Qarabağ at cinsi ilə kabardin cinsi bir-biri ilə sıx əlaqəli olub, o, bu cinslər arasında əlaqələrin canlandırılmasını təklif edib. İ.Yaqanov çərkəzlərin azərbaycanlılarla birgə gələcəkdə at yarışları təşkil etməsinə də inandığını ifadə edib.

Yekunda konfrans iştirakçıları QHT-lər arasında əməkdaşlığın davam etdirilməsini təqdir ediblər, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinə bu fəaliyyətə görə minnətdarlıq ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
525.az

4Источники