"Kəpəz" üçüncü yoxlama görüşündə də uduzdu. Bu dəfə toplanışa hamıdangec başlayan, baş məşqçi təyinatını ən gec reallaşdıran "Sumqayıt"a. Ötən gün qısa status yazdım, bu dəfə bir az geniş yazacam.


Yeni mövsümün startına 2 həftədən də az vaxt qalıb. Amma "Kəpəz"in durumu hələ də naməlum olaraq qalır. Hətta belə baxıram bu gedişlə bu komandanın elitanı tərk etmək şansı "İmişli"dən də yüksək olacaq. Yeni rəhbərlik gələndə gəncəli futbolsevərlər sevindi ki, həm də yeni sponsor gəldi. Amma zaman keçdikcə göründü ki, sponsor zad gəlməyib, sadəcə, rəhbər posta dəyişiklik olub. Təsəvvür olunan pulun hələ ki, izi-tozu yoxdur. Komanda əgər hazırlığı ölkə daxilində keçirsə, etdiyi transferlər ciddi CV-ə malik deyilsə, demək ki, gözlənilən böyük pullar da yoxdu. Biz vaxtında danışanda, nə isə deyəndə bəziləri başqa cür başa düşürdü. VAllah biz Gəncə futbolunu düşünüb reallığa uyğun danışırdıq. Mənim nəyimə lazımdı "Kəpəz"in başında kim dayanıb. İlqar olsun, Əli olsun, Vəli olsun. Əsas odur ki, həmin rəhbər komandanı ağ günə çıxarsın. Çıxaran yoxdursa, olana qədər hazırkı qalıb işləməlidir.


İlqar Nadiri nə mənim dostumdu, nə qohumumdu, suyum gəlmir, çörəyim gəlmir. Amma fakt o idi ki, bu adam pis-yaxşı klubu toparlaya bilmişdi. Çoxuna zarafat gəlir, amma sponsorsuz komandanı 3 mövsümdü Premyer Liqada saxlamaq, döyüşkən komanda imici formalaşdırmaq asan deyil. Kimlərsə boğazdan yuxarı "Kəpəz" Premyer Liqada qalmaq uğurunda oynamalı deyil, "Kəpəz" çempionluğa oynamalıdır filan deyə bilər. Amma reallıq budur ki, bu heyət, bu büdcə ilə Premyer Liqada qalmaq özü böyük uğurdu. Əgər "Səbail" 7 milyonluq büdcə ilə bunu bacarmırsa, "Kəpəz"dən hansı haqla yüksək yerlər tələb etmək olar? Kimlərsə "Kəpəz"də vəzifə, iş ala bilmirsə və buna görə "Kəpəz"in tarixindən, 25-30 il bundan qabaq qazanılmış titullardan istifadə edib Nadirini "vurursa" bu, o demək deyil ki, onlar haqlıdır. Mən çox təəssüf edirəm ki, bəzən sadə azarkeşlər də həmin insanların təsiri altına düşür. Bəzi futbol veteranlarının tutduğu yol da xoş deyil.


Yadıma bir məqam düşdü. "Kəpəz" hələ 1 liqada olanda Elxan Məmmədov Gəncəyə getmişdi. Bakıya qayıdandan sonra çevrəsindəki insanlara demişdi ki, mən Gəncəyə gedəndə elə bildim ki, veteranlar mənim yaxamdan tutacaq ki, "Kəpəz"i qaytarın Premyer Liqaya. Amma onların hamısı mənə yaxınlaşıb ancaq iş istədi. Yeri gəlmişkən, həmin veteranlardan birinin klubda rəhbər post tutmasını istəyirdilər. Bir ara bir birlik də yaratmışdılar. Bir dəfə mənə də yığmışdılar ki, bizə dəstək olun, filankəs müəllimin namizədliyini işıqlandırın. Dedim problem yoxdur, siz futbol veteranları bu şəxsi klubun idarə heyətinin sədri görmək istəyirsinizsə, həmin şəxs özü də buna etiraz etmirsə, biz sizin bu istək və təşəbbüsünüzü işıqlandırarıq. Yazı saytda gedəndən sonra həmin namizəd şəxs zəng edib bilirsiniz mənə nə dedi? Mənim adımı elə məsələlərdə hallandırmayın, məni klub rəhbərliyi ilə üz-üzə qoymayın. Sizcə, bu düşüncədə olan biri gəlib Gəncə futbolunu xilas edə bilər? Adam mübarizəsiz klub rəhbəri olmaq istəyir. Bunu qızıl kəcavədə aparıb rəhbər posta aparsınlar. Dedim müəllim, mən səhv elədim o yazını yazdım. Sizin sözünüzdən belə çıxır ki, jurnalistlər, azarkeşlər mübarizə aparıb pis adam olsun, mən hazıra nazir gəlib rəhbər olum.


Bunlar hələ üzləşdiklərimin, gördüklərimin, bildiklərimin heç 10 faizi deyil. Ona görə kiməsə xoş gəlmək üçün o boyda şəhərin futbol ictimaiyyətinə, azarkeşlərinə yalan danışa bilmərəm, orada çox böyük hörmət etdiyim və çox böyük hörmət gördüyüm insanlar var. İlqar Nadiri ən azından cibindən pul xərcləyirdi, bir çox nöqsanları ört-basdır edirdi. Legioner yayda gəlirdi, amma AFFA pulu sentyabrda köçürürdü. Aradakı 2 aylıq xərcləri Nadiri cibindən qarşılayırdı. Yenə deyirəm, dostum deyil, qohumum deyil, yeri gələndə ilk vaxtlar onu mən də kifayət qədər tənqid etmişəm. Amma reallıqları da olduğu kimi demək lazımdı. Bu gün Xvalko gedib "Tobol"la müqavilə bağlayır. O "Tobol" ki, futbolu da, çempionatı da bizdən güclü olan Qazaxıstanı təmsil edir və itirilmiş xalların sayınma görə potensial liderdi. Sən o cür futbolçunu göndərmisənsə, onun yerinə ən azından Rusiya, Ukrayna yüksək liqasında oynamış futbolçu gətirməlisən. Bəs "Kəpəz" kimi gətirib? Müqayisə edin də, gedənlərə baxın, gələnlərə baxın. Yeni gələnlərin içində Xvalko, Papunaşvili, Martins, Ardazaşvili, Paçu, Ba, Rojerio Santos səviyyəsində futbolçular var? Yarı həvəskar səviyyəsli futbolçularla oynayacaqlar Premyer Liqada? Hanı yeni rəhbərliyin, yeni sponsorun qurduğu komanda? Bunları da Nadiri edir? İndi də təzə söz atıblar ortaya: sədr postundan getsə də klubdan ki, getməyib, nə bilim hər işə barmaq edir. İnanın ki, ağ yalandı. Nadirinin barmağı olsa, nə Azər Bağırov postundan gedərdi, nə də Adil Şükürov onun yerinə gələrdi. Bəsdirin də. Bu gün Gəncədə sağlam futbol mühiti yoxdur və o mühit olmayana kimi heç bir sponsor "Kəpəz"ə yaxın gəlməyəcək. Oturub fikirləşən yoxdur ki, necə olur e“RDC”ə "Kəpəz" təklif olunur, ölçüb-biçib son anda imtina edib "İmişli"ni götrürürlər. Sonra "ASTA"ya yenə ilk olaraq "Kəpəz" təklf olunur, onlar da ölçüb-biçib imtina edirlər və "Mingəçevir"İ götrürürlər. Necə olur ki, Nadir Qədimov yeni sədr postunu qəbul edir, iddialı açıqlamalar verir, amma sonradan başını götürüb qaçır. Bunun səbəbini araşdırıb tapmaq lazımdı. Demək ki, hamı Gəncə futboluna, "Kəpəz"ə böyük yük, problem, anarxiya ocağı kimi baxır, ordan qaçır. Hərə bir qruplaşma yaradıb bir yana çəkir. Nadiri gəlib bir az toparlamışdı ona da deyilməyən söz qalmadı. Gəncədə futbolun və güclü komandanın olması üçün ilk növbədə sağlam mühit olmalıdır. Bu mühiti isə Gəncənin sağlam düşüncəli, Gəncə futbolunu ürəkdən sevən insanları, azarkeşləri, futbol ictimaiyyəti yaratmalıdır.


Anar XANLAROV