RU

Əbədi sükut

Elə anlar olur ki, bir insanın itkisi fərdi kədər olmaqdan çıxır, bütöv bir xalqın, coğrafiyanın dərin yarasına çevrilir. Ustad sənətkar Arif Babayevin bu dünyadan köçməsi də məhz belə bir itki oldu.

Onun səsi Ağdamın ovsunuydu. Hər nəğməsində bir vaxtlar həyat qaynayan evlərin, viran qalmış məscidlərin xiffəti vardı. O səs ki tariximizin ən kədərli anlarının canlı şahidi kimi qulaqlarımızdan ruhumuza axırdı. Muğamla ağlayan sənətkarın hər ifası, xüsusən də "Bayatı-Şiraz" Qarabağın fəryadı, millətimizin dərdi, yaralı Vətənin dili idi. Ustad xanəndənin səsində həm də bizi yaşadan bir qüdrət, ümidlərimizi dirildən bir qüvvə gizlənmişdi. Ömrü boyu tək bir mahnını - “Ağdamım mənim”i ifa etsəydi belə xalqın qəlbində xüsusi yeri olacaqdı. 

Arif Babayev muğam oxuyanda sadəcə ifa etmirdi, o, sanki zamanı dondurur, bizi həmin anın içərisinə aparırdı. Səsi o qədər güclü və təsirli idi ki, ifasına başladığı an bütün dünya susur, ürəklər sadəcə onu dinləyirdi. O, hər nəğmə ilə sanki torpağa ruh üfürür, qəlblərimizə sükut hopdururdu. Bu sükut bizi öz daxili dünyamızla, kimliyimizlə, keçmişimizlə, ağrımızla və sevincimizlə üz-üzə qoyurdu.

Bu gün Arif Babayev aramızda yoxdur. Səsini torpaq qədər sevdiyimiz sənətkarı torpağa dəfn etdik. İllərlə həsrətində qaldığımız Ağdam torpağı onun ruhuna sığınacaq verdi. Cismən aramızda olmasa da, səsi hər zaman Azərbaycan muğamında, Qarabağın hər bir daşında, yenidən doğulan Ağdamın hər kərpicində yaşayacaq. Və hər muğam səsləndikcə biz o əbədi sükutun içində Arif Babayevi yenidən eşidəcəyik.

Könlümüzdəki Ağdam həsrətini səsində yaşadıb, qəlbimizə ümid toxumu əkən ölməz sənətkar, ruhun şad olsun...

Günel Abbas

Избранный
12
yeniazerbaycan.com

1Источники