RU

Almaniya Qəzzaya hava yolu ilə humanitar yardımların çatdırılmasına başlayıb

Berlin, 2 avqust, AZƏRTAC

Almaniya Qəzza bölgəsinə hava yolu ilə humanitar yardımların çatdırılmasına başlayıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniya Müdafiə Nazirliyi ilk iki uçuşda ümumilikdə 14 ton ərzaq və tibbi yardım vasitəsinin Qəzza üzərində havadan atıldığını bildirib. Almaniya ordusuna məxsus iki təyyarə İordaniyada yerləşən hərbi bazadan yola düşərək yardım vasitələrini atıb.

Qeyd edək ki, 2024-cü ilin martında da Bundesver tərəfindən ümumilikdə 39 uçuşda 316 ton yardım atılmışdı. Daha sonra quru yolları yenidən açıldığı üçün bu uçuşlara fasilə verilmişdi.

Beynəlxalq təşkilatlar havadan yardımın effektiv olmadığını bildirir. Çünki bu yolla az miqdarda ərzaq göndərilir və xərclər çox yüksəkdir. Quru yolu ilə edilən yardımlardan fərqli olaraq, havadan atılan ərzaqlar konkret insanlara çatdırıla bilmir.

Almaniya Qəzzaya əlavə maliyyə yardım da vəd edib. Xarici işlər naziri Yohann Vadeful BMT-nin Qüdsdəki ofisinə səfəri zamanı BMT-nin Dünya Ərzaq Proqramına (WFP) əlavə 5 milyon avro ayrılacağını bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Almaniyanın Fələstin ərazilərinə göstərdiyi humanitar yardımların dəyəri 330 milyon avrodan çoxdur. Bu vəsaitin 95 faizindən çoxu Qəzza zolağındakı əhalinin ehtiyacları üçün istifadə olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
26
2
azertag.az

3Источники