Avqustun 1-də Qərbi Azərbaycan Amasiya Rayon İcmasının və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə şəhid kapitan Həmid Cəfərlinin döğum günü ilə əlaqədar tədbir və onun xatirəsinə həsr olunmuş “Qəhrəman kapitan Həmid Cəfərli” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Tədbiri giriş sözü ilə açan AVMVİB sədrinin beynəlxalq məsələlər üzrə müavini, “Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov bildirib ki, Azərbaycan xalqı tarix boyu qəhrəman oğulları ilə fəxr edib: “İgid oğullarımız Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda öz əcdadlarının yolunu davam etdiriblər. Onların hər biri bu xalqın qəhrəmanıdır. Onlar haqqında yazılan hər bir kitab, çəkilən hər bir film qəhrəmanlıq dastanının bir boyudur. Belə igidlərdən biri də 44 günlük Vətən müharibəsinin iştirakçısı, əslən Qərbi Azərbaycanın Amasiya rayonu Öysüz kəndindən olan şəhid kapitan Həmid Kərim oğlu Cəfərlidir”.
Digər çıxış edənlər - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İmran Güllübulaqlı, Qərbi Azərbaycan İcmasının üzvləri- Ələsgər Vəliyev, Əhməd Rzayev və digərləri şəhid kapitan Həmid Cəfərlinin 44 günlük Vətən müharibəsindəki şücaətindən, onun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. Bildiriblər ki, şəhidlər ölmür, daim yaşayırlar. Çünki onlar torpağımızı, müstəqilliyimizi qoruyub, bu yolda canlarından keçiblər. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız da hər şeydən əvvəl, onların onların şücaətinin göstəricisidir.
Xatırladaq ki, 1 avqust 1990-cı ildə Bakı şəhərində anada olmuş, Xətai rayonundakı 88 saylı orta məktəbdə 8-ci sinifə qədər təhsil alımış cəsur kəşfiyyatçı kapitan Həmid Cəfərli C.Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub, nizam-intizamı, məsuliyyəti ilə seçilib. O, 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb və Cəbrayıl istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib və Nüzgar kəndinə Azərbaycan Bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində də iştirak edib. Döyüş zamanı iki gün şəxsi heyəti ilə mühasirədə qalıb.
2020-ci il oktyabr ayının 2-də Həmid Cəfərli Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunub. Lakin o: "Müharibə qurtarandan sonra təyinat yerinə gedərəm", - deyib. O, döyüşçü dostlarına deyirmiş ki, müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam. Özünə şəhidlik zirvəsi arzulayan Həmid 27 sentyabrda dostuna yazıbmış: “Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”. Kapitan Cəfərli Həmid Kərim oğlu 5 oktyabr, 2020-ci ildə saat 13.20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhərindəki 2-ci Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sənədli filmə gəldikdə, “Qəhrəman kapitan Həmid Cəfərli” sənədli filminin ssenari müəllifi Rey Kərimoğlu, quruluşçu rejissoru Roman Yaşar, layihənin rəbhəri Şəmistan Əlizamanlı, prodüsseru isə Elmar Hüseynovdur. Qeyd edək ki, filmdə şəhid kapitan Həmid Cəfərlinin ailə həyatı, məktəb illəri, hərbi məktəb və keçdiyi hərbi xidməti haqqında maraqlı və ən yaddaqalan xatirələr lentə alınıb. Filmdə şəhid kapitan Həmid Cəfərlinin keçdiyi döyüş yolu və qəhrəmanlığını əks etdirən real video kadrlar, səs yazıları və fotolardan istifadə olunub.
Həmid Cəfərlinin həyatı yoldaşı Aynurə xanım “İki sahil”in “Belə tədbirlərdə hansı hissləri keçirirsiniz” sualını cavablandırarkən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açmaqla yanaşı, bu sözləri dedi: ”Təbii ki, qürur duyuram. Çünki o, xalqımız, torpaqlarımız uğrunda şəhid olub. Təki Vətən sağ olsun!”
Qeyd edək ki, şəhid kapitanın 3 övladı (Cabbar, Hüseyn, Zeynəb) olub. Onlardan biri- Hüseyn dünyasını dəyişib. Cabbar 4-cü sinif şagirdidir. Zeynəb isə bu il birinci sinifə gedəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”