RU

Bakı və rayon müəllimləri üçün ədalətsiz qərardır Ekspertdən nazirliyə ETİRAZ

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Müəllimlərin işə qəbulu (MİQ) üzrə vakansiya seçimində faktiki yaşayış ünvanının əsas meyar kimi nəzərə alınması təhsil siyasətində illərdir müzakirə olunan “ədalətli seçim prinsipi”nə yeni və çox mübahisəli bir yanaşma gətirir. İndiyə qədər MİQ sistemi rəqabət, topladığı bal əsasında işə qəbul və obyektivlik üzərində qurulmuşdu. Hazırda isə bu yenilik həm hüquqi, həm də sosial baxımdan suallar doğurur və təhsilin keyfiyyətinə, kadrların bölgüsünə birbaşa təsir edir. Elm və Təhsil Nazirliyinin bu qərarı qəbul etməsi, nə cəmiyyətlə, nə müəllimlərlə, nə də ekspertlərlə öncədən müzakirə aparmadan, riskləri dəyərləndirmədən tətbiq etməsi, təkcə idarəetmə boşluğunun deyil, həm də təhsil siyasətində proqnozlaşdırma və planlaşdırmanın yoxluğunun göstəricisidirgöstəricisidir".

Bu sözləri Redaktor.az-a müsahibəsində təhsil eksperti Kamran Əsədov bildirdi.

''Statistik rəqəmlər aydın şəkildə göstərir ki, Bakı şəhərində işləmək üçün MİQ üzrə bal həddi son illərdə orta hesabla 52-60 bal civarında dəyişir, bəzi mərkəzi məktəblərdə isə 65-70 bala qədər yüksəlir. 2023-cü il MİQ nəticələrinə əsasən, Bakı üzrə vakant yerlərə müraciət edənlərin 28%-i bu bal həddinə görə işlə təmin olunmayıb, halbuki rayon yerlərində 10-15% vakansiya boş qalıb. Yeni qayda bu problemi həll etməyi və müəllimləri yaşadığı əraziyə yaxın yerləşdirməklə kadr dövriyyəsini azaltmağı hədəfləyir. Müsbət tərəf kimi göstərilir ki, müəllim öz yaşayış yerinə yaxın işləyərsə, nəqliyyat xərcləri azalacaq, yol yorğunluğu olmayacaq, sosial adaptasiya asanlaşacaq və nəticədə işə davamiyyət yüksələcək. Bu arqument sosial rifah baxımından müəyyən qədər əsaslıdır''.

Ekspert hesab edir ki, MİQ-də ediləcək yenilikdə mənfi tərəflər üstünlük təşkil edir.

Onun sözlərinə görə, yeni qayda faktiki yaşayış ünvanını əsas meyar kimi götürməklə MİQ-in uzun illər ərzində formalaşdırdığı meritokratiya və rəqabət prinsipini zədələyir:

"“Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişmə Qaydaları”na (Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı) görə, işə qəbul namizədlərin topladığı bal əsasında aparılmalı, yalnız bərabərlik halında əlavə meyarlar tətbiq edilməlidir. Bu hüquqi norma yeni mexanizmlə faktiki olaraq pozulur. Eyni zamanda, Əmək Məcəlləsinin 35-ci maddəsində “işə qəbulda bərabər imkanların yaradılması və ədalətli seçim hüququ” təsbit olunub, lakin faktiki ünvan meyarı az bal toplayan müəllimlərə üstünlük verərək, daha yüksək nəticə göstərənlərin hüququnu məhdudlaşdırır. Bu, həm də müəllimlərin motivasiyasına mənfi təsir edir, çünki topladığı balın seçim imkanına təsir etmədiyini görən namizədlər gələcəkdə sistemə etimadını itirə bilər.

Dünya təcrübəsi göstərir ki, müəllimlərin yerləşdirilməsi zamanı faktiki yaşayış yeri yalnız əlavə meyar kimi nəzərə alınır. Məsələn, Türkiyədə MEB tərəfindən keçirilən müəllim yerləşdirmə imtahanlarında əsas seçim bal üzrə aparılır, yalnız eyni bal olduqda faktiki ünvan, ailə vəziyyəti və sosial status kimi kriteriyalar tətbiq olunur. Polşada və Estoniyada da bənzər sistem işləyir: dövlət müəllimləri ucqar və az cəlbedici bölgələrə getməyə təşviq etmək üçün maaş əlavələri, kirayə subsidiyası və nəqliyyat xərclərinin ödənilməsini təmin edir, amma heç bir halda az bal toplayan namizəd yüksək nəticə göstərən birini sıradan çıxara bilmir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi problemin kökünü – bölgələrdə müəllimlərin işləmək istəməməsini və vakansiyaların boş qalmasını – həll etmək əvəzinə, sadəcə seçim qaydasını dəyişməklə “statistik doluluq” yaratmaq istəyir. Bu isə idarəetmə baxımından ən ucuz və ən qeyri-effektiv üsuldur.

Nəticədə, yeni qayda həm Bakı, həm də rayon müəllimləri üçün ədalətsiz situasiyalar yaradır. Bakı üzrə az bal toplayan müəllimlərin işlə təmin olunması üçün üstünlük verilsə də, bu, daha yüksək nəticə göstərən region müəllimlərinin paytaxtda işləmək imkanını məhdudlaşdırır. Eyni zamanda, Bakı müəllimlərinin rayonlara yönləndirilməsi də çətinləşir, çünki faktiki ünvan meyarı orada yaşayanlara üstünlük verir və az bal toplayan paytaxt müəllimi heç bir rayonda seçim edə bilmir. Beləliklə, aşağı nəticə göstərən namizədlər ümumiyyətlə işsiz qala bilər, nəticədə nə bölgələrdə kadr çatışmazlığı həll olunur, nə də paytaxt məktəblərinə ən yaxşı müəllimlərin yerləşdirilməsi təmin edilir".

K.Əsədov qeyd etdi ki, problemin həlli üçün faktiki ünvan yalnız əlavə meyar kimi nəzərdə tutulmalı, əsas seçim bal əsasında qalmalıdır. 

"Əgər məqsəd müəllimlərin yaşadıqları ərazilərdə çalışmasını təmin etməkdirsə, bunun üçün hüquqi məcburiyyət yox, maliyyə və sosial stimullar tətbiq edilməlidir. Məsələn, ucqar kəndlərdə işləyən müəllimlər üçün maaş əlavələri, yol və kirayə xərclərinin ödənilməsi mexanizmi yaradılmalıdır. Türkiyə, Qazaxıstan və Rusiya kimi ölkələrdə bu model tətbiq olunur və nəticədə müəllimlər könüllü şəkildə bölgələrə gedir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi belə uzunmüddətli strategiya hazırlamayıb, nə proqnozları var, nə də maarifləndirmə işi aparır. Bu qərar yenə də “tez və sadə həll görüntüsü” yaratmaq üçündür və müəllimlərin motivasiyasına, təhsilin keyfiyyətinə, işə qəbul prosesinin şəffaflığına ciddi zərbə vurur.

Elm və Təhsil Nazirliyi illərdir bu problemi sistemli şəkildə həll etmək əvəzinə yalnız qaydaları dəyişməklə məsələdən yayınır. Nə real kadr siyasəti var, nə gələcək üçün planlaşdırma, nə də bölgələrdə müəllim cəlbediciliyini artıracaq konseptual yanaşma. Əgər bu yanaşma dəyişməsə, MİQ-in illərlə formalaşdırdığı rəqabət və ədalət prinsipi məhv olacaq, təhsil sistemi isə daha çox subyektiv qərarlarla idarə olunan bir sahəyə çevriləcək",- deyə o, vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
3
redaktor.az

4Источники