RU

“Moskvanın ittihamları Bakı ilə münasibətləri zədələyir” -Zeynal Əmrəliyev

“Son açıqlamalar göstərir ki, Azərbaycanın müstəqil siyasəti bəzi dairələri narahat edir və bu, yeni bir təbliğat kampaniyasının formalaşdırılmasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi ittihamlar da bu kontekstdə dəyərləndirilir. Zaxarova Ermənistanın Qərblə, o cümlədən NATO ilə əməkdaşlığını əsas götürərək, eyni yanaşmanı Azərbaycanla əlaqələndirməyə çalışır. Bu isə tamamilə əsassız və reallıqdan uzaq mövqedir. Azərbaycanın NATO ilə münasibətləri konkret çərçivədə – “Sülh naminə tərəfdaşlıq” proqramı əsasında qurulub. Azərbaycan bu çərçivədə müxtəlif beynəlxalq missiyalarda sülhməramlı fəaliyyət göstərib və bu, zamanında Rusiya tərəfindən də dəstəklənib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığına münasibət bildirib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirməsi halında bunun regiondakı vəziyyətə təsirlərinin də nəzərə alınmalı olduğunu vurğulayıb.

Siyasi şərhçi bildirib ki, hazırkı şəraitdə Azərbaycanın bu əməkdaşlığı davam etdirməsi onun müstəqil xarici siyasətinin tərkib hissəsidir və Ermənistanın atdığı addımlarla heç bir şəkildə eyniləşdirilə bilməz.

“Ermənistanın Qərblə yaxınlaşması, xüsusilə də NATO ilə əməkdaşlıq cəhdləri onun öz daxili və xarici siyasətinin seçimidir. Bu proseslərin Azərbaycanla əlaqələndirilməsi isə məntiqsiz və siyasi manipulyasiya xarakteri daşıyır. Belə yanaşmalar, eyni zamanda, Ermənistan daxilində də çaşqınlıqla qarşılanır və “Azərbaycanın bu məsələlərə nə aidiyyəti var?” sualı gündəmə gəlir. Rəsmi Moskvanın bu kimi bəyanatları, əslində, Bakı ilə münasibətlərə xələl gətirən, gərginliyi artıran bir tendensiyanın tərkib hissəsidir. Halbuki Azərbaycan və Rusiya arasında imzalanmış sənədlər və qarşılıqlı münasibətlərin hüquqi bazası bu cür ittihamları istisna edir. Beynəlxalq hüququn prinsipləri, tərəflər arasında hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlərin davam etdirilməsini tələb edir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
43
aznews.az

1Источники