ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Bu vəziyyəti İran hökumətinin sosial siyasətinin olmaması və dövlət imkanlarının xalq üçün deyil, başqa məqsədlər üçün istifadə edilməsinin bariz nümunəsi kimi qiymətləndirirəm
Urmiya gölünün quruması məqsədli şəkildə həyata keçirilir
Əsas məqsəd azərbaycanlıların həmin bölgələrdən köçürülərək ölkə daxilində dağıdılması, kompakt yaşayış strukturunun pozulmasıdır
İranda su qıtlığı yaranıb. Çaylar və su anbarları quruyub, paytaxtın köçürülməsi müzakirə olunur.
İran hökumətinin mətbuat katibi Fatimə Moxacirani su çatışmazlığını "milli problem" adlandıraraq bunun humanitar və iqtisadi fəlakətə çevrilə biləcəyini bildirib.
O qeyd edib: "Tehranda su ilə bağlı vəziyyət olduqca ağırdır, buna görə də paytaxtı bir həftəlik bağlamağı nəzərdən keçirməyə məcburuq".
"Bağlanma" dedikdə, dövlət qurumlarının, universitetlərin və məktəblərin fəaliyyətinin dayandırılması nəzərdə tutulur. İranın dövlət informasiya agentliyi "Irna" xəbər verir ki, hökumət problemin həlli üçün qeyri-ənənəvi variantlar üzərində düşünür. Təkliflər arasında iş həftəsinin dörd günə endirilməsi və imkan daxilində əməkdaşların məsafədən işləməyə keçməsi də var. Bu tədbirlər su və elektrik enerjisinə qənaət etməyə yönəlib.
Problem demək olar ki, bütün ölkəni əhatə edib. Mütəxəssislərin məlumatına görə, su anbarlarının 80%-i demək olar ki, boşdur. Növbəti iki ay ərzində normal su təchizatı mümkün olmayacaq. Yağışların anbarları doldurması yalnız payızda gözlənilir.
Artıq keçən həftə Tehran da daxil olmaqla 50 şəhərdə suyun verilməsi məhdudlaşdırılıb - fasilələrin ümumi müddəti 12-dən 48 saata qədər dəyişib. Nəticədə ölkənin bir çox sakini şimal bölgələrə, Xəzər dənizi sahillərinə üz tutub, çünki orada su qıtlığı müşahidə olunmur.
Vəziyyətin nə qədər ciddi olduğunu prezident Məsud Pezeşkianın bəyanatı göstərir. O, hətta paytaxtın başqa şəhərə köçürülməsini də istisna etməyib: "Tehranda artıq su yoxdur".
Bu böhranın səbəbləri uzunmüddətli quraqlıq və islamçı diktatura rejiminin ekologiya siyasətidir. Redaksiya heyətinin fikrincə, su infrastrukturuna sərmayə yatırmaq əvəzinə, mollalar Yaxın Şərqdə terrorçu təşkilatların yaradılmasına və silahlandırılmasına pul xərcləyiblər.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Sherg.az-a bildirib ki, nir neçə ildir ki, İranda, xüsusilə də yay mövsümlərində su problemi çox ciddi şəkildə özünü göstərir:
"Bu mövsümdə isə vəziyyət daha kritik hal alıb. Su ehtiyatlarının və su toplanma mənbələrinin tükənməsi ilə bağlı xəbərlər yayılır. Demək olar ki, həm paytaxtda, həm də ölkənin digər bölgələrində əhalinin içməli su ilə təminatında ciddi problemlər yaşanır. Bu vəziyyət ilk növbədə onunla bağlıdır ki, İran dövləti uzun müddətdir öz resurslarını ölkə daxilindən çox xaricə yönəldir. Xaricdə müxtəlif proksi qruplar formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq, eyni zamanda həmin qruplardan siyasi məqsədlər üçün istifadə etmək dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bundan əlavə, İran uzun illərdir ki, sanksiyalar altındadır. Bu şəraitdə enerji, neft və qazdan əldə edilən gəlirlər əhalinin sosial rifahından çox, silah sənayesinə, yeni silahların istehsalına və digər məqsədlərə sərf olunur. Nəticə etibarilə, bu kimi qlobal problemlər, xüsusən də kəskin şəkildə su qıtlığı hiss edilməyə başlayıb. Bu vəziyyəti İran hökumətinin sosial siyasətinin olmaması və dövlət imkanlarının xalq üçün deyil, başqa məqsədlər üçün istifadə edilməsinin bariz nümunəsi kimi qiymətləndirirəm".
Müsahib əlavə edib ki, Urmiya gölünə gəlincə, rəsmi dairələr onun qurumasını təbii proses kimi təqdim etməyə çalışırlar:
"Azərbaycanın milli fəalları, ekoloji fəallar və beynəlxalq təşkilatlar uzun illərdir bu su hövzəsinin məqsədli şəkildə qurudulduğu ilə bağlı həyəcan siqnalı verirlər. Çünki Urmiya gölünün ətrafında Azərbaycan kənd və şəhərləri yerləşir. Bu bölgədə azərbaycanlı əhali kompakt şəkildə yaşayır. Buna görə də tez-tez belə bir mülahizə səsləndirilir ki, mövcud rejim azərbaycanlıların bu bölgədən köçməsini təşviq etmək məqsədilə Urmiya gölünün qurumasına ya biganə yanaşır, ya da bunu məqsədli şəkildə həyata keçirir. Çünki ölkənin digər bölgələrində quruyan su hövzələrinə kilometrlərlə uzaq məsafədən su xətləri çəkilərək həmin göllərin bərpası təmin olunub. Lakin Urmiya gölü ilə bağlı dəfələrlə çağırışlar edilsə də, dövlət büdcəsindən müəyyən vaxtlarda vəsait ayrılsa da, real vəziyyətdə icra olunmayıb. Bu isə onu göstərir ki, Urmiya gölünün quruması məqsədli şəkildə həyata keçirilir. Əsas məqsəd azərbaycanlıların həmin bölgələrdən köçürülərək ölkə daxilində dağıdılması, kompakt yaşayış strukturunun pozulmasıdır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.