RU

Yüz ildə bir dünyaya gələn sənətkar: “Ölkəmiz üçün ağır itkidir”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

“Mən dünən son dəfə onu ziyarət etdim. 

Hiss etdim ki, vəziyyəti yaxşı deyil. Sanki halallaşdıq… Bu onun son nəfəsi idi. Bu gün isə gördüyünüz kimi, onunla vidalaşdıq. Hər şey Allahın əlindədir. Allah ruhunu şad etsin. Gözəl insanlar heç vaxt unudulmur, unudula da bilməz. Arif müəllim həm insan, həm də sənətkar kimi mükəmməl idi. O, ümumxalq sevgisini qazanmış bir insan idi”.

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov ustad sənətkar, Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı deyib.

O bildirib ki, bu, mədəniyyətimiz və ölkəmiz üçün çox ağır bir itkidir:

“Belə sənətkarlar yüz ildən bir dünyaya gəlir. Arif müəllim böyük şəxsiyyət, ictimai xadim, sənətkar və müəllim idi. O, özündən sonra bir muğam ifaçıları ordusu yetişdirib.

Elə gözəl ifaları var ki, bu gün onun muğamları, mahnıları, təsnifləri qızıl fondda yer alır. Bu insan həyatının heç bir dəqiqəsini boşuna keçirmədi. Ömrünü yalnız mədəniyyətimizə həsr etdi.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər Məcnun kimi çıxış edib, milli musiqimizi bütün dünyada təbliğ edib. Uzun müddət Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının müdiri olub və bizim rəhbərimiz kimi çalışıb.

2005-ci ildən başlayaraq 9-cu Muğam Müsabiqəsinə qədər birgə münsif kimi fəaliyyət göstərmişik. Həm bölgələrdə seçim turlarında, həm də yarışma həftələrində daim bir yerdə olmuşuq, yoldaşlıq etmişik, xarici ölkələrə birlikdə səfərlərə çıxmışıq. Bu, həqiqətən də çox ağır itkidir”.

Xatırladaq ki, dünən 9-cu Muğam Televiziya Müsabiqəsinin 12-ci yekun həftəsindəki çıxışı zamanı Xalq artisti Mənsum İbrahimov ustad sənətkar Arif Babayevin səhhətindən narahatlığını ifadə etmiş və ona Allahdan şəfa diləmişdi.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Arif Babayev Mənsum İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
cebheinfo.az

2Источники