RU

Faizləri özləri təyin edir, girovu alırlar – Bəs lombardlara kim nəzarət edir?

Son illərdə banklardan kredit ala bilməyən vətəndaşlar çıxış yolu kimi lombardlara üz tuturlar. Lakin lombardlardan pul götürən insanlar daha ağır maliyyə çətinlikləri ilə qarşılaşdıqlarını bildirirlər. Şikayətlər səngimir. Ümumiyyətlə, lombardların fəaliyyəti hansı qanunvericiliklə tənzimlənir? Bu qurumların faiz dərəcələrinə, girov qaydalarına və borcalanların hüquqlarına dövlət tərəfindən nəzarət varmı? Ümumiyyətlə,insanlar çıxılmaz vəziyyətə düşdükdə hansı maliyyə qurumuna müraciət etsə,daha yaxşı olar?
Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki,faiz dərəcələri yüksək olsa da, ən yaxşı borc verən strukturlar hələ də banklardır. Onun sözlərinə görə, nisbətən ən ucuz kreditləri banklar təqdim edir:
“Bəs nə üçün insanlar banklardan kredit götürə bilmir?
Gəlin məsələyə buradan başlayaq. Birincisi, mümkündür ki, həmin şəxs əvvəllər götürdüyü krediti qaytarmayıb. Bu halda onun kredit tarixçəsi pozulur və bank ona təkrar kredit vermək istəmir. İkincisi, ola bilər ki, vətəndaşın gəliri azdır, amma yüksək məbləğdə kredit istəyir. Bu zaman bank risk görür. Üçüncüsü isə, bəzən şəxsin gəliri var, amma rəsmi deyil. Bu da bank üçün problemdir.
Banklar müştəriyə kredit verməyə maraqlıdır, amma normal, yəni ödəmə qabiliyyəti olan müştəri axtarır. Əgər vətəndaşın borcu qaytarmaq imkanı yoxdursa və bu, bank üçün risk yaradırsa, təbii ki, ondan uzaq durmağa çalışırlar.
Burada söhbət əsasən istehlak kreditlərindən gedir. Biznes və ya ipoteka kreditlərində vəziyyət bir qədər fərqlidir. Bu kredit növləri üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydalar var və hər müştəriyə kredit verilmir. Əgər şəxsin rəsmi gəlirləri aylıq ödəniş qrafikinin 45 faizinə qədərdirsə, rahat şəkildə kredit ala bilər. Xüsusi hallarda bu göstərici 70 faizə qədər artırıla bilər. Ancaq bundan artıq olduqda kredit verilmir”.
 
Ekspert Xalid Kərimli əlavə edib ki, bankların kredit vermədiyi müştərilər daha sonra BOKT-lara (Bank Olmayan Kredit Təşkilatlarına) üz tuturlar:
“Çünki BOKT-lar riskli müştərilərə də kredit verir. Üstəlik, onlarda banklar kimi gəlir-borc nisbəti tələbi yoxdur. Bu səbəbdən də vətəndaşlara kredit götürmək daha rahat görünür. Lakin BOKT-larda faizlər banklara nisbətən daha yüksəkdir – banklardakı faizlərə əlavə olaraq 3-5 faiz bəndi üstünə gəlirlər.
Bank kreditindən imtina alan vətəndaş daha sonra BOKT-a, oradan da kredit ala bilmədikdə lombarda üz tutur. Hətta bəzən birbaşa banka paralel şəkildə lombarda da müraciət olunur. Lombardlar isə girov əsasında kredit verir. Onların fəaliyyəti qanunla – konkret olaraq Mülki Məcəllə ilə tənzimlənir. Yəni bu sahədə hüquqi boşluq yoxdur. Lombardlar Mərkəzi Banka tabe olmasalar da, müstəqil sahibkarlıq subyektləri olaraq fəaliyyətlərini Mülki Məcəllə çərçivəsində qururlar. Əgər vətəndaşın girovla bağlı hüququ pozularsa və ya borcu vaxtında qaytardığı halda girovu geri ala bilmirsə, bu zaman məhkəməyə müraciət edə bilər. Məhkəmə dövlətin vətəndaşın hüquqlarını qoruyan və ədaləti təmin edən strukturudur.
Bəzən düşünürlər ki, lombardlar nəzarətsiz fəaliyyət göstərir. Amma belə deyil – ölkə “dərəbəylik” şəraitində idarə olunmur. Əgər vətəndaşın hüququ pozularsa, məsuliyyətə cəlb edilə bilərlər. Faiz dərəcələrinə isə bazar özü nəzarət edir – lombard vətəndaşa şərtlər təklif edir, vətəndaş qəbul etmirsə, götürmək məcburiyyətində deyil.
Ümumiyyətlə, ölkədə kredit verən əsas üç struktur var: banklar, BOKT-lar və lombardlar. Onların hamısı müəyyən qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Amma bir məsələni xüsusi vurğulamaq lazımdır: kreditlər çıxılmaz vəziyyətdə olan insanlara görə verilməməlidir. Əgər bir şəxs çarəsiz vəziyyətdədirsə, kredit yox, əmlak satışı və ya xərclərin optimallaşdırılması yolunu seçməlidir. Kredit yalnız geri qaytarılacağı təqdirdə vətəndaşa verilir. Məqsəd insanı daha da borc bataqlığına salmaq deyil”.
 
“İnsan özünü çıxılmaz vəziyyətə salmamalıdır. Borc – hədiyyə deyil, faizlə və öhdəliklə verilən bir maliyyə alətidir. Kredit götürən şəxs bu borcu qaytarmaq məsuliyyətini daşıyır. Ona görə də hər bir insan bu qərarı verərkən düşünməlidir ki, gələcəkdə ödəniş qabiliyyətini itirdikdə çətin vəziyyətə düşə bilər.
Unutmayaq ki, insan şüurlu varlıqdır. Onsuz da qanunvericilik imkan vermir ki, əqli çatışmazlığı olan və ya 18 yaşına çatmayan şəxslərə borc verilsin. Kredit yalnız yetkin, işləyən və gəliri olan şəxslərə təqdim edilir. Deməli, vətəndaş özü qərar verərkən məsuliyyətli davranmalı, gəlir-xərc balansını düzgün hesablamalıdır.
Əgər şəxs əmək qabiliyyətini itirib, əlilliyi varsa və işləyə bilmirsə, bu zaman ona dövlət sosial dəstək göstərir. Amma sırf kredit götürüb lüks istehlak malları – məsələn, bahalı telefon və ya geyim – almağa çalışan insanlara bu riskin məsuliyyəti dövlətin və ya başqa qurumların üzərinə düşmür. Bu artıq şəxsi qərar və şəxsi məsuliyyətdir”,- deyə iqtisadçı əlavə edib.
 
Mehin Mehmanqızı
 
Избранный
30
moderator.az

1Источники