Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.
Sfera.az “Axşam.az”a istinadən xəbər verir ki, buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli tənqid etməsi olub.
Bloger sonuncu dəfə məhkəmə qərarını paylaşıb və ondan razı qalmadığını bildirmişdi.
Aysel yenidən Oqtaya qarşı iddia qaldırdığını deyib:
"Haqqını qorumaq, şəxsiyyətini və adını təmiz saxlamaq üçün səssizliyi sındırmalı olursan. Bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsində qarşı tərəf barəmdə irəli sürdüyü bütün iddiaları bir-bir danmışdı. Gah deyirdi “mən Aysel Şükürova haqqında danışmamışam”, gah deyirdi “başqa Aysel idi”, gah da məsuliyyəti üzərindən atıb “kimsə öz üzərinə götürübsə, bu mənim problemim deyil” kimi ifadələrlə ziddiyyətli və əsassız müdafiə göstərmişdi. Məhkəmə isə sübutların kifayət etmədiyini əsas gətirərək işə xitam vermişdi.
Ancaq bu məsələni burada buraxmadım. Vəkilimlə birgə Apellyasiya Məhkəməsinə müraciət etdik. Bu gün səhər saatlarında keçirilən məhkəmə prosesində 3 hakim qarşısında bir daha gördüm ki, yalan nə qədər gizlədilsə də, bir gün özünü ələ verir. Qarşı tərəf yenə eyni taktikanı seçdi, dediklərini dandı".
Aysel apellyasiya məhkəməsində qalib gəldiyini deyib:
"Amma bu dəfə biz susmadıq. Topladığımız bütün sübutları, əlimizdə olan videoları, şahidlərin mövcudluğunu ortaya qoyduq. Və Apellyasiya Məhkəməsində qalib gəldik. İş yenidən Nəsimi Rayon Məhkəməsinə qaytarıldı.
Bugünkü mühüm qalibiyyət mənim üçün çox şey ifadə edir. Sadəcə qanuni mübarizəm deyil, həm də bir qadın olaraq öz ləyaqətimi, adımı və şəxsiyyətimi qorumaq uğrunda atdığım güclü bir addımdır. Qarşı tərəfin o anda donub qalan üz ifadəsini görmək belə hər şeyə dəyərdi. Amma bu son deyil.
Bu sadəcə başlanğıcdır. Mən bu yolu axıra qədər gedəcəyəm. Çünki bəzi insanlarla anladığı dildə danışmaq lazımdır".
Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi.