Sea Breeze

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Argentina Respublikası, Avstriya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Norveç Krallığı, Özbəkistan Respublikası, Polşa Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib

Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycan Respublikasına məhsul ixrac edə biləcəklər. Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb.

Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq.

Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.

ETX
ETX
ETX