RU

Ortaq miras sadəcə keçmişin izi deyil

Biz bu mirası həm qorumaq, həm də gələcək nəsillərə ötürmək üçün məsuliyyət daşıyırıq

On birinici yazı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılan layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımızı bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin on birincisi oxuculara təqdim edilir.

Bu məqalədə türk dünyasının ortaq dəyərlərinin qorunub, gələcəyə aparılması üçün hansı addımların atılmalı olduğuna aydınlıq gətirməyə çalışacayıq.

Mövzu üzrə ilk həmsöhbətimiz Azərbaycan Respublikası Milli Məclsinin üzvü, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərovdur. Məlumat üçün bildirək ki, Vüqar İskəndərov CASCFEN-in layihə çərçivəsində ŞKTC-də keçirdiyi “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransın əsas məruzəçilərindən biri olub.

Vüqar İskəndərov: Bu zəngin irs yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır

Beləliklə, “Türk dünyasının ortaq mirasını qorumaq üçün nə etməliyik” sualına cavab verən müsahibimiz öncə “mən ilk növbədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq etmək istəyirəm. Agentlik cənab Prezident İlham Əliyevin türk dünyası ilə bağlı siyasətinə dəstək olaraq lazımlı və tarixi işlər görür” dedi.

Millət vəkili eyni zamanda “CASCFEN-nin dəvəti ilə layihə çərçivəsində ŞKTC-də keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransda iştirak və çıxış etdim. ŞKTC Prezident Sarayında qardaş ölkənin Prezidenti Ersin Tatarın və digər rəsmi şəxslərin iştirakı ilə məhsuldar bir konfrans keçirildi. Bir daha əmin oldum ki, CASCFEN bu sahədə öz sözünü deməkdə davam edəcək” deyə bildirdi.

Konkret suala gəlincə, V.İskəndərov dedi ki, bu, yalnız mədəni deyil, həm də siyasi, strateji və mənəvi məsuliyyət tələb edən bir məsələdir. Çünki Türk dünyası – Altay dağlarından Anadoluya, Qafqazdan Balkanlara, Sibir düzənliyindən Orta Asiyanın geniş bozkırlarına qədər uzanan böyük bir mədəni-sivilizasiya coğrafiyasıdır. Bu coğrafiya əsrlər boyu ortaq dil, ortaq inanc sistemləri, həyat tərzi, incəsənət və ədəbiyyat nümunələri ilə formalaşmış bir ortaq mədəni yaddaşı yaşatmaqdadır: “Lakin bu zəngin irs yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır. Biz bu mirası həm qorumaq, həm də gələcək nəsillərə ötürmək üçün məsuliyyət daşıyırıq”.

İlk addım təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi olmalıdır

Millət vəkili dedi ki, bu istiqamətdə atılmalı olan addımlar bir neçə istiqaməti əhatə etməlidir: “İlk addım təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi olmalıdır. Ortaq tarix, ədəbiyyat və mədəniyyət dərsləri bütün türk dövlətlərinin təhsil proqramına daxil edilməlidir. Eyni zamanda, türk dünyası üzrə ortaq terminologiyanın formalaşdırılması zəruridir. Yəni, əlifba birliyi istiqamətində atılan addımlar, xüsusilə latın qrafikasının ortaq istifadə forması dəstəklənməlidir”.

V.İskəndərov əlavə etdi ki, ortaq mədəniyyət layihələri həyata keçirilməlidir: “Filmlər, teatr əsərləri, festivallar və sərgilər vasitəsilə Türk dünyasının ortaq mədəniyyəti daha geniş kütlələrə çatdırılmalıdır. Xüsusən gənc nəslin marağını cəlb etmək üçün rəqəmsal platformalarda ortaq məzmunlar istehsal olunmalıdır”.

Birgə səylər gücləndirilməli, elm və tədqiqat işlərinə dəstək artırılmalıdır

Bildirildi ki, vacib məsələlərədn biri də ortaq mirasın qorunması üçün beynəlxalq səviyyədə birgə səylərin gücləndirilməsidir: “UNESCO səviyyəsində ortaq irsimizin tanıdılması və qorunması üçün türk dövlətləri birgə layihələr təqdim etməlidir. Maddi və qeyri-maddi irsin siyahıya alınması üçün ortaq mərkəzlər qurulmalıdır. Təbii ki, bu məsələdə Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə də mühüm vəzifələr düşür. Yəni TDT-nin mədəniyyət və irs sahəsindəki layihələri daha da gücləndirilməli, üzv dövlətlərin mədəniyyət nazirlikləri arasında daimi əlaqələr, koordinasiya mexanizmləri qurulmalıdır”.

Müsahibimiz bildirdi ki, türk xalqlarının tarixi, dili və mədəniyyətinə dair birgə elmi araşdırmalar, simpoziumlar və nəşrlər təşviq olunmalıdır.

“Nəticə olaraq, onu deyim ki, ortaq miras sadəcə keçmişin izi deyil, gələcək birliyimizin də bünövrəsidir. Əgər bu mirası qorumaq istəyiriksə, sadəcə sözlə deyil, əməli layihələrlə, birgə səylərlə, təhsil, mədəniyyət və elm platformalarında əməkdaşlıqla hərəkət etməliyik. Çünki ortaq köklərini unudan millətlərin gələcəyi olmaz. Biz bu gün ortaq mirasımızı qoruya biləriksə, sabah ortaq gələcəyimizi inşa edə bilərik. Bununla da həmçinin Ailəmizin bünövrəsini möhkəmləndiririk. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Bizim ailəmiz Türk dünyasıdır” deyə V.İskəndərov sonda əlavə etdi.

Dr. Muzaffer Yurttaş: Bütün bunlar bizə sabaha daha ümidlə baxmağa əsas verir

Mövzu ilə bağlı ikinci həmsöhbətimiz Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Manisa şöbə başqanı, 24-cü dönəm Manisa millət vəkili Dr. Muzaffer Yurttaş da “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin mühüm önəm kəsb etdiyini dedi: “Hesab edirəm ki, bu layihə müasir dövrdə türk dünyasının daha dərin inteqrasiyası prosesində də atılacaq addımlardan biri kimi yadda qalacaq. Əminəm ki, türk dünyasının gələcəyi olan uşaq, yeniyetmə və gənclər layihə boyu səslənən fikirlər, qələmə alına yazılar, hazırlanan verilişlər, həmçinin edilən çıxışlardan özləri üçün bir dəyərli qeydlər tutublar. Layihə çərçivəsində türk dünyası tələbələri arasında “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda məqalə yarışmasına da böyük maraq göstərilib. Bütün bunlar isə bizə sabaha daha ümidlə baxmağa əsas verir”.

Konkret suala gəlincə müsahibimiz dedi: “İyulda Manisada layihə çərçivəsində könüllərimizi birləşdirən xüsusi bir mövzu ətrafında toplaşmışdıq: “Bizim ailəmiz Türk dünyasıdır.” Bu ifadə yalnız bir şüar deyil, min illərlə yaşı olan bir tarix, mədəniyyət, dil və taleyin ortaq təcəssümüdür. Bizlər, Orxon-Yenisey kitabələrində daşlara həkk olunmuş nəsihətlərlə başlanan, Dədə Qorqudun rəvayətlərində səslənən, Xoca Əhməd Yəsəvinin hikmətləri ilə formalaşan böyük bir mədəniyyət ailəsinin üzvləriyik. Oğuz Xanın bayrağı altında birləşən ruh bu gün Qazaxıstan çöllərində də yaşayır, Azərbaycanın nəğmələrində də, Krım dastanlarında da, Anadolu şeirlərində də…”

Bu məqamda ailə anlayışı daha da dərin məna qazanır

Dr.Muzaffer Yurttaş dedi ki, biz yalnız Türk dünyasının müxtəlif bölgələrindəki qardaşlarımızla ortaq bir irsi paylaşmaqla kifayətlənmir, eyni zamanda ortaq bir gələcəyi qurmaq məsuliyyətini daşıyırıq: “Mədəniyyət, dil, ədəbiyyat və ailə kimi əsas dəyərlər bu gələcəyin möhkəm təməl daşlarını təşkil edəcəkdir. Elə bu məqamda ailə anlayışı daha da dərin məna qazanır. Ailə yalnız ana, ata və övladlardan ibarət deyil, eyni kökdən gələn, eyni dərdlə dərdlənən, eyni sevgini paylaşan böyük bir topluluqdur. Bizim ailəmiz yalnız evimizdəki insanlarla məhdudlaşmır; Bakıdan Urumçiyə, Almatıdan Qaqauziyaya, Kərkükdən Kiprə qədər uzanan geniş bir Türk millətidir. Bu səbəbdən deyirik ki: Ailəmiz Türk Dünyasıdır”.

Bunlar Türk gəncliyi üçün atılmış addımlardır

Qeyd olundu ki, bu ailə, tarix boyunca yalnız döyüş meydanlarında deyil, şeirdə, musiqidə, nağıllarda, nəsrdə, kəlamda, adət-ənənədə və dualarda da birlikdə olub: “Bu ortaq irsi qorumaq və gələcək nəsillərə çatdırmaq ən böyük vəzifəmizdir. Çünki dilimizi yaşatmaq, millətimizi yaşatmaq deməkdir. Ədəbiyyatımızı diri saxlamaq, kimliyimizi diri saxlamaq deməkdir. Bu gün bu çatı altında apardığımız fəaliyyətlər, sabahın güclü, şüurlu, mədəniyyətinə sahib çıxan Türk gəncliyi üçün atılmış təvazökar, lakin mənalı addımlardır. Atdığımız hər addım, yazdığınız hər kəlmə, oxuduğumuz hər nəğmə böyük Türk millətinin ortaq gələcəyinə tutulmuş bir işıqdır. Unutmayaq ki, dili bir, könlü bir, tarixi bir millətin gələcəyi də bir olacaqdır”.

Müsahibimiz “Son olaraq həm keçmişimizə işıq salan, həm də gələcəyimizə istiqamət verən bu layihənin reallaşması üçün dəstək göstərən Azərbaycan dövlətinə, o cümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Əminəm ki, bu cür layihələr davamlı olacaq” deyə əlavə etdi.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Избранный
34
4
ucnoqta.az

5Источники