RU

“Tez və rahat diplom” vədləri: Pul qarşılığında diplom əldə etmək istəyənlərin sayı artır -RƏY

Kamran Əsədov: Bu gün Azərbaycanda diplom real bilik və bacarığın göstəricisi olmaqdan çıxıb

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib. 
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1.2-ci bəndində müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması tələbi qeyd olunur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Qaydalara əsaslanaraq, inzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə ərizəçilərin təqdim etdikləri rəsmi sənədlərin agentikliyini (həqiqiliyini) müəyyən etmək üçün kvalifikasiyaların aid olduğu xarici ölkələrin ali təhsil müəssisələrinə müvafiq sorğular göndərilir. Sorğulara daxil olmuş cavab məktublarında, xarici ölkələrin təhsil müəssisələrindən əldə olunmuş sənədlərin autentik olmadığı müəyyən edildiyi təqdirdə kvalifikasiyaların tanınmasından imtina olunur.
Agentliyin Nizamnaməsinə əsasən öz fəaliyyəti ilə əlaqədar sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunduğundan, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilir.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirdi ki, Son illərdə Azərbaycanda xarici diplomların tanınması prosesi ətrafında ciddi problemlər üzə çıxır və 53 nəfərin saxta diplom təqdim etməsi ilə bağlı faktın rəsmi təsdiqi artıq sistemin nə qədər zəif və nəzarətsiz olduğunu göstərir:

“Təhsil bazarında real təhsil almadan pul qarşılığında diplom əldə etmək istəyənlərin sayı artır, buna paralel olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Elm və Təhsil Nazirliyi vəziyyətə yalnız faktlar üzə çıxanda reaksiya verir, preventiv tədbirlər görmür. Rəqəmlər göstərir ki, təkcə 2023-cü ildə Azərbaycana təqdim edilən xarici diplomların 6000-dən çoxu araşdırılıb və onlardan təxminən 1%-nin saxta olduğu təsdiqlənib. Bu rəqəm ilk baxışdan kiçik görünə bilər, amma nəzərə alsaq ki, bu yalnız aşkarlanan hallardır, real miqyasın daha geniş olduğunu qəbul etmək lazımdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil müəssisələrinin verdiyi təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na əsasən tanınma prosesi universitetin akkreditasiyası, təhsil proqramının qanunvericiliyə uyğunluğu, tədris yükü və kredit sistemi, təhsil müddəti və forması kimi meyarlar üzrə aparılmalıdır. Lakin bu qaydalar kağız üzərində qalır. Real vəziyyətdə təqdim olunan sənədlərin əksəriyyəti yalnız formal sorğular vasitəsilə yoxlanılır, diplom verən ölkənin rəsmi dövlət reyestrləri ilə sürətli və effektiv məlumat mübadiləsi hələ də tam təmin olunmayıb. Qanunvericilikdə “saxta təhsil sənədlərinə görə məsuliyyət” nəzərdə tutulsa da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsində saxta sənəd istifadəsinə görə cəza göstərilsə də, xaricdən gətirilən saxta diplomların əksəriyyətində real cinayət təqibi aparılmır və məsələ yalnız tanınmamaqla yekunlaşır. Bu isə başqalarına açıq mesajdır ki, saxta sənədlə şansını sınamaq mümkündür və çox da ciddi nəticəsi olmayacaq. Dünya təcrübəsinə baxdıqda, inkişaf etmiş ölkələrdə bu proses tamamilə elektronlaşdırılıb və diplomların doğrulanması üçün beynəlxalq məlumat bazaları ilə birbaşa əlaqə qurulub. Məsələn, Avropa İttifaqı ölkələrində ENIC-NARIC şəbəkəsi vasitəsilə hər bir diplom saniyələr ərzində verən universitetin akkreditasiya statusu ilə müqayisə olunur. ABŞ-da “National Student Clearinghouse” və digər milli reyestrlər bütün universitetlərin verdiyi diplomların real vaxtda təsdiqini təmin edir. Bu ölkələrdə “diploma mill” adlandırılan, pul qarşılığında diplom verən qurumların fəaliyyətinə qarşı ciddi hüquqi sanksiyalar tətbiq olunur, belə müəssisələrə müraciət edənlər işə qəbulda avtomatik olaraq diskvalifikasiya edilir. Azərbaycanda isə saxta diplom təqdim edən şəxslər barədə məlumat ictimaiyyətə açıqlansa da, bu prosesdən sonra həmin şəxslərin hansı hüquqi məsuliyyət daşıdığı, dövlət strukturlarında və ya özəl sektorda işə qəbul zamanı qarşılaşdığı maneələr barədə konkret mexanizmlər yoxdur”.

Ekspertin sözlərinə görə Problem daha çox MDB və Şərqi Avropa ölkələrinin bəzi universitetləri ilə bağlıdır:
“Ukrayna, Rusiya, Qırğızıstan, Qazaxıstan və Gürcüstanda fəaliyyət göstərən, real tədris prosesi aparmadan, distant və ya “tezləşdirilmiş proqram” adı altında diplom verən özəl qurumların sənədləri ən çox şübhə doğuranlar siyahısındadır. Bu faktlar artıq təkrar-təkrar üzə çıxır, amma Elm və Təhsil Nazirliyi bu ölkələrdəki şübhəli universitetlərin adlarını rəsmi qara siyahıya salmır, həmin diplomlarla bağlı preventiv xəbərdarlıq etmir, vətəndaşları maarifləndirmir. Nəticədə insanlar hələ də “tez və rahat diplom” vədlərinə inanır, dövlət isə fakt üzə çıxana qədər susur. Bu passiv mövqe həm təhsilin nüfuzuna, həm də real ali təhsil almış gənclərin əmək bazarındakı ədalətli rəqabətinə ciddi zərbə vurur. Müsbət tərəf ondan ibarətdir ki, TKTA son illərdə müəyyən qədər elektron yoxlama sistemlərini tətbiq etməyə başlayıb, bir sıra diplomların saxtalığı aşkar olunub və rədd edilib. Lakin bu, problemin qarşısını alan yox, yalnız nəticəsini aradan qaldıran bir tədbirdir. Əgər preventiv yanaşma olsa, yəni Azərbaycanda xarici universitetlər üzrə “etibarlı ali təhsil müəssisələri reyestri” yaradılıb ictimaiyyətə açıqlansa, vətəndaşlar saxta diplom təhlükəsinə qarşı əvvəlcədən xəbərdar edilər, problem bu həddə çatmazdı. Dəyişiklik üçün əsas məsələ tam elektronlaşdırılmış, beynəlxalq bazalarla inteqrasiya olunmuş yoxlama sisteminin qurulması, saxta diplom təqdim edənlərə qarşı Cinayət Məcəlləsinin sərt tətbiqi və saxta diplom verən universitetlərin adlarının ictimaiyyətə açıq elan edilməsidir. Əks halda, Elm və Təhsil Nazirliyi və TKTA yalnız “aşkarlanandan sonra reaksiya verən” qurum kimi qalacaq, təhsilin keyfiyyətinə və dövlət strukturlarında insan resurslarının dürüstlüyünə etimad daha da azalacaq. Bu gün Azərbaycanda diplom real bilik və bacarığın göstəricisi olmaqdan çıxıb, bəzi hallarda yalnız kağız parçasına çevrilib. Elm və Təhsil Nazirliyi isə bu məsələdə hələ də konseptual yanaşma və uzunmüddətli proqnozlardan məhrumdur”.
Избранный
40
1
sherg.az

2Источники