RU

Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə “E-Polis” mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Artıq bu yeniliklər sayəsində işğaldan azad edilmiş bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə vətəndaşlar Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərlər. Bunun üçün tətbiqə daxil olub, ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanası seçilməlidir. “Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir. Səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək. Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb “Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa, birbaşa oraya, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək.”E-Polis” tətbiqinin günü-gündən yenilənən funksiyalarından faydalanın, yolunuz açıq və təhlükəsiz olsun”, - deyə məlumatda vurğulanıb.

Избранный
11
49
operativmm.az

10Источники