Ajans.az xəbər verir ki, ABŞ və Fransa da daxil olmaqla 14 ölkə iyulun 31-də İranın Avropa və Şimali Amerikadakı dövlət dəstəyi ilə həyata keçirdiyi təhdid və fəaliyyətləri pisləyən birgə bəyanat yayıb. Buna cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsmail Baqai İrana qarşı dəfələrlə səsləndirilən “əsassız və gülünc iddiaları” qınayaraq, bunları başqalarını günahlandırmaq və ictimai rəyin diqqətini günün ən mühüm məsələsindən — yəni İsrailin Fələstində törətdiyi soyqırım cinayətlərindən yayındırmaq üçün açıq cəhd adlandırıb. Təhlükəsizliklə bağlı İrana yönəlmiş ittihamları rədd edən sözçü bildirib: “ABŞ, Fransa və bəyanatı imzalayan digər ölkələr beynəlxalq hüquqa zidd olaraq terrorizmi dəstəkləyən, terrorçu və zorakı qruplara ev sahibliyi edən dövlətlər kimi özləri məsuliyyət daşıyırlar.” İranlı yüksək səviyyəli diplomat həmçinin, son vaxtlar İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilmiş təcavüz aktlarına və Qəzzada davam edən soyqırıma işarə edib. O bildirib ki, bu hadisələrə bəyanatı imzalayan ölkələrin ya aktiv dəstək göstərməsi, ya da susqun qalması fonunda İrana qarşı yönəlmiş ittihamlar uydurmadır və "İranofobiya" kampaniyasının bir hissəsi kimi irəli sürülür. Məqsəd isə İran xalqına təzyiq göstərməkdir. Sözçü, nəhayət, Qərb ölkələrinin İrana qarşı bu addımını beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi dəyərləndirib və bəyanatı imzalayan ölkələrin bu qeyri-etik və məsuliyyətsiz davranışlarına görə cavabdeh tutulmalı olduğunu bildirib. İrana qarşı birgə bəyanatı imzalayan ölkələr bunlardır: ABŞ, Birləşmiş Krallıq, Albaniya, Avstriya, Belçika, Kanada, Çex Respublikası, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, İspaniya və İsveç.