RU

Fəxrəddin Veysəlli: 12 yaşına kimi uşağa əlavə dil öyrətmək cinayətdir

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avqustun 1-i Azərbaycan Dili və Əlifbası Günüdür. Günün mahiyyətini və dilimizdə baş verən islahatların müsbət və mənfi tərəflərini öyrənmək üçün dilçi alim Fəxrəddin Veysəlli ilə söhbətləşdik.

Fəxrəddin Veysəlli vurğulayıb ki, ana dilinə diqqət son illərdə artsa da, xarici dillərin təsiri ilə dildə müəyyən təhriflər müşahidə olunur. O, xüsusilə gənc nəslin dil mədəniyyətinə diqqət yetirməsinin vacibliyini, qloballaşma şəraitində isə Azərbaycan dilinin qorunması üçün dövlət, təhsil və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğunu bildirib. Dilçi alim, həmçinin əlifba islahatlarının milli şüura təsirindən, sosial mediada dilin təhrifindən, dilə sevginin ailə və məktəbdə formalaşmasının önəmindən danışıb.

Filologiya elmləri doktoru, professor, dilçi alim Fəxrəddin Veysəllinin Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Fəxrəddin müəllim, 1 Avqust - Azərbaycan Dili və Əlifbası Günü nəyi ifadə edir? Bu günün ictimai və elmi baxımdan əhəmiyyəti nədədir?

- Bu, Azərbaycan xalqının milli kimliyini, mədəni müstəqilliyini və dilinə olan dövlət qayğısını simvolizə edən mühüm gündür. Onun qeyd olunması həm ictimai, həm də elmi baxımdan önəmlidir. Çünki bu gün dilçiliyin inkişafı, leksikologiya və terminologiyanın zənginləşdirilməsi baxımından elmi tədqiqatların stimullaşdırılması üçün bir çağırış günü kimi dəyərləndirilir.

- Sizcə, ana dilinə münasibət son 20 ildə dəyişibmi?

- Müsbət məqamlardan danışsaq, Azərbaycan dili Konstitusiya ilə dövlət dili statusunu qoruyur. Rəsmi sənədlər, televiziya, məhkəmə, təhsil kimi sahələrdə dilin istifadəsi tam təmin olunub. Dil haqqında dövlət proqramları qəbul edilib, ali və orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatına diqqət artıb. Latın qrafikasına keçid tam oturuşub. 1990-cı illərin sonunda başlanan əlifba islahatı 2000-lərdən sonra tamamlanıb və latın qrafikası həm rəsmi, həm də ictimai sahədə geniş tətbiq olunmağa başlayıb. Bu keçid dilin standartlaşdırılmasına və informasiya texnologiyalarında istifadəsinə şərait yaradıb.

Mənfi tərəflərdən danışsaq, texnologiyanın və sosial medianın təsiri ilə ingilis, rus və türk dillərindən keçən sözlərin artması müşahidə olunur. Bu isə ədəbi dilin pozulması, qarışıq dilin yayılması və normativ qaydalardan uzaqlaşma ilə nəticələnə bilər. Gündəlik danışıqda dialektlərin, arqo və yarımçıq cümlələrin artması, bəzi gənclərin öz fikrini səlis ifadə edə bilməməsi narahatlıq doğurur.

Bir sıra sahələrdə (texnologiya, tibb, hüquq) müasir terminlərin Azərbaycan dilində qarşılığı ya yoxdur, ya da istifadə olunmur, bu da dildə bərabər inkişafın qarşısını alır.

- Azərbaycan dilinin keçdiyi tarixi yol xalqın kimliyinə necə təsir edib?

- Müstəqillik əldə edildikdən sonra xalqın milli özünüdərk prosesi gücləndi və 1992-ci ildə yenidən latın qrafikasına keçid başladı. Bu, həm siyasi müstəqilliyin simvolu, həm də milli-mədəni dirçəlişin vacib mərhələsi kimi qəbul olundu. Latın qrafikası dünyaya inteqrasiya, müasir texnologiyalarla uyğunlaşma və ortaq türk dünyası ilə yaxınlaşma imkanı verdi. Azərbaycan dilinin əlifba dəyişikliyi prosesi xalqın milli kimliyinə, tarixi yaddaşına, mədəni irsə çıxışına və dünyaya münasibətinə birbaşa təsir edib. Əlifba, sadəcə, simvollar deyil, xalqın düşüncə tərzi, kimlik daşıyıcısı və mədəni irs körpüsüdür.

- Bəs əlifba dəyişiklikləri milli şüura və savadlanmaya necə təsir göstərib?

- Əvvəlcə onu deyim ki, hər bir əlifba dəyişikliyi yalnız texniki deyil, ideoloji və mədəni bir prosesdir. 1920-30-cu illərdə latın əlifbasına keçid isə maarifləndirmə prosesinə ciddi təkan verdi. Savadlanma artdı, qəzetlər, kitablar daha sadə və aydın formada çap olunmağa başladı. Bu dövr xalqın milli oyanışı və dilə sahib çıxması baxımından mühüm mərhələ idi. Amma sovet dövründə kiril qrafikasına keçid milli şüura zərbə vurdu. Əvvəlki latın və ərəb qrafikasında yazılmış ədəbiyyatla əlaqə kəsildi. Nəticədə bir nəsil öz kökünü, mədəni yaddaşını oxuya bilmədi. Bundan əlavə, kiril əlifbası rus dilinə yaxınlaşdırıldığı üçün ruslaşdırma siyasətinin bir alətinə çevrildi.

1990-cı illərdə müstəqilliklə birlikdə latın əlifbasına dönüş isə milli şüurun dirçəlməsi, keçmişlə bağların bərpası və türk dünyası ilə inteqrasiyanın mühüm bir addımı oldu. Bu, həm də azərbaycançılıq ideyasının möhkəmlənməsinə xidmət etdi. Əlifba, sadəcə, yazı sistemi deyil, o, xalqın kimliyinin, tarixi yaddaşının və milli şüurunun daşıyıcısıdır. Hər dəyişiklik bizim yaddaşımıza bir iz salıb.

- Bugünkü latın qrafikalı əlifbamızda elmi və praktiki baxımdan çatışmazlıqlar varmı?

- Latın dilində artıq qrafemlər var. Bu isə o deməkdir ki, bəzi səsləri ifadə etmək üçün əlavə hərflər və ya kombinasiyalar tətbiq olunur. Bizim əlifbamızda "ə" hərfi artıqdır. Onu "ä" ilə əvəz etmək olar. "Ə" hərfi yalnız Azərbaycan dilinə xas olsa da, texniki baxımdan bir çox beynəlxalq klaviaturalarda mövcud deyil. Bu, xüsusilə kompüter texnologiyasında və beynəlxalq sənədlərdə problem yaradır. Qeyd etdiyim məsələlər beynəlxalq platformalarda və xarici dillərə inteqrasiya zamanı problemlər yaradır.

Digər tərəfdən, artıq qrafemlərin mövcudluğu dilin öyrənilməsində və yazılı ünsiyyətdə də bəzi problemlərə yol aça bilir. Məsələn, eyni səs fərqli qrafemlərlə ifadə olunduqda dil öyrənənlər üçün çaşqınlıq yarada bilər. Bu səbəbdən əlifba islahatları zaman-zaman aktual qalır. Məqsəd həm milli xüsusiyyətləri qorumaq, həm də beynəlxalq uyğunluğu təmin etməkdir.

- Müasir Azərbaycan dilində sizi ən çox narahat edən problemlər hansılardır?

- Dilimizin məişət səviyyəsində deformasiyasını deyə bilərəm. Gündəlik danışıqda Azərbaycan dilinin qrammatik normalarının pozulması, qarışıq dil (rus, ingilis və s.) istifadəsi, xüsusilə gənclər arasında loru və təhrif olunmuş üslubun yayılması ciddi nöqsanlardır. Bundan başqa, sosial şəbəkələrdə və mesajlaşmalarda dilin təhrif olunması, orfoqrafik və sintaktik qaydalara əməl edilməməsi, dilin normativliyinə biganəlik inkişafa aparmır. Onu da deyim ki, ədəbi dil və danışıq dili arasında uçurum var.

- Gənclərin dil mədəniyyəti və sosial şəbəkələrdə dilin pozulması barədə nə düşünürsünüz?

- Sosial şəbəkələrdə dilə münasibət çox səthi və məsuliyyətsizdir. Orfoqrafik qaydalara əməl olunmur, sözlərin tələffüzü, yazılışı təhrif edilir. Gənclər arasında qarışıq dildən - yəni Azərbaycan, rus və ingilis sözlərinin birlikdə istifadəsindən geniş istifadə olunur. Halbuki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin daşıyıcısıdır. Əgər biz bu kimliyi qorumaq istəyiriksə, dilə olan münasibətimiz dəyişməlidir.

- Dövlət idarələrində, mediada və təhsildə dil normalarına əməl olunmaması ilə bağlı fikriniz nədir?

- Dövlət idarələrində, mediada və təhsil sistemində dilə münasibət nümunəvi olmalıdır. Təəssüf ki, bəzi hallarda rəsmi sənədlərdə, televiziya çıxışlarında və dərs prosesində dil normalarına əməl olunmur. Bu, həm cəmiyyətin ümumi dil savadına, həm də dövlətin dil siyasətinə zərər vurur. Dilin düzgün istifadəsi yalnız filoloqların və ya müəllimlərin işi deyil, hər bir qurum və vətəndaşın borcudur. Xüsusən media və təhsil sahəsində olanlar ədəbi dilə daha məsuliyyətli yanaşmalıdırlar, çünki cəmiyyətin dil zövqü onların təqdimatından formalaşır. Bunun üçün də qaydalar sərtləşdirilməlidir.

- Orta məktəblərdə Azərbaycan dili tədrisinin vəziyyətini necə qiymətləndirirsiniz?

- Lazımi səviyyədə deyil. Şagirdlər əzbərlədikləri qaydaları gündəlik nitqə tətbiq etməkdə çətinlik çəkirlər. Dərsliklər bəzən şagirdin yaş səviyyəsinə uyğun hazırlanmır, dilin funksional və kommunikativ tərəfləri isə yetərincə öyrədilmir.

Bundan başqa, tədrisdə praktiki vərdişlərə deyil, nəzəriyyəyə üstünlük verilməsi nəticəsində şagirdlər yazılı və şifahi nitq bacarıqlarını inkişaf etdirə bilmirlər. Müəllim hazırlığında da bəzi boşluqlar var ki, bu da dilin düzgün və mənimsənilən şəkildə öyrədilməsinə mənfi təsir göstərir. Bəzən müəllimlər özləri ləhcə ilə danışırlar.

- Dilə sevgi necə formalaşmalıdır? Bu prosesdə ailənin və müəllimin rolu nə qədər vacibdir?

- Dilə sevgi uşaq yaşlarından formalaşmalıdır. Bu prosesdə ilk növbədə ailənin rolu əvəzsizdir. Uşaq ana dilini ilk dəfə evdə eşidir, onunla ilk ünsiyyəti valideyn qurur. Əgər ailə daxilində Azərbaycan dilinə sevgi və hörmət hissi aşılanırsa, uşaq da bu dəyərləri mənimsəyir. Məktəb və müəllim isə bu təməlin üzərində dayanan ikinci mühüm dayaqlardır. Müəllim yalnız qaydaları öyrətməklə kifayətlənməməli, eyni zamanda, dili sevdirə bilməlidir. Bədii ədəbiyyata maraq yaratmaq, dilin zənginliyini və ifadə imkanlarını göstərmək bu sevgini gücləndirir. Dilə məhəbbət təkcə bir ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin ayrılmaz hissəsi kimi aşılanmalıdır.

Bir məsələni də qeyd edim. 12 yaşına kimi uşaqlara əlavə dil öyrətmək cinayətdir. Elmi baxımdan da sübut edilib ki, bu yaş dövründə uşaq ana dilini tam mənimsəməli, onun leksik və qrammatik strukturunu dərk etməlidir. Ana dili şüurda möhkəmlənmədikcə ikinci bir dilin öyrədilməsi həm düşüncə tərzini, həm də ifadə qabiliyyətini zəiflədir. Bu yaşda uşaq iki və ya daha çox dili paralel öyrəndikdə dil qarışıqlığı baş verir. Bu da öz növbəsində nə yazı, nə nitq bacarıqlarında, nə də məntiqi düşünmədə sabitlik yaradır. Ana dili üzərində möhkəm dayanmayan bir insanın digər dilləri sağlam şəkildə öyrənməsi də çətinləşir. Odur ki, ilkin mərhələdə yalnız Azərbaycan dilinə fokuslanmaq, onun bütün incəliklərini öyrətmək daha vacib və məqsədəuyğundur.

- Qloballaşma şəraitində Azərbaycan dili necə qorunmalıdır?

- Dövlət səviyyəsində Azərbaycan dilinin statusunun qorunması və inkişafı üçün qanunvericilik bazası möhkəmləndirilməlidir, dilin tədrisi, istifadə sahələri və mediada önəmi artırılmalıdır. Məktəblərdə və ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirilməli, dil biliklərinin səviyyəsi yüksəldilməli, eyni zamanda, çoxdilliliyi təmin edərkən ana dilinə üstünlük verilməlidir.

Azərbaycan dilinin internetdə, sosial şəbəkələrdə, proqram təminatlarında, tətbiqlərdə və digər rəqəmsal resurslarda geniş istifadəsi təmin edilməlidir. Qloballaşmanın gətirdiyi dil qarışıqlığından qorunmaq üçün Azərbaycan dilinin orfoqrafiya, qrammatika və leksika normalarına ciddi riayət olunmalıdır.

- Xarici dillərin təsiri ilə dilimizdə gedən dəyişikliklər zənginləşmədir, yoxsa təhrif?

- Azərbaycan dilində baş verən dəyişiklikləri yalnız "təhrif" kimi qiymətləndirmək düzgün deyil. Dil hər zaman inkişaf edən, canlı və dinamik bir sistemdir. Xarici dillərlə təmas nəticəsində dilimizdə yeni sözlər, ifadələr, anlayışlar yaranır və bu, dilin zənginləşməsinə gətirib çıxara bilər. Lakin burada vacib olan məsələ odur ki, bu dəyişikliklər dilin əsas strukturuna, qrammatikasına və ifadə imkanlarına zərər verməsin. Əgər xarici sözlər və ifadələr dilin orijinallığını, səlisliyini və aydınlığını pozursa, o zaman bu, təhrif kimi qiymətləndirilə bilər. Xarici təsirlərdən düzgün istifadə edərək dilimizi zənginləşdirmək mümkündür. Bunun üçün dilin norma və qaydalarına riayət olunmalı, dilin özünəməxsus xüsusiyyətləri qorunmalıdır. Yəni xarici sözlərin dilimizə inteqrasiyası zəruri və qaçılmazdır, amma bu proses diqqətli və məqsədyönlü aparılmalıdır ki, dil təhrif olunmasın, əksinə, zənginləşsin.

- Son olaraq gənc nəslə və oxuculara nə tövsiyə edərdiniz?

- Azərbaycan dili bizim milli sərvətimizdir. Onu qorumaq, yaşatmaq və inkişaf etdirmək hər birimizin borcudur. Dilə hörmətlə yanaşın, onun zənginliyini, incəliklərini öyrənin, gündəlik danışıqda və yazıda ana dilimizin normalarına sadiq qalın. Xarici dillərdən, müasir texnologiyalardan istifadə edərkən belə, milli dilimizin özünəməxsusluğunu itirməməsinə diqqət yetirin. Kitab oxumaq, ədəbiyyatla məşğul olmaq, milli mədəniyyətimizi dərindən tanımaq dilə bağlılığı gücləndirəcək. Unutmayın ki, dilimizi qorumaq - kimliyimizi, tariximizi, ruhumuzu qorumaqdır.

Daha çox foto burada: PhotoStock.az

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
2
oxu.az

3Источники