RU

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun Azərbaycan üzrə qiymətləndirmələr apardığını və cari ildə nəşr olunacaq hesabata ölkəmizin də daxil ediləcəyini bildirib.

Sonra DVX-nin rəis müavini Samirə Musayeva Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş işlər barədə məlumat verib. Bildirib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin edilməsi məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri hazırlanıb. Layihələrdə təsis payının özgəninkiləşdirilməsi (alğı-satqı, bağışlama müqavilələri və s.) və yüklü edilməsi ilə bağlı müqavilələrin proaktiv olaraq qeydiyyat orqanı tərəfindən notariat orqanından alınması və reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması nəzərə alınıb. Hazırda həmin sənədlər razılaşma mərhələsindədir. Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunması üçün DVX ilə Mərkəzi Bank və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə məqsədi daşıyan texniki imkanın yaradılması istiqamətində işlər davam etdirilir.

İşçi qrupun üzvləri, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Seymur İsmayılov və Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin rəisi vəzifəsini icra edən Qismət Qurbanov xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron Apostil Proqramı vasitəsilə yoxlanılmaqla tərcüməsinin notarius tərəfindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması ilə bağlı görülmüş işlər barədə məlumat veriblər.

İşçi qrupun üzvü, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Ruhlan Nəbiyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gələrək XİN tərəfindən “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi və həmin sistem üzərindən təqdim olunan sənədlərin qeydiyyat orqanına göndərilməsinədək həyata keçirilən bütün zəruri işlərin yekunlaşdırılması üzərində görülmüş işlər barədə danışıb.

İclasda 2025-ci il üzrə müvafiq yol xəritəsi ilə bağlı qarşıda duran vəzifələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Benefisiar mülkiyyətçi barədə məlumatlara dair “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklər müzakirə olunub.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (//azranking.az/az/working-groups).

Избранный
29
7
fins.az

8Источники