RU

Niyə Azərbaycan kanalları öz peykində yer ala bilmir? - Rəsmi

2013-cü ilin fevralında Azərbaycanın ilk kosmik uğuru – “Azerspace-1” peyki orbitə buraxıldı. Ardınca “Azerspace-2” peyki də ölkənin informasiya və rabitə imkanlarını gücləndirmək məqsədilə fəaliyyətə başladı. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, orbitdə iki milli peykimiz olsa da, əksər regional televiziya kanalları və internet televiziyalarımız hələ də bu peyklər vasitəsilə yayımlana bilmir. Bu gün dünyada gedən müasir müharibələr artıq silahla yox, informasiya ilə aparılır. Belə bir şəraitdə milli informasiya təhlükəsizliyimizin önündə dayanan televiziya kanalları – xüsusilə də regionlarda fəaliyyət göstərən media qurumları öz platformalarını xarici peyklərdən almaq məcburiyyətində qalır. Bəs niyə Azərbaycanın iki peyki mövcud olarkən, regional və internet kanallarımız digər ölkələrin peykləri vasitəsilə yayımlanır?
 
Moderator.az-a danışan İKT üzrə tanınmış mütəxəssis Elvin Abbasov bildirib ki, “Azerspace” peykimizin mövcudluğu strateji baxımdan çox önəmlidir, lakin bəzi regional və internet kanallarımızın bu peyk üzərindən yayımlana bilməməsi təkcə texniki deyil, eyni zamanda iqtisadi və inzibati amillərlə də bağlıdır. Onun sözlərinə görə, Azerspace-də yayımlanmaq üçün kanalların müəyyən texniki tələblərə — məsələn, uplink keyfiyyəti, siqnal stabilliyi, format standartları və digər mühüm parametrlərə cavab verməsi tələb olunur. Bu da kiçik büdcəli və resurs məhdudiyyəti olan kanallar üçün əlavə yük yaradır:
“Yayımla bağlı ödəniş məsələsinə gəlincə, burada həm texniki, həm də kommersiya yanaşması mövcuddur. “Azerspace” dövlətə məxsus olsa da, fəaliyyətində gəlir əsaslı model izlənir. Əgər peyk xidməti özünü rentabelli aparmasa, bu da davamlılığı sual altına ala bilər. Amma burada balansı tapmaq lazımdır. Regional və internet kanalların informasiya təhlükəsizliyi baxımından xarici peyklərdən asılı qalması istər-istəməz risk doğurur. Bu həm kontentə müdaxilə, həm də yayımın kəsilməsi kimi texniki təhlükələrlə nəticələnə bilər.
Tövsiyəm odur ki, regional və aşağı büdcəli kanallar üçün ayrıca bir “sosial paket” və ya subsidiyalı yayım mexanizmi qurulsun. Bu paket vasitəsilə kanallar “Azerspace” üzərindən daha əlçatan şərtlərlə yayımlana bilərlər. Paralel olaraq texniki maarifləndirmə və dəstək mexanizmləri də aktivləşdirilməlidir. Çünki bu tip kanalların yayım imkanlarının artırılması informasiya pluralizminin gücləndirilməsi və milli informasiya təhlükəsizliyi baxımından son dərəcə vacibdir”.
 
Məsələ ilə bağlı “Azərkosmos”dan bildirilib ki, peyk üzərindən istər internet kanallarının, istərsə də regional televiziya kanallarının yayımlanması prosesi tam olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydalar əsasında tənzimlənir:
“Hər bir telekanalın peyk üzərindən yayımlanması üçün aidiyyatı üzrə müvafiq yayım lisenziyanın əldə edilməsi zəruridir. Bu lisenziya olmadan heç bir telekanal peyk üzərindən yayıma başlaya bilməz.
Hazırda "Azerspace-1" və "Azerspace-2" peykləri üzərindən müvafiq lisenziyası olan bir sıra regional kanallarımız yayımlanır.
Milli audiovizual mühitin inkişafı “Azərkosmos”un da əsas prioritet istiqamətlərindən biridir.
Lisenziyası olan və peyk üzərindən yayımla bağlı texniki tələblərə cavab verən istənilən telekanal Azərkosmosa müraciət edərək Azərbaycan peyklərində yayım xidməti ala bilər və müraciət edən bütün kanallara müvafiq dəstək göstərməyə hazırıq.
Əlavə olaraq bildiririk ki, "Azerspace" peykləri üzərindən Gürcüstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Belarus və digər ölkələrin kanalları da yayımlanır”.
 
Mehin Mehmanqızı
 
Избранный
25
moderator.az

1Источники