RU

Azərbaycanda ilk dəfə Moldovanın quraqlığa və xəstəliklərə davamlı üzüm sortları sınaqdan keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞŞETİ) Şamaxı Təcrübə Stansiyasında Moldovanın abiotik və biotik amillərə davamlı yeni üzüm sortlarından ibarət nümayiş üzüm bağı salınıb.

Bunu “Report”a institutun direktoru Vüqar Səlimov deyib.

Onun sözlərinə görə, son dövrlərdə qlobal iqlim dəyişikliyi nəticəsində yağıntıların miqdarında qeyri-mütənasiblik və ciddi azalmalar müşahidə olunur. Bu da kənd təsərrüfatı bitkiləri, o cümlədən üzümçülük üçün ciddi təhlükə yaradır:

“Son tədqiqatlar göstərir ki, stress faktorları arasında quraqlığın təsiri son illərdə artaraq 26 %-ə yüksəlib. Quraqlığın güclü olduğu illərdə məhsul itkisi 50 %-ə qədər çata bilər. Belə şəraitdə üzümçülükdə ekoloji risklərin müəyyənləşdirilməsi, onların təsirinin azaldılması və preventiv tədbirlərin hazırlanması əsas tədqiqat istiqamətlərindən birinə çevrilməlidir”.

ÜŞŞETİ-nin direktoru qeyd edib ki, institut tərəfindən quraqlığa davamlı sortların seçilməsi və yaradılması, uyğun sortların introduksiyası və iqlimləşdirilməsi istiqamətində işlər görülür. Eyni zamanda, kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubət toplanılması və saxlanılması, tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki və torpaq becərmə tədbirlərinin tətbiqi, suya qənaət edən innovativ texnologiyaların təşviqi həyata keçirilir:

“Seleksiya proqramlarında dəyişiklik edilərək quraqlığa davamlı yeni üzüm sortlarının yaradılması, genofondun bu baxımdan gücləndirilməsi, calaqaltı və calaqüstü sortların uyğunlaşdırılması vacib hesab olunur. Həmçinin torpaq becərmələrinin, qış-payız və yaz yağıntılarından səmərəli istifadə olunaraq torpağın su balansaının qorunması, optimal kultivasiya vaxtları və miqdarının müəyyənləşdirilməsi, transpirasiya səviyyəsinin aşağı salınması məqsədilə diferensial aqrotexniki yanaşmalar tətbiq edilir. Üzümçülükdə aqrokimyəvi mübarizə üsulları və preparatların sınağı, dəmyə şəraitində üzümçülüyün inkişafı, yüksək dağlıq ərazilərdə becərmə imkanlarının araşdırılması, nəmlikqoruyucu üsulların tətbiqi və s. tədbirlər həyata keçirilir”.

V. Səlimov əlavə edib ki, bu gün dünyada üzüm seleksiyasında əsas istiqamətlərdən biri də ekoloji stresslərə - quraqlıq, duzluluq, xəstəlik və zərərvericilərə davamlı sortların yaradılması və tətbiqidir. Bu məqsədlə institut Moldova Respublikasının Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Üzümçülük, Bağçılıq və Qida Texnologiyaları Elmi-Praktiki İnstitutu, eləcə də “Vitis Kojuşna” MMC ilə əməkdaşlıq çərçivəsində Moldovanın 9 üzüm sortunu (Plavay, Viorika, Qara Fetyaska, Kloriçika, Luminiçka, Fetyaska Muskatnaya, Kopçak, Legenda, Moldova) Şamaxı rayonu dəmyə şəraitində sınaq məqsədilə əkib.

“Calaqaltı CO4 olan 90 tingin dəmyə şəraitində inkişafı, xəstəlik və zərərvericilərə, yüksək temperatura, quraqlığa davamlılıq kimi xüsusiyyətləri öyrəniləcək. Bu sortların inkişafı, məhsuldarlığı, keyfiyyəti və adaptiv xüsusiyyətləri qiymətləndirilməklə üzümçü fermerlərə nümayiş etdiriləcək. Yüksək nəticələr göstərən sortların isə təsərrüfatlarda tətbiqi tövsiyə olunacaq. Ölkəmizdə texniki üzüm sortlarının məhdudluğu fonunda bu cür kompleks xüsusiyyətlərə malik sortların geniş tətbiqi böyük perspektiv vəd edir”, - deyə institut direktoru bildirib.

Избранный
12
report.az

1Источники